Əsas Səhifə > Güney Press > Rəşad Dağlı əfv sərəncamına düşə bilər
Rəşad Dağlı əfv sərəncamına düşə bilərDünən, 15:25 |
![]() Bu həftə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarına start verilir. İlk iclasın fevralın 12-də keçirilməsi planlaşdırılır. İclaslarda məhkumların ərizələri, onların ailə üzvlərinin müraciətləri və digər aidiyyəti sənədlər müzakirə olunacaq. Komissiyanın qəbul etdiyi qərarlar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv sərəncamı hazırlanır. Ənənəvi olaraq, bu sərəncamlar adətən Novruz bayramı öncəsi və ya ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində imzalanır. Maraqlıdır, iclaslar zamanı müzakirə olunacaq adlar arasında tanınmış meyxanaçı Rəşad Dağlının da adı yer ala bilərmi? Bu sual hazırda ictimaiyyətin diqqət mərkəzindədir. Rəşad Dağlının əfv olunması ehtimalı, onun və ailəsinin əfv üçün müraciət edib-etməməsi və Komissiyanın yekun qərarından asılı olacaq. Məsələ ilə bağlı hüquqşünas Turan Abdullazadə Ajans.az-a açıqlamasında deyib ki, əfvetmə aktı fərdi qaydada Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir: "Əfvetmə aktı cinayət törətməyə görə məhkum olunmuş şəxsin cəzanın qalan hissəsindən azad edilməsi, təyin edilmiş cəzanın müddətinin azaldılması və ya cəzanın daha yüngül cəza növü ilə əvəz olunması formasında həyata keçirilə bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında maksimum 25 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər. Bundan əlavə, əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Qeyd edək ki, xalq tərəfindən dəstəklənən və xüsusi ictimai rolu olan şəxslər barədə ictimai rəyin müsbət olması onların əfv edilmə şansını artıran amillərdən biri ola bilər. Lakin yekun qərar Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Əfv Məsələləri Komissiyasının tövsiyələri əsasında qəbul edilir. Geri qayıt |