Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Şərurlu İsfəndiyar"ın yaxın adamı fırıldaqçı kimi həbs olundu
"Şərurlu İsfəndiyar"ın yaxın adamı fırıldaqçı kimi həbs olundu14-05-2014, 14:31 |
DİA.AZ: - Bakı şəhər sakininin “Vedi-E” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır. DİA.AZ-a baş prokurorluqdan daxil olan məlumatda deyilir ki, araşdırmalar zamanı MMC-nin direktoru Qoşun Rəhimovun cəmiyyət tərəfindən Yasamal rayonunda inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı mənzilləri aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satmaqla ümumilikdə onlara 305 min manat məbləğində ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır. Hazırda vətəndaşlara vurulmuş ziyanın ödənilməsi və onların pozulmuş hüquqlarının bərpası istiqamətində iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. DİA.AZ xatırladır ki, keçən ilin sentyabr ayında “VEDI-E” MMC və “SAFARI-N” MMC tərəfindən aldadıldıqlarını bildirən bir qrup vətəndaş ölkə başçısı Ilham Əliyevə, xanımı Mehriban Əliyevaya, milli təhlükəsizlik naziri Eldar Mahmudova, baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edib. Müraciətin müəlliflərinin sözlərinə görə, 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar. Bu şirkətin təsisçisi Elmr Məhərrəmov, direktoru isə Qoşun Rəhimovdur. Müqavilə əsasında şirkət vətəndaşlardan toplam olaraq bir milyon manatdan çox vəsait alıb. Vətəndaşlar pul alınması barədə maliyyə arayışları da var. Lakin vətəndaşlara “VEDI-E” MMC-nin inşa etdiyi binada mənzil almaq qismət olmayıb. Çünki şirkət tikinti işlərini bir müddət sonra naməlum səbəblərdən dayandırıb. Orada işləyən fəhlələr buraxılıb. Vətəndaşlar “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun qəbulunda olublar. Lakin o, məsuliyyəti “SAFARI-N”MMC-nin üzərinə atıb. Bəlli olub ki, bu işdə “VEDI-E” MMC podraçtı, “SAFARI-N” MMC isə sifarişçidir. Bu şirkətin əsas çətiri isə Imran Axundovdur. O, “Şərurlu Isfəndiyar” kimi tanınan iş adamı Isfəndiyar Axundovun qardaşıdır. Vətəndaşlar Imran Axundovun da qəbulunda olublar. O da öz növbəsində məsuliyyəti “VEDI-E” MMC-nin üzərinə atıb. “Beləliklə aydın oldu ki, biz növbəti tikinti fırıldaqçılarının qurbanı olmuşuq. Bu işdə 18 ailə, təxminən 50-ə yaxın Azərbaycan vətəndaşı zərərçəkəndir”, - deyə vətəndaşlar bildirirdi. Onların sözlərinə görə, əslində bu işdə “Şərurlu Isfəndiyar” əsas rol oynayır. Bu cür işlərlə məşğul olan podratçı şirkətlər məhz onun nəzarətindədir. “Şərurlu Isfəndiyar”ın adı Azərbaycanda tikinti sahəsində baş verən dələduzluq əməllərində bir neçə dəfə hallanıb. Geri qayıt |