Əsas Səhifə > Güney Press > Paşinyan yazdı, ermənicə "sülh" istədi
Paşinyan yazdı, ermənicə "sülh" istədiBu gün, 11:50 |
Ermənistanın baş naziri Nikol Paşinyan hər dəfə əsl peşəsini, yəni jurnalistikanı, xatırlayıb klaviaturaya "sarılanda" ortaya ancaq demaqogiya simfoniyası kimi təsvir edilə biləcək əcaib mətnlər çıxır. Bu dəfə Paşinyan Ermənistanın "Armenpress" agentliyində "Sülh üçün bütün şərtlər mövcuddur" başlıqlı məqalə dərc etdirib. Səbrli olmağa çalışdıq və bu qrafomaniya məhsulunu sonadək oxuduq. Bəlli olan bir nəsnə var: Paşinyanın əsl peşəkar, hətta mütəxəssis olduğu yeganə sahə marazmatik söz oyunbazlığıdır, vəssəlam. Taleyin digər ironiyası isə budur ki, Nikol Vovaeviç məqaləni Fransaya səfəri əsnasında yazıbmış. Yəni Paşinyan səfərə yollanan gün yazısının dərcini tapşırıb və başqa cür də ola bilməzdi: Emmanuel Makronun həm də prezidentlik etdiyi Fransa uzun illərdir beynəlxalq arenada Ermənistanın vəkili rolunu oynayan bir ölkədir. Aydındır ki, məqalə Paris lobbiçiliyinin gücləndirdiyi "suveren iradənin" əksi kimi təqdim olunmalı idi. Amma əslində bu, növbəti dəfə riyakarlıqla bəzədilmiş revanşizm manifestindən başqa bir şey deyil. İlk diqqət çəkən məqam Paşinyanın növbəti dəfə Azərbaycana qarşı maymaq iddialarla çıxış etməkdən əl çəkməməsidir. Ermənistanın baş naziri Azərbaycan torpaqlarının otuz illik işğalını unudaraq öz ölkəsini "aqressiyanın qurbanı" kimi təqdim etməyə çalışır. Onun əsas arqumenti Qərbi Azərbaycan İcmasının mövcudluğudur. Paşinyanın fikrincə, bu təşkilat "Ermənistanın təhlükəsizliyinə təhdid yaradır". Amma əslində vəziyyət tamamilə tərsinədir: İcmanın məqsədi azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən qovulduqları tarixi torpaqlarına təhlükəsiz şəkildə qayıtmasını təmin etməkdir. Üstəlik, baş nazir heyrətamiz bir cürətlə Ermənistan ordusunun yenidən silahlanmasını "islahatlar" kimi qələmə verir və bunu Azərbaycanın fəaliyyətinə bağlamamağa çalışır. O, absurd iddiasını belə ifadə edir: "Ermənistanın Azərbaycanla bağlı hərbi əməliyyatlar həyata keçirmək planı yoxdur. Amma Ermənistanın təhlükəsizliyinə təhdidlər məhz Azərbaycandan qaynaqlanır". Çox maraqlıdır! İşğal etdiyi torpaqlardan illərlə çıxmayan və sonucda Azərbaycan Ordusunun iti qovan kimi qovduğu bir ölkə indi "təhlükəsizliyi" bəhanə gətirərək öz ordusunu "islah və modernizasiya" edir. Ərazilərinin 20 faizini 30 il işğalda qalan, indisə sülh müqaviləsi imzalamağa can atan bir ölkənin indi necə "təhdid mənbəyi"nə çevrilməsi isə tam bir nonsensdir. Paşinyanın özünü sülhsevər kimi təqdim etdiyi məqalənin növbəti hissəsi daha təəccüblüdür. Onun sözlərinə görə, tərəflər artıq sülh sazişinin böyük bir hissəsini razılaşdırıblar və hətta İrəvan mübahisəli məsələlər üzrə "əliaçıq, səxavətli" təkliflər irəli sürüb. Fəqət Ermənistan lideri inadla Bakının əsas tələblərini görməzdən gəlir: beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardan imtina, sərhəddə xarici silahlı qüvvələrin yerləşdirilməsinə son qoyulması, ATƏT-in Minsk Qrupunun ləğvi və ən əsası, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını əks etdirən maddənin çıxarılması. Sonuncu tələb xüsusilə vacibdir. Çünki Ermənistan Konstitusiyasında ölkə ərazilərinə Qarabağın "daxil edilməsi" İrəvanın revanşist xəyallarını davam etdirdiyinin əsas sübutudur. Amma Paşinyan bu haqda susmağa üstünlük verir və arzusunu reallıq kimi təqdim edir. İrəvan təkcə öz səhvlərini qəbul etməkdən imtina etmir, həm də sürətlə silahlanmaqdadır. