Əsas Səhifə > Güney Press > Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİBBu gün, 12:59 |
AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı ilkin hesabat dərc olunsa da, Rusiya öz günahını etiraf etməyə tələsmir. Təbii ki, ən düzgün yol rəsmən üzr istənilməsi, kompensasiya ödənilməsi və günahkarların cəzalandırılmasıdır. Əslində, belə bir addım heç bir dövlətin nüfuzuna xələl gətirməz. Təyyarə qəzası ilə bağlı ilkin hesabatın ən əsas məqamı ondan ibarətdir ki, aviareysi həyata keçirən “Embraer 190-100 IGW” uçuşa tam yararlı olub. Hava gəmisi Qroznı Hava Limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnalları itirib. Kapitan Bakıya qayıtmaq barəsində qərar verdikdən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səs gəlib. Hesabata əsasən, hidravlik sistemlər funksionallığını itirib və sıradan çıxıblar. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən, kor zədələrin olması faktı aşkar olunub və zədələr kənar obyektlərin təsiri nəticəsində yaranıb. Rusiya tərəfinin israr etdiyi təyyarənin "quşlarla toqquşması" versiyası da hesabatda təkzib edilib. Rusiya tərəfinin təkzib edilən digər versiyası isə guya qəzaya oksigen balonunun partlamasının səbəb olduğudur. Hesabatda qeyd olunan ən vacib məqamlardan biri isə həmin hava məkanında “Kovyor” əməliyyatının təyyarə vurulduqdan sonra elan edilməsidir. Rəsmi Bakı israrla Rusiyaya qarşı haqlı tələblər irəli sürdükcə, bu ölkənin media məkanında anti-Azərbaycan meyilləri gücləndi. Müxtəlif teleqram-kanallar, mətbuat orqanları eyni mərkəzdən aldıqları tapşırıqlar əsasında Azərbaycana qarşı yazılar dərc etməyə başladılar. Təqdim olunan materiallarda rəsmi Bakının, araşdırma komissiyasının ilkin hesabatını təkzib edən tutarlı arqumentlər yer alsaydı, bunu sivil polemika kimi də qəbul etmək olardı. Amma bu istiqamətdə dərc olunan yazılarda yalnız Bakının hansı cürətlə Rusiyaya qarşı tələb irəli sürdüyü əsas istiqamətdir. Sadə dillə desək, biz etdiyimizi etmişik, siz isə səsinizi çıxartmayın. Bundan başqa, təbliğatçılar təyyarənin məhz “Pansir”lə vurulması faktını şübhə altına almaq istəyirlər və Bakının niyə belə əmin olması ilə bağlı sual verirlər. Əslində isə məsələ “Pansir” və ya “qeyri-Pansir”də deyil. Məsələnin mahiyyəti mülki təyyarənin Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən atəşə tutulmasıdır. Hələ hesabatdan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə bildirmişdi ki, komissiyanın nəticələri rəsmi Bakının ilkin versiyasından fərqlənəcək. Nəticələr elan olunduqdan sonra Lavrovun simasını görmək maraqlı olardı. Komissiyanın hesabatına münasibət bildirməyi isə rəsmi Moskva özünə ar bilir. Hətta "Rosaviasiya" iddia edir ki, guya hesabatda hadisənin səbəbləri ilə bağlı nəticələr yoxdur. Azərbaycan bu məsələdə tam haqlıdır. Rusiya bu məsələni etiraf etsə də, etməsə də, indi ötən əsrin 90-cı illəri deyil ki, Azərbaycanı informasiya blokadasına salsınlar. Rəsmi Bakı sözünü deməyə beynəlxalq platforma tapmaq iqtidarındadır və bundan sonrakı addımları gözləmək lazımdır. Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, əslində, əvvəlcədən bizə məlum idi ki, təyyarəmizə kənar müdaxilə var. Deputatın sözlərinə görə, bununla bağlı əlimizdə kifayət qədər faktlar, sübutlar var idi: "Amma beynəlxalq hüquq, prosedurlar tələb edirdi ki, yekun rəy açıqlansın və bütün məsələlər tam aydınlaşsın. Cəmiyyətdə də bu məsələ tez-tez müzakirə olunurdu. Ən doğru yanaşma o idi ki, bütün faktlar tam məlum olandan sonra zəruri addımlar atılacaq. İlkin hesabat da göstərdi ki, həqiqətən təyyarəmizə kənar müdaxilə olub. Artıq bütün faktlar ortadadır. Rusiya tərəfi üzərinə düşəni etməlidir. Zaman keçməsini ona görə tələb edirdilər ki, faktlar ortaya çıxsın, məsələ tam dəqiqləşsin. Biz də gözlədik. İndi hər şey bütün çılpaqlığı ilə ortadadır. Belə olan təqdirdə Rusiya tərəfinin üzərinə məsuliyyət düşür. Rusiyada bəzi dairələr, media orqanları təyyarəmizin "quş dəstəsi ilə toqquşduğunu", "təyyarədə oksigen balonunun partladığını" iddia etdilər. Təqdim olunan hesabat da göstərdi ki, irəli sürülən versiyalar tam əsassızdır və təyyarəyə kənar müdaxilənin olması faktı həqiqətdir. Azərbaycanın konkret tələbləri var. Tələblərimiz ondan ibarətdir ki, günahkarlar mütləq cəzalandırılmalı və kompensasiya ödənilməlidir. Rusiya bunların heç birini etməyib". Parlament üzvü vurğulayıb ki, əgər Moskva üzərinə düşəni etməzsə, Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək hüququndan yararlana bilər: "Xüsusi vurğulamalıyıq ki, bu məsələdə Prezident İlham Əliyevin çox prinsipial, qətiyyətli mövqeyi oldu. Ona görə də Rusiya mövcud reallıqları nəzərə alaraq obyektiv mövqe sərgiləməlidir. Rusiya ilk andan üzrxahlıq etsəydi, günahını, səhvini etiraf etsəydi, proses də bu səviyyəyə gəlməzdi. Əfsuslar ki, Rusiya müsbət gözləntiləri doğrultmadı. Halbuki, Rusiya ilə ikitərəfli sıx münasibətlərimiz, müttəfiqlik anlaşmamız bu cür davranışa rəvac vermirdi. Məsələyə eqoist yanaşma, rus rəsmilərinin ölkəmizə qarşı ittihamları, Bakını hədəf alması qəbuledilməzdir". Geri qayıt |