Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Balakəndə adam oğurluğu və zorlama faktını kimlər və niyə ört-basdır edir?

Balakəndə adam oğurluğu və zorlama faktını kimlər və niyə ört-basdır edir?


19-06-2014, 13:55
Balakəndə adam oğurluğu və zorlama faktını kimlər və niyə ört-basdır edir?
Redaksiyamıza yeni daxil olmuş ərizədə irəli sürülən iddiaya görə, may ayının 18-də Balakən rayonunda baş vermiş adam oğurluğu və zorlama hadisəsi də düz bir aydır ki, yerli hüquq-mühafizə və prokurorluq orqanları tərəfindən ört-basdır olunur. Amma yaxşı olardı ki, təqdim olunan faktlarla, təcavüzə məruz qaldığı iddia olunan şəxsin anası Xanməmmədova Həlimə Hüseyn qızı tərəfindən imzalanmış ərizədən tanış olaq. Qeyd edək ki, redaksiyamıza yalnız surəti təqdim olunmuş bu ərizə Həlimə Xanməmmədova tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmışdır.Beləliklə, Balakən rayonu Yeni Şərif kənd sakini Xanməmmədova Həlimə öz ərizəsində bildirir ki, düz bir ay bundan əvvəl onun qızı Zaira Çopsiyeva öz iradəsinin ziddinə olaraq qaçırılmış və təcavüzə məruz qalmışdır: “Qızım may ayının 18-də rayon mərkəzindən geri qayıdanda zorakılıqla Anarəcəbov Kamal Heybullah oğlu tərəfindən dostu Şaban Urkayevin köməkliyi ilə Qabaqçölün (Balakəndə bir neçə kəndi özündə birləşdirən ərazi – red.) Şambul kəndinin ərazisində qaçırılmışdır. Elə həmin yerdə də qızım həmin şəxs tərəfindən zorlanmışdır. Mən bundan xəbər tutan kimi dərhal Balakən rayon Polis Şöbəsinə şikayət etdim. Elə həmin gün polislər həmin şəxsi saxlayaraq Balakən rayon Polis Şöbəsinə gətirdilər. İşi müstəntiq Məhəmməd Əliyev aparırdı...”Göründüyü kimi polis orqanları baş vermiş hadisəyə dərhal operativ reaksiya vermişlər. Lakin onların sonrakı əməllərinin, əslində qanun keşiyində durmalı olan insanlar tərəfindən törədilə biləcəyinə qətiyyən inanmaq olmur. Bununla belə öz qızının acısını hələ də yaşamaq məcburiyyətində qalan ana, hadisələrin sonrakı inkişafını məhz bu cür təsvir edir: “Mən özüm Qabaqçöl qəsəbə xəstəxanasında tibb bacısı işləyirəm. Səhər tezdən Balakən Rayon Mərkəzi Xəstəxanasından tanışlarım olan iş yoldaşlarım zəng vurub dedilər ki, qızım ağır vəziyyətdə qanaxma ilə ora gətirilib. Mən ora gedənə kimi narkozdan tam ayılmamış qızıma müstəntiq ağ kağıza qol çəkdirib ki, güya özü qoşulub qaçıb, qalan yerlərini öz bildiyi kimi yazıb. Mən həmin günü qızımı ordan evə gətirdim ki, ev şəraitində müalicəsini davam etdirim. Müstəntiq həmin gün mənə zəng edərək dedi ki, qızı ekspertizaya aparmaq lazımdı. Səhər tezdən qızı ekspertizaya apardıq və mən şəxsən özüm də orda iştirak etdim. Ekspert məsləhət gördü ki, dərhal Bakı şəhərinə gedib daha dəqiq rəy almalıyıq. Orda mənim başımı müstəntiq, Şaban Urkayev və Kamalın qardaşı Kamil qatıblar və şərait yaradıblar ki, qızımı Kamal yenidən qaçırsın. Mən bundan xəbər tutan kimi müstəntiqdən onun necə azadlığa çıxmasının səbəbini soruşdum və qızımın dərhal qaytarılmasını tələb etdim...”Doğrudan da maraqlıdır, görəsən adam oğurluğunda və zorlamada təqsirləndirilən Kamal Anarəcəbov bu tezliklə necə sərbəst buraxılmışdır? Həm də dövlətin tibb müəssisəsində təkrar cinayət törətməyə necə cürət etmişdir? Təbii ki, bu məqamda Həlimə xanımın yerli polis orqanlarına qarşı sualları olacaqdır. Lakin ananın şikayəti bununla bitmir. Xüsusilə Balakən rayon prokurorunun yaranmış vəziyyətdə nümayiş etdirdiyi mövqeyi bizi son dərəcə təəccübləndirir. Belə ki, daha sonra ərizədə oxuyuruq: “Mən dəfələrlə 102 xidmətinə, Balakən Rayon Polis İdarəsinə, rayon prokuroruna şikayət etsəm də heç bir nəticəsi olmamışdır. Rayon prokuroru Həsən Əliyev məni qəbul etsə də məni borclu çıxardı və dedi ki, bura axtarış bürosu deyil. Mən bu günə kimi qızımın sağ-salamat olmasından belə xəbərsizəm. Mənim qızımı qaçıran şəxs məhkumluq həyatı yaşayan birisidir və onun digər 5 qardaşı da müxtəlif cinayətlərdə adları hallanan adamlardır. Xahiş edirəm ki, qızımın bu cinayətkarların əlindən alınmasında və mənə qaytarılmasına köməklik göstərəsiniz.”Düşünürük ki, burada artıq əlavə şərhə ehtiyac yoxdur. Ümid etmək olar ki, ən qısa zamanda hadisə ilə bağlı obyektiv araşdırmaların aparılması və təqsirkar şəxslərin müəyyənləşdirilərək cəzalandırılması barədə Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi səviyyəsində müvafiq göstərişlər veriləcəkdir. Hələlik isə əlimizdən gələn yalnız hadisələrin inkişafını müşahidə etmək və Həlimə xanıma səbr diləməkdir.

Geri qayıt