Əsas Səhifə > Güney Press > Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edibBu gün, 16:05 |
![]() Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib. Zərərçəkən qismində dindirilən Ramin İsmayılov deyib ki, Nuridə Seyidovanı və Aynur Bayramovanı tanıyır: "Uşağım xəstə idi. Türkiyədə yaşayan Həmidə Tağıyeva adlı biri dedi ki, Aynur Bayramova onların Azərbaycandakı nümayəndəsidir. Mənə Aynur xanım vasitəsi ilə qan göndərmək lazım olduğunu bildirdilər. Qan nümunəsini göndərdim, daha sonra Aynur xanımla danışdım. Məndən uşağın əməliyyatı üçün 15 min dollar pul istədilər. Dedilər ki, qalanını sponsor verəcək. "Çinar Plaza"da Aynur xanımla görüşdük. Nuridə xanımın yanında pulu ona verdim. Səhəri gün Aynur xanım dedi, gəl, müqaviləni götür. Bir müddət yubatdılar. Sonra Aynur xanım zəng elədi, öyrəndim ki, bunlar dələduzluq ediblər. Hər ikisindən mənə dəyən zərəri tələb edirəm". Prosesdə zərərçəkən qismində ifadə verən Sevinc Səmədova bildirib ki, həyat yoldaşı Ramin Səmədov qaraciyər serrozundan əziyyət çəkib. Zərərçəkənin sözlərinə görə, həyat yoldaşının xəstəliyi ilə əlaqədar Mərkəzi Gömrük Hospitalında Mircəlal doktorun qəbulunda olub və həkim onları Aysel Məmmədovaya yönləndirib: "Serrozdan əziyyət çəkən yoldaşım 2023-cü ildə həmin xəstəlikdən vəfat etdi. Gömrük Hospitalında Mircəlal doktorla görüşdük, Aysel xanımın nömrəsini verdi, dedi ki, onunla əlaqə saxlayın. Mircəlal doktor onların xeyriyyə işləri ilə məşğul olduğunu bildirdi. Aysel xanımla danışdım, əməliyyat pulunun yarısının xəstə tərəf, yarasının da onların şirkətinin qarşılayacağını dedi. Onların ofisinə getdik, dedikləri pulu verməyə imkanımız yox idi. Yenidən Mərkəzi Gömrük Hospitalına Mircəlal doktorun qəbulunda olduq. Ona Dedim ki, mənim onlara inamım yoxdur, Mircəlal doktor əsəbləşərək bildirdi ki, biz nə qədər xəstəni əməliyyat etmişik". Zərərçəkənin sözlərinə görə, onlar yenidən Aysel Məmmədova ilə əlaqə saxlayıb, daha sonra həyat yoldaşının əməliyyatı üçün 22 min 500 manat onlara verib. Pulu verdikdən sonra təqsirləndirilən şəxslər əməliyyatın hansı tarixdə olacağı barədə məlumat verməyiblər. "Bir müddətdən sonra dedilər ki, 10 günə əməliyyatın vaxtını deyəcəklər. Yenidən Aysel xanımla əlaqə saxladım. Dedi ki, şirkətdə polislər iş aparır. O, mənə Nuridə Seyidovadan şikayət edərək verdiyimiz pulu ondan tələb etməyi tövsiyyə etdi. Həmin vaxt həyat yoldaşım komada idi. O, 2023-cü ilin avqustun 23-də vəfat etdi. Vəfat edənə kimi əməliyyat olunmadı. Bizi Aysel Məmmədovaya Mircəlal doktor yönləndirdiyi üçün ondan xahiş etdim ki, mənə kömək etsin. Aysel xanımın anası və dayısı 15 minə yaxına pulu qaytardılar, qalan 7 min 500 manatı da Nuridə və Aysel xanımdan tələb edirəm", - zərərçəkən deyib. Təqsirləndirlən Aysel Məmmədova zərərçəkənin ifadələri ilə qismən razılaşıb. Təqsirləndirilən Aynur Bayramovanın səhhətində problem yarandığı üçün proses fevralın 19-na kimi təxirə salınıb. Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Geri qayıt |