Əsas Səhifə > Güney Press > Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir:

Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir:


Bu gün, 17:08
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir:
Suriya üzərində nəzarət uğrunda mübarizə artıq amansız xarakter almağa başlayıb. Bəşər Əsəd rejiminin devrilməsindən sonra bu məsələ daha da aktuallaşmış kimi görünür. Çünki Əsəd rejiminin birdəfəlik sıradan çıxarılması Suriyada situasiyanı ciddi şəkildə dəyişib. Hər halda, yeni keçid hökumətinin qurulmasına qədər Suriyada daha çox dörd ölkə hərbi-siyasi iradə sahibi idi. Və əsas qarşıdurma xarakterli rəqabət də məhz bu dörd ölkə arasında cərəyan edirdi.

Onu da qeyd etmək lazımdır ki, Əsəd rejimi dövründə Suriyada hegemon mövqelərə malik iki dövlət - Rusiya və İran artıq bu ölkəni tərk edib. İran Suriyada bütün proxy qüvvələrini tamamilə itirib. Rusiyanın isə Suriyada siyasi-ideoloji dayaqları qalmayıb. Kreml indi Suriyada olan hərbi bazalarını da çıxartmaq məcburiyyətindədir. Və bu, Rusiyanın yalnız Suriyada deyil, həm də ümumiyyətlə, Yaxın Şərqdə geopolitik təsir mexanizmlərinin ləğv edilməsi anlamı daşıyır.

Digər tərəfdən, Suriyada geridə qalan mərhələnin hüquqi-siyasi təftişi Rusiya üçün əlavə beynəlxalq problemlər də vəd edir. Belə ki, Kremlin uzun illər ərzində israrla dəstəkləyib, mövcudluğunu təmin etdiyi Əsəd rejimi saysız-hesabsız dəhşətli bəşəri cinayətlər törədib. Yəni, Rusiya Əsəd rejiminin həmin cinayətlərinə dolayısı və ya birbaşa şərik çıxıb. Deməli, Kreml bütün bunlara görə də cavab verməli olacaq.

Məsələ ondadır ki, Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa bu barədə prinsipial mövqeyini artıq ortaya qoyub. Belə ki, Kremlin Rusiya hərbi bazalarının Suriyada qalmasını razılaşdırmaq üçün Dəməşqə göndərdiyi yüksək rütbəli rus diplomatlara Əsəd rejiminin bəşəri cinayətləri xatırladılıb. Üstəlik, Rusiyanın da cinayətkar rejimi dəstəklədiyi əsas gətirilərək, kompensasiya tələb olunub. Eyni zamanda, Kremldən Rusiyaya sığınmış cinayətkar prezident Bəşər Əsədin Suriyaya təhvil verməsinin vacib olduğu vurğulanıb. Və bununla da Suriya Rusiya üçün artıq qapanmış geopolitik məkana çevrilib.

Maraqlıdır ki, ABŞ-ın da Suriyadan çıxma ehtimalı artıq inandırıcı görüntülər almağa başlayıb. Belə ki, Ağ Evin yeni sahibi Donald Tramp hələ prezident seçkilərindən sonra ABŞ hərbi bazalarını Suriyadan çıxaracağını bəyan etmişdi. Pentaqon buna müqavimət göstərməyə çalışsa da, prezident Donald Tramp bu məsələdə mövqeyini dəyişmək niyyətində olmadığını biruzə verir. ABŞ-ın müdafiə naziri dəyişdirildikdən sonra isə Pentaqon bu məsələ ilə bağlı xüsusi plan hazırlamağa da başlayıb. Və həmin plana görə, ABŞ hərbi bazaları Suriyadan təxminən üç ay sonra çıxarılmağa başlaya bilər.

Göründüyü kimi, Suriyaya heç bir aidiyyatı olmayan kənar güclər bu ölkəni tədricən tərk etmək məcburiyyətində qalıb. Belə situasiya birmənalı şəkildə Türkiyənin milli təhlükəsizlik maraqlarına tamamilə cavab verir. Ən azından ona görə ki, ABŞ, Rusiya və İran Suriyada Türkiyənin milli təhlükəsizlik maraqlarını təhdid edən PKK/YPG terror təşkilatını dəstəkləyir. Bu üç ölkənin Suriyada olmayacağı təqdirdə, Türkiyə çox qısa zaman ərzində bu terror təşkilatının tamamilə sıradan çıxara bilər.

