Əsas Səhifə > Güney Press > Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyilBu gün, 11:20 |
![]() Qarlı hava şəraiti ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyəti iflic olan kimi taksi xidməti irəli çıxdı. Sərnişindaşımada alternativ nəqliyyat vasitəsinin olması yaxşıdır, hətta əladır. Amma alternativ xidmət ələ düşən fürsətdən qiymətləri birə-beş qaldırırsa, aylıq əməkhaqqı ilə dolananlar işləyən təbəqə üçün əsl maddi çətinlik yaranır. Bir neçə gündür davam edən qarlı, şaxtalı havada taksilərin gedişhaqqını qaldırması barədə xəbər saytları məlumatlar yayır. Bildirilir ki, adi günlərdə 5-7 manata gedilən məsafələrin gedişhaqqı hazırda 26-28 manat arasında dəyişir. Paytaxtın bəzi ərazilərinə taksi ilə getmək istəyən sərnişinlər 35-40 manat ödəməlidirlər. Adi günlərdə həmin məsafələrin qiyməti 13-17 manat təşkil edir. Bundan başqa, qarlı havada taksi tapmaq da çətinləşib. Taksi sifariş edən sərnişinlər avtomobilin gəlməsi üçün 15-20 dəqiqə gözləməli olurlar. Taksi xidməti göstərən operatorlar isə qiymət artımının səbəbləri barədə açıqlama verməyiblər. Görünür bu, Bakıda hava şəraitinin qarlı və şaxtalı keçməsi ilə bağlıdır. Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az"a açıqlamasında bildirdi ki, taksi qiymətləri dəyişən tarifdir: - Bu, ictimai nəqliyyatın avtobus, metro seqmenti kimi deyil ki, Tarif Şurası konkret qiymət təyin etsin, sərnişindaşıma da bu qiymətə uyğun həyata keçirilsin. Taksi şirkətlərinə vahid qiymət tətbiq etmək mümkün deyil. İqlimə, mövsümə, sutkanın saatlarına görə qiymətlər dəyişkən olur. Taksi sayı azalır, tələbatsa artırsa, qiymət dəyişir, yüksəlir. E.Cəfərov qeyd etdi ki, problem taksilərin qiymət artırmasında deyil, ictimai nəqliyyatın fəaliyyətinin axsamasıdır: - Əgər ictimai nəqliyyat arzuolunan səviyyədə fəaliyyət göstərərsə, taksi xidmətinə bu qədər ehtiyac yaranmaz. Anlaşılandır, hava şəraiti kəskin dəyişdi, qar yağdı, yollar buz bağladı, avtbuslar hərəkət edə bilmədi. Amma niyə yollar vaxtlı-vaxtında qardan təmizlənmir, ehtiyat tədbirləri niyə görülmür? Məsləhət vermək, tövsiyə etmək asandır, ictimai nəqliyyatdan istifadə edin, deyə. Gərək olsun ki, istifadə edilsin. Heç metronun giriş-çıxışlarında da lazımi təmizləmə aparılmır, ehtiyat tədbirləri görülmür. Çox sürüşkəndir giriş-çıxışlar. Bu işləri görmək çətin olmasın gərək. Fərdi nəqliyyat vasitələrinin iştirakı ilə bu günlərdə yollarda nə qədər qəzalar baş verib, avtobusların hərəkətinə də maneçilik yaranıb. Səbəb nədir? Əlbəttə, yolların qardan təmizlənməməsi, yollara lazımi miqdarda qum, duz səpilməməsi. Geri qayıt |