Əsas Səhifə > Güney Press > Paşinyanın ABŞ-yə plansız səfəri...
Paşinyanın ABŞ-yə plansız səfəri...Bu gün, 14:00 |
Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-də səfərdədir. Baş nazirin ABŞ rəhbəri Donald Trampla, yaxud Dövlət katibi ilə görüş təşəbbüslərinin baş tutmadığı deyilir. Paşinyan yenə də bir sıra görüşlər keçirib. Məsələn, Vaşinqtonda “Save Armenia” təşkilatının üzvləri ilə görüşüb. Deyib ki, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olmasının ABŞ-nin siyasi elitası üçün prioritet olacağına ümid edir. Paşinyan qeyd edib ki, Ermənistanda ideoloji dəyişiklik baş verir və bu dəyişiklik ilk növbədə hakimiyyətdə gedir. Onun sözlərinə görə, Ermənistan 44 günlük müharibədə məğlubiyyətdən keçərək, müstəqil, suveren dövlətə sahib olmaq imkanı qazanıb. “Hraparak” nəşri yazıb ki, Ermənistan hakimiyyəti Paşinyan və Tramp arasında görüş təşkil etmək üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışıb. Bu məqsədlə nüfuzlu erməni əsilli Respublikaçılar da bu işə cəlb olunub. Ancaq cəhdlər uğursuz olub. Bildirilib ki, Paşinyan amerikalıları fakt qarşısında qoymaq üçün Vaşinqtona yollanaraq “artıq gəlmişəm, məni qəbul edin” prinsipi ilə hərəkət edir. Onu da deyək ki, Paşinyanın erməni icması ilə görüşünü boykot edənlər də olub. Politoloq Fuad Abbasov "Sherg.az"a deyib ki, Nikol Paşinyanın ABŞ-yə səfəri plansız idi. Ekspertin sözlərinə görə, Ermənistan baş nazirinin ABŞ rəhbəri D.Trampla baş tutmayan görüşü də bunu sübut etdi: "Bunun bir çox səbəbi ola bilər. Hazırda Tramp administrasiyası bir çox qanunsuz miqrantı ölkədən çıxarır. Sayları onminlərlə olan ermənilərin bir çoxu da Trampın qərarına kimi leqallaşmağa imkan tapmayıb. Böyük ehtimal, Paşinyan həmin ermənilərin ABŞ-də qalması və leqallaşdırılması üçün müəyyən görüşlərə, təmaslara ümid edirdi. Ələlxüsus da Prezident D.Trampla görüşmək niyyəti güdürdü. Hələlik belə bir görüş baş tutmayıb. Ermənistan baş nazirinin erməni icması ilə görüşdə səsləndirdiyi fikirlər də mühümdür. Paşinyanın "Ermənistan məğlubiyyətdən keçərək, müstəqil, suveren dövlətə sahib olmaq imkanı qazanıb" ifadəsi birbaşa Rusiyanın bostanına atılmış daşdır". Analitikə görə, bu o deməkdir ki, müharibə dövrünədək, "Qarabağ klanı" Ermənistanı Rusiyadan asılı vəziyyətə salmış, uzun illər Moskvanın bir vassalı olmuşdular: "Paşinyan artıq bu vassalıqdan qurtulduqları və Qərbə, ABŞ-yə itaət göstərməyə hazır olduqları mesajını verir. Baş nazir demokratikləşmə yönündə addımlar atdığını da diqqətə çatdırır. Bir növ Ağ Evə çağırış edir ki, "gəlin Cənubi Qafqazda bizdən strateji nöqtə kimi istifadə edin". Bu, Ermənistan hökumətinin illərdir apardığı siyasətin tərkib hissəsidir. Gah Rusiyanın, gah da ABŞ və Avropanın əlaltı ölkəsi olmaq niyyətlərini açıq göstərirlər. Bu səfər də İrəvanın Vaşinqtona bağlılığını bildirmək, yaltaqlanmaq məqsədi daşıyır". Geri qayıt |