Əsas Səhifə > Güney Press > “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib”

“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib”


Bu gün, 11:00
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib”
“Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə əsasən ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır”. Bunu Elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, kolleclərdə, ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı məhdudlaşdırılacaq.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, müstəqillik qazandıqdan sonra təhsilin bu pilləsini inkişaf etdirə bilmədik. “Texnikum” “kollec”ə çevrildi. Ad dəyişdi, keyfiyyət isə...

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a şərhində dünya təcrübəsində kolleclərin daha çox texniki və peşə təhsili istiqamətində fəaliyyət göstərdiyinə diqqət çəkdi: “Hazırda kimya, fizika, biologiya və riyaziyyat kimi fənlərin müəllimləri ali təhsil müəssisələrində hazırlanır, kolleclərdə isə ibtidai sinif, musiqi, təsviri incəsənət və bəzi digər fənlər üzrə müəllimlər yetişdirilir. Bu sistemin dəyişdirilməsi, müəllimlərin yalnız ali təhsil müəssisələrində hazırlanması pedaqoji kadrların keyfiyyətinin artırılmasına yönəlmiş bir addım kimi qiymətləndirilir. Bu yanaşmanın əsas məqsədi təhsildə keyfiyyətin yüksəldilməsidir. Müəllim hazırlığı sahəsində beynəlxalq təcrübəyə nəzər saldıqda, inkişaf etmiş ölkələrdə pedaqoji kadrların əsasən universitetlərdə yetişdirildiyini görmək mümkündür. Finlandiya və Almaniya kimi ölkələrdə müəllimlik ixtisası üzrə təhsil almaq üçün yüksək akademik göstəricilər tələb olunur. Orta məktəb müəllimləri yalnız bakalavr və magistratura səviyyələrində müvafiq təhsil aldıqdan sonra peşə fəaliyyətinə başlaya bilirlər. Bu yanaşma müəllimlərin akademik və pedaqoji biliklərinin yüksək olmasını təmin edir. Müxtəlif ölkələrdə kolleclər daha çox texniki və peşə təhsili istiqamətində fəaliyyət göstərir. Məsələn, Kanada və Avstraliyada kolleclər əsasən mühəndislik, informasiya texnologiyaları, tibb bacısı və digər tətbiqi sahələr üzrə kadrlar yetişdirir. Peşə və texniki təhsilə fokuslanan kolleclər iş bazarının tələblərinə uyğun proqramlar təqdim edir və tələbələrin real əmək bazarına uyğun bilik və bacarıqlar əldə etməsini təmin edir. Nəticədə, kolleclərin məzunları iş tapmaqda daha az çətinlik çəkirlər. Azərbaycanda isə kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib. ”Texnikum" sisteminin “kollec”ə çevrilməsindən sonra əsas dəyişikliklər struktur və ad dəyişikliyi ilə məhdudlaşıb. Tədris proqramları və məzmunun əmək bazarının tələblərinə uyğunlaşdırılması isə hələ də ciddi islahatlara ehtiyac duyur. Müstəqillikdən sonra kolleclər ali təhsil müəssisələri ilə rəqabət aparacaq səviyyəyə çatmadı və nəticədə məzunlar əmək bazarında çətinliklərlə üzləşdilər".

Müəllimlik ixtisaslarının kolleclərdən çıxarılması qərarının müsbət tərəfini şərh edən ekspert qeyd etdi ki, bu, ümumtəhsil məktəblərində daha hazırlıqlı və ixtisaslı kadrların fəaliyyət göstərməsinə imkan yarada bilər:

“Pedaqoji təhsilin yalnız ali təhsil müəssisələrində verilməsi müəllimlərin daha yüksək akademik standartlara uyğun yetişdirilməsini təmin edə bilər. Bununla yanaşı, gələcək müəllimlərin pedaqoji təcrübə proqramlarında iştirak imkanları genişlənə bilər ki, bu da onların praktik bacarıqlarının inkişafına töhfə verər. Müəllim hazırlığının yalnız universitetlərdə aparılması kollec məzunları üçün müəyyən çətinliklər yarada bilər. Hazırda bir çox kolleclərin məzunları müəllim kimi fəaliyyət göstərməyə ümid edirdi və bu dəyişiklik onların gələcək planlarını dəyişdirməyə məcbur edə bilər. Bununla yanaşı, kolleclərdə müəllim hazırlığının dayandırılması ali təhsil müəssisələrinə əlavə qəbul yükü yarada bilər. Bu səbəbdən keçid prosesi tədricən və mərhələli şəkildə həyata keçirilməlidir. Kolleclərin funksionallığını artırmaq və onları əmək bazarının tələblərinə uyğunlaşdırmaq üçün bir neçə istiqamətdə islahatlar aparılmalıdır. İlk növbədə, kolleclərdə tədris olunan proqramlar müasir texnologiyalara və bazar tələblərinə uyğunlaşdırılmalıdır. Kollec təhsili praktiki biliklərə əsaslanmalı, tələbələrin real iş mühitinə inteqrasiyasını təmin etməlidir. Peşə təhsili müəssisələrinin işəgötürənlərlə daha sıx əməkdaşlıq etməsi tələbələrin təcrübə proqramlarına qoşulmasını və məzun olduqdan sonra asanlıqla iş tapmasını təmin edə bilər. Peşə və texniki təhsilin gücləndirilməsi üçün kolleclər müasir laboratoriyalar və avadanlıqlarla təmin edilməli, kadr potensialı gücləndirilməlidir. Müəllimlərin və tədris heyətinin ixtisasartırma proqramlarına cəlb olunması kolleclərdə təhsilin keyfiyyətini artıracaq və məzunların daha yaxşı hazırlanmasına töhfə verəcək. Təhsil sistemində ali və peşə təhsili arasında əlaqələrin möhkəmləndirilməsi kolleclərin funksionallığını artırmağa kömək edə bilər. Dünya təcrübəsində kolleclərin ali təhsilə inteqrasiyası ilə bağlı müxtəlif modellər tətbiq edilir. Bəzi ölkələrdə kolleclərin universitetlərə çevrilməsi və ya müəyyən proqramlarının ali təhsil sisteminə daxil edilməsi praktikasından istifadə olunur. Məsələn, ABŞ və Böyük Britaniyada bəzi kolleclər bakalavr proqramlarına keçid kursları təqdim edir. Bu kurslar tələbələrə əlavə illər oxumadan ali təhsil diplomu almaq imkanı yaradır. Kolleclərin inkişafı üçün təhsil sistemində differensiallaşdırılmış yanaşmalar tətbiq edilməlidir. Kolleclər sırf texniki və peşə sahələrində kadr hazırlamalı, ali təhsil müəssisələri isə akademik və nəzəri biliklərə əsaslanan proqramları icra etməlidir. Peşə təhsili müəssisələrinin əmək bazarının tələblərinə uyğun tədris proqramları təqdim etməsi məzunların iş imkanlarını artıracaq və kolleclərin nüfuzunu yüksəldəcək. Təhsil qanunvericiliyində kolleclərin funksiyası daha dəqiq müəyyən edilməlidir. ”Təhsil haqqında" qanunda peşə təhsilinin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin praktik tətbiqi gücləndirilməli, kolleclərin hüquqi statusu və onların ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivələri müəyyənləşdirilməlidir. Bu tədbirlər həyata keçirildiyi təqdirdə kolleclərin keyfiyyəti artırılacaq və onlar əmək bazarında daha mühüm rol oynayacaq".

Geri qayıt