Əsas Səhifə > Güney Press > "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur,

"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur,


Bu gün, 16:44
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur,
"Ermənistanda müxtəlif güc mərkəzlərinin cəmlənməsi toqquşmaya aparan bir yoldur. Gec və ya tez bu baş verəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Avropa İttifaqının Ermənistandakı missiyasının müddətini uzatmaq istiqamətində atdığı addımların qarşısını almaq üçün Azərbaycanın atmalı olduğu addımları şərh edərkən deyib.

Həmsöhbətimiz bildirir ki, gec-tez mövcud durum Ermənistan üçün problem yaradacaq:

"Görürük ki, Ermənistan çox təhlükəli bir siyasət aparır. Bu təhlükə bir çox məqamlarla bağlıdır. Rəsmi İrəvan hazırda müxtəlif güc mərkəzləri - İran, Avropa İttifaqı, ABŞ, Rusiya və Türkiyə ilə aktiv siyasət aparır. Bu fonda da adıçəkilən həmin dövlətlərin əksəriyyətini öz ərazisinə dəvət edir. Ermənistanda İranın ticarət mərkəzləri fəaliyyət göstərir, müxtəlif yerlərdə bu ölkənin konsulluğu açılır, onunla müəyyən layihələr həyata keçirilir. İrəvan həmçinin Rusiya ilə hərbi məsələdə geniş əməkdaşlığı davam etdirir. Avropa İttifaqının missiyası da ordadır. Onların da fəaliyyət müddəti daha 2 il uzadıldı. ABŞ-ın da bu ölkədə böyük bir səfirliyi fəaliyyət göstərir. Hamı birmənalı olaraq onu da qeyd edir ki, Ermənistanda eyni zamanda, Amerikanın kəşfiyyat mərkəzi də var. Bir sözlə, müxtəlif güclər qarışıq şəkildə Ermənistana dəvət olunublar. Bu baxımdan, gec və ya tez mövcud durum Ermənistan üçün problem yaradacaq.

Ermənistan sərhədində yerləşən Aİ missiyası nümayəndələri müşahidə edir, binoklla baxır. Eyni zamanda, onların anti-Rusiya fəaliyyəti də göz qabağındadır. Düşünürəm ki, bəzi məqamlarda düşmən hansısa səhvləri edirsə, ona mane olmaq lazım deyil, qoy səhv etməkdə davam etsin. Düzdür, istənilən halda təbii ki, müdaxilə edəcəyik. Amma bəllidir ki, Ermənistanda müxtəlif güc mərkəzlərinin cəmlənməsi toqquşmaya aparan bir yoldur. Gec və ya tez bu baş verəcək".

Qeyd edək ki, Avropa İttifaqının Ermənistandakı mülki missiyasının fəaliyyəti müddəti daha 2 il artırılaraq 2027-ci ilin fevralına qədər uzadılıb. Bununla bağlı Azərbaycanın hər hansı bir razılığını almayıblar. Yəqin ki, Azərbaycan bu müstəvidə həmin missiyanın müddətinin uzadılmasının qarşısını almaq üçün müəyyən addımlar atıb.

Heç kimə sirr deyil ki, Aİ daxilində Macarıstan və Slovakiya kimi ölkələr tez-tez qurumun həyata keçirmək istədiyi müxtəlif məsələlərə qarşı çıxaraq, ona ya "veto" qoyur, ya da bunun müqabilində təşkilatdan bəzi imtiyazlar qoparmağa çalışır. Belə vəziyyətlə xüsusən də Aİ-nin Rusiyaya münasibətdə atdığı addmlar fonunda rastlaşmaq olar. Dəfələrlə, Budapeşt və indi də Bratislava qurumun Moskvaya qarşı sanksiyalarına qarşı çıxıb. Bu əsasda Bakı da həmin ölkələrlə işləyib, Aİ daxilində öz maraqlarına zidd qərarların verilməsinə əngəl ola bilər.

Geri qayıt