Əsas Səhifə > Güney Press > Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək?
Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək?Dünən, 13:10 |
![]() Sahil Babayevin yerinə müavini Anar Əliyev gəldi. Sosial təminatda yeni nazir nələrisə dəyişə biləcəkmi? Mövzu ilə bağlı iqtisadçılar Tribunainfo.az-a açıqlama verib. İqtisadçı Günay Hüseynova bildirib ki, ilk növbədə yeni nazir Anar Əliyevə fəaliyyətində uğurlar arzu edirəm. Sosial təminatda sıravı vətəndaş kimi iqtisadçılar da yeniliklər, yeni islahatlar gözləyir. Əvvəlki nazirin kadrı olduğu üçün ekskluziv dəyişikliklər gözləmirəm açığı. Əvvəlki nazirin dövrü dövlət büdcəsi üçün yararlı oldu. İqtisadi cəhətdən müsbət addım kimi qəbul etsəm də vətəndaşların sosial təminatı baxımdan bunu deyə bilməyəcəm. Bu gün əli və ya ayağı olmayan qazinin təqaüdü kəsilirsə, ehtiyaclı ailə Ünvanlı Sosial Yardım ala bilmirsə vətəndaşın haqqını kəsib çıxıb fəxrlə iqtisadi artımdan danışmaq bir iqtisadçıya yaraşmaz. Müsbət addımları, görülən işləri qeyd edəndə mənfi və ya çatışmayan cəhətləri də demək lazımdır. Bu gün qazinin, şəhidin, veteranın canı-qanı bahasına torpaqları azad etmişiksə, indi onların hesabına dövlət büdcəsini doldurmalıyıq? Yeni islahatlardan, işlərdən qabaq onların haqqını bərpa etmək lazımdır. İlk növbədə Cənab Prezidentin siyasətinə, dövlət quruculuğuna uyğun iş icra etmək lazımdır. Nazirliyin tərkibindəki şurada bu gün ayağı olmayan Qazi də olmalıdır, minimum əmək haqqı alan fəhlə də, şəhid anası da. İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, bu cür kadr dəyişiklikləri hər hansı bir ciddi sosial forma deyil, islahat deyil. Xüsusilə, prinsipial nəyinsə dəyişməsinə gətirib çıxarmayacaq. Çünki əvvəlki nazir yaxşı olduğuna görə, yeni istiqamətə təyin olundu yəqin ki. Ona görə də mən hesab etmirəm ki, sırf kadrların dəyişməsilə nəyəsə nail olmaq mümkündür. İqtisasçı Elçin Rəşidov bildirib ki, hər hansı nazirlikdə bir nazir dəyişəndə gözləmək olar ki, onun həmin qurumda və sahəsində korrupsiyanın səviyyəsi dəyişə bilər. Ən vacib məsələ budur. Hazırda öz müavini olduğundan hesab edirəm ki, orada müsbətə doğru dəyişiklik görmək olmaz. Əksinə, mənfi ola bilər. Çünki müavini də vaxtilə keçmiş nazir gətirib. Ona görə də eyni iş vərdişlərə malikdir. Bu baxımdan da müsbətə doğru dəyişiklik yəqin ki, olmayacaq. Burada əsas əhalinin sosial müdafiəsindəki işlərin görülməsidir. Sahil Babayev gələndə bəzi şeylər yaxşılaşdı, bəzi şeylər isə pisləşdi. İndiki nazirin daxildən seçilən şəxs olduğuna görə, çox ciddi fərqlər görə bilməyəcəyik. İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, indidən bu haqda fikir bildirmək çətindir. Siyasətdə dəyişiklik olacaqmı, yeni qaydalar qəbul olunacaqmı, əvvəl olan problemlər aradan qalxacaqmı? Bütün bunları görmək üçün zaman lazımdır. Əslində, heç olmasa klassik yanaşma budur ki, hansısa vəsifəyə kimsə seçilirsə, ya təyin olunursa 100 günlük zaman tanımaq lazımdır ki, bu 100 gün ərzində o, hansı işləri görür və sonra onun fəaliyyətinə qiymət vermək mümkün olacaq. Geri qayıt |