Digər tərəfdən, yaranmış yeni situasiya sayəsində Suriyanın yenidən bərpa olunması ilə bağlı önəmli prosesdə avanqard dövlətə çevrilmə şansı da qazanmaq üzrədir. Belə ki, Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa Türkiyə ilə strateji münasibətilərə xüsusi önəm verdiyini qətiyyən göstərmir. O, Səudiyyə Ərəbistanından sonra Türkiyəyə rəsmi səfər etməklə, Suriyanın yeni dönəm üçün əsas strateji tərəfdaşlarını elan etmiş oldu. Və bununla da rəsmi Dəməşqin Suriyanın yenidən qurulması prosesində həm Türkiyənin, həm də Səudiyyə Ərəbistanının avanqard mövqeyə malik olacağını təsdiqlədi.

Məsələ ondadır ki, həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı Suriyanın ərazi bütövlüyünü əsas prioritet olaraq, qəbul edir. Eyni zamanda, Suriyanın yenidən bərpa edilməsi prosesinin də məhz bu ölkənin ərazi bütövlüyü çərçivəsində reallaşdırılmasının vacibliyini vurğulayır. Və bu baxımdan, prezident Əhməd əl-Şaraanın Suriyanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyinin həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı tərəfindən dəstəkləndiyi qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, Türkiyə və Səudiyyə Ərəbistanı Suriyanın gələcək taleyinin müəyyən olunmasına yalnız pozitiv məzmunda töhfə verə biləcək iki önəmli tərəfdaş sayılır. Belə ki, Suriyanın ordu quruculuğunda rəsmi Dəməşqin müasir hərbi texnologiyalara demək olar ki, çıxışı yoxdur. Yəni, müasir hərbi texnika Suriya üçün hazırda əlçatmaz xarakter daşıyır. Bu problemi isə hazırda yalnız Türkiyə həll edə bilər. Və bu baxımdan, Suriyanın ordu quruculuğu prosesinin Türkiyənin nəzarətinə verilməsi rəsmi Dəməşq üçün hazırda yeganə doğru seçim anlamı daşıyır.

Səudiyyə Ərəbistanı isə Suriya üçün rəsmi Dəməşqin hazırda böyük ehtiyac duyduğu önəmli maliyyə qaynağı rolunu oynaya bilər. Yəni Səudiyyə Ərəbistanı Suriyanın yenidən qurulması prosesinin sponsorluğunu bütövlükdə öz üzərinə götürəcək qədər geniş maliyyə resurslarına sahibdir. Səudiyyə Ərəbistanın Suriyada yerləşməsi ilk növbədə bu ölkənin giriş qapılarının İranın üzünə tamamilə bağlanması baxımından da böyük önəm daşıyır. Belə anlaşılır ki, Suriyanın müvəqqəti hökuməti ölkənin gələcək taleyini Türkiyə və Səudiyyə Ərəbistanı kimi etibarlı tərəfdaşların öhdəsinə buraxmaq niyyətindədir.

Göründüyü kimi, Rusiya və İran Suriyadan tamamilə çıxarılmaq üzrədir. ABŞ da yaxın vaxtlarda öz hərbi bazalarını Suriyadan çıxartmağa hazırlaşır. Deməli, indi Suriyanın Türkiyənin milli təhlükəsizlik maraqlarına uyğun yenidən qurulması prosesi böyük ölçüdə rəsmi Ankaranın iradəsi altına düşə bilər. Və prezident Rəcəb Tayyib Ərdoğanın Suriya planı isə Türkiyənin təhlükəsizliyini təmin etməklə yanaşı, həm də ümumiyyətlə, Yaxın Şərqin yenidən dizayn edilməsinə birbaşa təsir göstərə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"

Geri qayıt