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın hərbi xərcləri üç dəfə artaraq 2021-ci ildəki 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Həm də bu vəsait müdafiə üçün deyil, Azərbaycanın ərazisinə zərbə endirə biləcək sistemlərin alınmasına yönəldilib. Paşinyanın sülh ritorikası ilə bu fəaliyyətlər necə uzlaşır? Cavab sadədir: heç cür! Azərbaycan Xarici İşlər Nazirliyi İrəvanın riyakarlığını haqlı olaraq ifşa edib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə Ermənistan tərəfinin müharibədən sonra separatçıları silahlandırmaqla yanaşı, hərbi cinayətkarlar üzərində ədalətli məhkəmə prosesini alqışlamaqdan imtina etdiyini xatırladıb. Paşinyanın qənaətinə görəsə, Bakıda keçirilən məhkəmə prosesi "teatr tamaşasıdır". Görəsən, o, Nyurnberq məhkəmələrini də belə adlandırardımı? Bu cür bəyanatlar Ermənistan rəhbərliyinin nə qədər revanşist və destruktiv mövqedə olduğunu bir daha sübut edir. Nikol Paşinyanın Parisə səfəri xüsusilə diqqət çəkir. Fransa uzun müddətdir ki, Ermənistan siyasətinin əsas himayəçisi rolunu oynayır - ələlxüsus da sülh təşəbbüslərinə pəl vurmaq məsələsində. Görünür, Fransanın siyasi elitası ilə keçirdiyi görüşlərdən vəcdə gələn Paşinyan, özünü geniş auditoriyaya nümayiş etdirmək qərarına gəlib. Gerçəksə budur ki, Paşinyanın Parisə səfəri İrəvan üçün Vaşinqtonla münasibətlərin soyuması fonunda dəstək qazanmaq cəhdindən başqa bir şey deyil. Ağ Evdə administrasiya dəyişikliyi Ermənistanı ənənəvi "himayədar"ından xoflanmağa vadar edib və bu səbəbdən də Paris status-kvonu saxlamaq istəyən ermənilərin son ümididir. Lakin Fransa da, Ermənistan da reallığa qarşı durmaq üçün nə gücə, nə də imkana malikdir. Azərbaycan artıq sübut edib ki, ərazi iddialarını və ikili standartları qəbul etməyəcək. Riyakarlıq dövrü bitdi və Paşinyanın səfəri yeni geosiyasi şəraitə uyğunlaşmaqda aciz olan bir rejimin son çırpınışlarından başqa bir şey deyil. Nikol Paşinyanın "Armenpress"də dərc olunmuş məqaləsində "sülhpərvər" təsir bağışlamaq cəhdlərinə gəldikdə isə, faktlara nəzər salaq. Son üç il ərzində Ermənistan hərbi xərclərini aktiv şəkildə artırır və müdafiə üçün deyil, açıq şəkildə hücum üçün nəzərdə tutulan silahlar alır. Məsələn, ötən ilin oktyabr ayında Ermənistan və Fransa arasında hava hücumundan müdafiə sistemlərinin və artilleriya qurğularının tədarükü barədə razılaşma imzalanıb. Ermənistan mediasının məlumatına görə, söhbət Azərbaycanın ərazisini hədəf ala bilən uzaqmənzilli raket komplekslərinin alınmasından gedir. Rəsmi İrəvan "neytral siyasət" bəyanatlarına baxmayaraq, NATO ilə birgə hərbi təlimlərdə fəal iştirak edir. Xüsusilə, 2024-cü ilin sentyabrında “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində genişmiqyaslı manevrlər keçirildi. Bu təlimlərdə iştirak edən Amerika və Fransa təlimatçıları əsasən hücum əməliyyatlarına diqqət yetirdilər. Üstəlik, Ermənistanla Hindistan arasında çox aktiv hərbi-texniki əməkdaşlığı da unutmayaq. 2023-cü ildə İrəvan Hindistanın "Bharat Earth Movers Ltd." (BEML), "Tata Power Company Ltd." (TPCL) və "Larsen & Toubro" (L&T) şirkətləri ilə 214 mm çaplı "Pinaka" reaktiv yaylım atəşi sistemlərinin tədarükü barədə 353 milyon dollarlıq müqavilə imzaladı. Ermənistan bu sistemlərin "müdafiə xarakterli" olduğunu bəyan etsə də, onların sıx məskunlaşmış ərazilərə zərbə endirmək üçün istifadə oluna biləcəyi açıq-aydındır. Sülh yolunda digər ciddi maneə Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat çərçivəsində öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etməsidir. Əsas məqamları xatırlayaq ki, İrəvan ya tamamilə gözardı edir, ya da öz xeyrinə yozur. Belə ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı aydın öhdəliklərə baxmayaraq, Ermənistan əsassız şərtlər irəli sürərək bu prosesi uzadır. Bu, təkcə əldə olunan razılaşmaları pozmur, həm də bütün regionun iqtisadi inkişafına mane olur. Sadalanan faktlar fonunda Ermənistan baş nazirinin “sülhə hazır olması” ilə bağlı bəyanatları açıq-aşkar fars kimi səslənir. Onun ikiüzlü mövqeyini nümayiş etdirən, məqalədə yer alan iddialardan bəzi iqtibaslara varaq. N.Paşinyan yazıb ki, bəs "Ermənistan konstruktiv danışıqlara hazırdır, lakin Azərbaycan təcavüzdən imtina etməlidir". Burada "təcavüz" altında Azərbaycanın beynəlxalq hüquqa əməl etmək tələbi nəzərdə tutulur. Və ya "Biz silahlara qarşılıqlı nəzarət təklif edirik". Ermənistanın ilk növbədə hücum potensialını artırmaqdan imtina etməli olduğu nəzərə alınsa, bu təklif absurddur. Ən nəhayət, "Qarabağ münaqişəsi hələ həll olunmayıb". Bu iddia BMT də daxil olmaqla beynəlxalq ictimaiyyətin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə birbaşa ziddiyyət təşkil edir. Nikol Paşinyanın bəhs etdiyimiz ifadələri onun sülh niyyətinin riyakarlıqdan başqa bir şey olmadığını açıq şəkildə nümayiş etdirir. Halbuki Ermənistan münasibətlərin normallaşması üçün əsas ola biləcək bir sıra beynəlxalq qətnamələri və qərarları görməzdən gəlməyə davam edir. 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edirdi. Bu tələblər bu gün də aktuallığını qoruyur, çünki Ermənistan hələ də Azərbaycanın daxili işlərinə müdaxilə etməyə davam edir. Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əsasən, 2022-ci ilin dekabrında məhkəmə Ermənistanı Laçın dəhlizi bölgəsində təxribatlara son qoymağa məcbur etdi. Lakin İrəvan bu qərarı qulaqardına vurdu və dəhlizdən hərbi təchizat üçün istifadəni davam etdirdi. ATƏT-in Minsk Qrupunun 2005-ci ildəki tövsiyələrində Ermənistanın ərazi iddialarından imtina etməsi tələb olunurdu. Amma zaman göstərir ki, bu tövsiyələr də İrəvan tərəfindən tamamilə nəzərə alınmadı. Beləliklə, Ermənistan rəhbərliyinin "sülh" dedikdə əslində yeni təxribatlara hazırlaşmaq üçün bir fasiləni nəzərdə tutduğu aydın olur. Amma tarix sübut edir ki, belə "atəşkəslər" həmişə onları başladanlar üçün pis nəticələnir. Paşinyanın məqaləsi isə yalnız onun rəhbərlik etdiyi rejimin yarıtmaz təbliğatını ifşa edir. Söz güclü silahdır, amma diletantın əlində yalnız onun özünə zərər vurur. Sadalanan faktların fonunda aydın görünür ki, Ermənistan "sülh" ritorikasını yalnız yeni təxribatları ört-basdır etmək üçün istifadə edir. Paşinyanın məqaləsi revanşizmi nəcib niyyətlər adı altında gizlətmək cəhdidir. Amma faktlar, rəqəmlər və sənədlər bu saxta tamaşanı tamamilə ifşa edir. Azərbaycan tərəfi isə əksinə, prinsiplərdən geri çəkilmədən konstruktiv danışıqlara hazır olduğunu nümayiş etdirir. İrəvan anlamalıdır ki, öhdəliklərin yerinə yetirilməsi və təxribatlardan imtina olmadan sülhə gedən yol bağlıdır. Ermənistanın revanşist ambisiyalarını davam etdirmək cəhdləri sərt cavabla üzləşəcək. Bu dəfə isə nə bəhanələr, nə məqalələr, nə də riyakarlıq bu illüziyalarda yaşamağa davam edənləri xilas edə bilməyəcək. Reallıq artıq göstərib ki, beynəlxalq hüquqdan kənara atılan hər bir addım Ermənistan üçün fəlakətlə nəticələnir. Amma görünən budur ki, İrəvan öz tarixindən dərs çıxarmaq fikrində deyil. Elçin Alıoğlu - TREND Geri qayıt |