Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Torpaq alverində ittiham olunan Şamaxının icra başçısından prezidentə şikayət olundu

Torpaq alverində ittiham olunan Şamaxının icra başçısından prezidentə şikayət olundu


27-08-2014, 14:32
Torpaq alverində ittiham olunan Şamaxının icra başçısından prezidentə şikayət olundu
DİA.AZ: - Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin yerli sahibkarlara divan tutmasını heç də nonsens adlandıra bilmərik. Elə buna görə də, artıq sözügedən rayonda iş adamlarının, fermerlərin başına açılan müsibətlərlə bağlı redaksiyamızın elektron poçtuna daxil olan istənilən bir şikayət xarakterli müraciəti təbii qarşılayırdıq. Amma bu dəfə DİA.AZ-a göndərilən məktubda narazılıq edən fermer hər kəsi heyrətləndirdi.

Bəri başdan bildirək ki, narazı vətəndaş adının çəkilməsini istəmir. Bu da anlaşılandır. Deyir ki, Asif Ağayev yerli polisin əli ilə istədiyi «narazılıq nöqtəsini» susdurur: «Biz kasıb adamlarıq. Bu gün isə Şamaxı rəsmən Bakıdakı yekə məmurlar tərəfindən bölüşdürülüb. Şamaxı camaatı onlara görə, acından ölməlidir. Asif Ağayev də əkinə yararlı torpaqları - yerli sakinlərin pay torpaqlarını məmurlara dəyər-dəyməzinə satır.

Özü də yaxşı bilir ki, vəzifə başında müvəqqətidir. Elə müvəqqəti adam kimi də davranaraq sakinlərin narazılığını qulaqardına vurur, istədiyini edir».

Şamaxılı sahibkar dia-az.life-a şikayətində bildirir ki, bu günlərdə onun ata-baba torpağını icra başçısının adamları satıblar: «Az qala 80 ildir ki, mən və babalarım bu torpağı əkmişik. Yerini, yurdunu yazmıram. Asif Ağayev yaxşı bilir. Dəfələrlə qəbulunda olmuşam. Deyir hara istəyirsən, şikayət et. Bəs, həmin torpağı filankəs alıb. Filankəsin də adını çəkə bilmirəm. Adamın dədəsini yandırarlar.

Biz kasıb babayıq. Yetimçiliklə, əkinçiliklə ailəmizi saxlayırıq. Başçıdan əlavə əkin üçün əvəzində torpaq istədim. Məni qapısından qovdu. Yəni deyir ki, acından ölməliyəm.

Sizin saytınız vasitəsilə prezidentə müraciət edirəm. Cənab prezident. Biz hər zaman Sizi dəstəkləmişik. Yenə də Sizin yanınızdayıq. Bu gün müharibə əhval-ruhiyyəsi alovlanır. Yenə də bir əsgər kimi Sizin əmrinizdə olacağıq. Sizin prezident seçilməyiniz Azərbaycan xalqının ən böyük qələbəsidir. Bunu biz hər zaman belə qəbul etmişik.

Amma bu gün Sizin nüfuzunuza zərbə vurmaq istəyənlər də var ki, onlardan da biri Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevdir. Özünün şəxsi mənfəəti naminə bu gün bizi ac qoyub. 8 nəfərlik böyük ailəm var. Əkinsilik yeganə dolanışıq yerimdir. Sizdən xahişim odur ki, Asif Ağayevin Şamaxı torpaqlarını qanunsuz olaraq satmasının qarşısını alasınız.

Tək mən deyiləm. Bu gün Şamaxının əksər sakinləri icra başçısının məhz torpaq alverinin qurbanı olub. Artıq biz də şəhərdə yaşayanlar kimi kənd təsərrüfatı məhsullarını bazardan almalı oluruq. Bu, ölkənin kənd təsərrüfatına böyük zərbədir».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt