Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Arzu Rəhimovun oğlunun da bahalı həyat tərzi ilə bağlı məlumat yayıldı
Arzu Rəhimovun oğlunun da bahalı həyat tərzi ilə bağlı məlumat yayıldı25-04-2014, 16:55 |
Heç kimə sirr deyil ki, müxtəlif vəzifələrdə işləyən şəxslərin bir çoxu uşaqlarının yüksək təhsil almasına çalışırlar. Araşdırmalar göstərir ki, bu gün Azərbaycanda müxtəlif dövlət postlarını tutan məmurların övladları daha çox xaricdə təhsil almağa üstünlük verirlər. İngiltərə, Amerika Birləşmiş Ştatları, İtaliya, Almaniya kimi ölkələrin ali təhsil müəssisələrində oxuyan məmur balaları kifayət qədərdir. Sözsüz ki, bu ölkələrdə illik təhsil haqqı Azərbaycanla müqayisədə çox bahadır. Məsələn, Almaniyada özəl universitetlərin illik təhsil haqqı 5 min avrodan başlayır. Ölkəmizin ali təhsil ocaqlarında isə maksimum illik təhsil haqqı 3-4 min manat civarında dəyişir. Vəzifəli şəxslərin övladlarını hansı pullarla xaricdə oxutdurmaları maraqlıdır. Ayda 1000-1500 manat arası maaş alan məmur övladının illik 7 min avroluq təhsil haqqını necə qarşılaya bilir? Həqiqətən də, maraqlıdır. Bəzi məmurlar isə diqqət çəkməmək, daha doğrusu dilə-dişə düşməməkdən ötrü övladını, elə Azərbaycandakı təhsil müəssisələrində oxutdurur. Bildiyimiz kimi, maliyyə imkanları kifayət qədər geniş olan məmurlarımızdan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Arzu Rəhimovdur. Onun rəhbəri olduğu qurum 2012-ci ildə yaradılıb. Xidmət yeni yarandığından dövlət tərəfindən dəstək çox böyükdür. SHXÇDX-nin iki illik fəaliyyəti ərzində büdcədən xeyli miqdarda vəsait ayrılıb. Lakin həmin vəsaitlərin hara və hansı formada xərcləndiyi mübhəm məsələlərdəndir. Bu gün sizə Arzu Rəhimovun oğlu Murad Rəhimovla bağlı əldə etdiyimiz maraqlı faktları bildirmək istəyirik. Neçə gündür apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, xidmət rəisinin oğlu Murad Rəhimov Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) təhsil alır. Universitetə göndərdiyimiz sorğuya cavab verən təhsil müəssisəsinin tələbə şöbəsinin əməkdaşları bildirdilər ki, Murad Rəhimov ADİU-ya 2011-ci ildə qəbul olub və hazırda 3-cü kurs tələbəsidir: «Naxçıvan Muxtar Respublikasında anadan olan Murad 2011-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən imtahanlarda 505 bal yığaraq Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinə qəbul olub. 600-cü qrupun tələbəsidir». Sorğumuza verilən cavab bu formada oldu. Bizim Arzu Rəhimovun oğlunun universitetə öz savadı hesabına girməsinə bir sözümüz yoxdur. Onsuz da 2011-ci ilin test bazasında, yəni kitabda da axtaracağıq. Oxuyub, əziyyət çəkib ki, bunun qarşılığını görüb. Bəlkə də onun universitetə qəbul olmasında başqa məqamlar var. Hələlik, bununla bağlı heç bir bilgimiz yoxdur. Universitetdəki etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Murad Rəhimov ADİU-ya qəbul olduqdan sonra məmur oğlu olduğunu hiss etdirib: «O, universitetə qəbul olanda atası hələ Dövlət Miqrasiya Xidmətinin rəisi işləyirdi. Murad elə birinci kursdan özünü göstərməyə başladı. İlk dərs günündən ali məktəbə maşınla gəldi. Çox özündən razı uşaqdır. Atasının vəzifəsinə arxayın olaraq maliyyə fakültəsinin müəllimləri ilə ürəyi necə istədi o cür də rəftar edir. Dərsə davamiyyəti aşağı səviyyədədir. Müəllimlər məmur balası olduğu üçün ona qaib yazmır. Bütün imtahanlardan tapşırıqla keçib. Bahalı həyata meylli olan məmur oğlu daha çox özü kimi imkanlı uşaqlarla oturub-durur». Mənbə vurğulayır ki, 3-cü kurs tələbəsi olan oğul Rəhimov nadir hallarda universitetin bufetinə girir: «Murad şəhərin ən bahalı restoranlarında yemək yeyir. Dərs vaxtı dərsdə tapılmır. Bahalı maşınları ilə universitetə gəlib özünü sanki kimlərəsə göstərir. Ən çox "Lexus” markalı maşından istifadə edir. Prezident şəhərdə «avtoşluq» edən məmurların uşaqlarına xəbərdarlıq etsə də, Arzu Rəhimovun oğlu avtomobilini yüksək sürətlə idarə edir. Bundan başqa, yay tətilini ya ölkə daxilindəki bahalı istirahət mərkəzlərində, ya da xaricdə keçirir». Diqqətinizə çatdıraq ki, SHXÇDX rəisinin adı tez-tez müxtəlif maliyyə əməliyyatlarında hallanır. Görəsən, Murad Rəhimov nəyə görə məhz maliyyə fakültəsini seçib? Bu və digər məsələlər ətrafında araşdırmalarımız davam edir. Növbəti saylarımızda məmur oğlunun ADİU-dakı imtahan nəticələri barədə şok faktları ortaya qoyacağıq. \\ gundelik-bakı \\ Yazı ilə bağlı qarşı tərəfin də fikirlərini öyrənə bilərik. Geri qayıt |