Əsas Səhifə > Güney Press > 90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI

90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI


Bu gün, 10:46
90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI
Azərbaycanın sabiq baş naziri Artur Rasizadənin səhhətilə bağlı xəbər yayılıb.

Modern.az-ın Artur Rasizadə ilə Nazirlər Kabinetində işləmiş eks-məmurdan əldə etdiyimiz məlumata görə, keçmiş baş nazir bu günlərdə xəstələnib və hətta səhhəti pisləşdiyinə görə müalicə üçün xarici ölkəyə də səfər edib. Onun artıq ölkəyə qatıtdığı bildirilib.

Əməkdaşımız Artur Rasizadənin yaxınları ilə əlaqə saxlamağa çalışsa da, buna nail ola bilməyib.

Xatırladaq ki, bir neçə gündən sonra – fevralın 26-da Artur Rasizadə yubileyini qeyd edəcək – onun 90 yaşı tamam olur.

Artur Rasizadə Azərbaycanın Baş naziri postunda düz 22 il çalışıb.

Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Əslən Naxçıvan Muxtar Respublikasındandır. O, kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğludur. A.Rasizadənin anası milliyətçə rus olub.

Onlar ailədə iki övlad olublar – Artur və bacısı Tamella...

Artur Rasizadə Azərbaycanın məşhur şairi Hüseyn Cavidin qardaşı nəvəsidir.

O, 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib.

Əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması zavodunda mühəndis vəzifəsində başlayıb, sonra müxtəlif vəzifələrdə çalışıb.

1996-cı ildə mərhum dövlət başçısı Heydər Əliyevin sərəncamı ilə Baş nazir təyin edilib. 2003-cü ilin avqust - noyabr aylarında Baş nazir səlahiyyətlərinin İlham Əliyevə verilməsilə əlaqədar Artur Rasizadə hökumət rəhbərinin birinci müavini vəzifəsini icra edib.

2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə qaytarılıb.

Prezident İlham Əliyev 2005-ci ildə Artur Rasizadəyə “İstiqlal” ordeni, 2010-cu ildə 75 yaşının tamam olması münasibətilə “Şərəf” ordeni verib.

2015-ci ildə Artur Rasizadə 80 illik yubileyilə bağlı ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.

Artur Rasizadə 2018-ci il aprelin 21-də Nazirlər Kabineti yenidən formalaşdırılarkən təqaüdə yola salınıb.

Artur Rasizadənin həyat yoldaşı – mərhum Aida xanımın atası azərbaycanlı, anası isə rus olub. Aida xanım 2017-ci ildə vəfat edib.

Sabiq baş nazirin yeganə övladı - qızı Nailə Rasizadə 1961-ci ildə Bakıda doğulub. İlk orta təhsilini Bakıdakı 1 saylı məktəbdə alıb. Nailə Rasizadə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (keçmiş Neft və Kimya İnstitutu) bitirib. N.Rasizadə evlidir, Tahir və Rəna adlı iki övladı var.

Geri qayıt