Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Sumqayıt dövlət universiteti yeni tədris ilinə yeni rüşvət tarifləri ilə

Sumqayıt dövlət universiteti yeni tədris ilinə yeni rüşvət tarifləri ilə


3-09-2014, 14:26
Sumqayıt dövlət universiteti yeni tədris ilinə yeni rüşvət tarifləri ilə
DİA.AZ: - Məlum olduğu kimi ötən ilin dekabr ayının 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov tutduğu vəzifədən azad olunub. Bundan sonra Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunmuş Elxan Hüseynova bu ali təhsil müəssisəsində rektor vəzifəsinin müvəqqəti icrası da həvalə edilmişdi. Nəhayət 5 mart 2014-cü il tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.Təbii ki, yeni təyinat yeni ümidlər deməkdir. Xüsusilə də Sumqayıt Dövlət Universitetində mütərəqqi islahatlar gözləntisi artıq çoxdan həm tələbələrin, həm də pedaqoji heyətin səbrini sınağa çəkməkdə idi. Buna görə də universitetin rəhbərliyində olan dəyişikliyi burada böyük ruh yüksəkliyi ilə qarşıladılar. Lakin aradan çox az bir müddət keçdikdən sonra SDU-da yeganə islahatların məhz elə kadr dəyişikliklərindən ibarət olacağı artıq hamıya aydın oldu. İlk növbədə bu “islahatlar” universitetin professor-müəllim heyətinə güclü zərbə endirməklə diqqəti cəlb etdi. Belə ki, Elxan Hüseynovun 2002-ci ilədək olan elmi fəaliyyəti onun ali təhsil aldığı Bakı Dövlət Universiteti ilə sıx bağlıdır. İlk növbədə 1985-ci ildə E.Hüseynov BDU-da (o zaman Azərbaycan Dövlət Universiteti) namizədlik dissertasiyasını müdafiə etmiş, 1994-cü ildə isə dosent elmi adı almışdır. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. Görünür bu illər ərzində Elxan müəllim öz ətrafında kifayət qədər etibarlı komanda toplaya bilmişdir. Aldığımız məlumatlara görə SDU-ya rektor təyin olunandan dərhal sonra Elxan Hüseynov öz komandasını da buraya gətirmişdir. Bu isə universitetin bir çox müəllimlərinə öz iş yerlərini itirməklə başa gəlib. Halbuki onların arasında uzun illər boyu öz vəzifələrini namus və vicdanla yerinə yetirmiş peşəkarlar əksəriyyət təşkil edirdi. Ən təəssüfdoğurucu hal isə bundan ibarətdir ki, Elxan Hüseynov nəinki özündən əvvəlki rektorun dövründən yığılıb qalmış problemlərin həlli istiqamətində addımlar atmadı, əksinə SDU tələbələrinin dili ilə desək “köhnə bazara yeni qiymətlər” də daxil edildi. Aldığımız məlumatlara görə yeni rektor universitetə təzə gətirdiyi fakültə və kafedra rəhbərlərinə tapşırıb ki, ilk növbədə qiyabiçi tələbələrə imtahan qiymətlərinin qalxması ilə bağlı əvvəlcədən xəbərdarlıq olunsun. Belə ki, əgər əvvəl imtahan qiymətləri 50 manat idisə, bundan sonra 80 manat olacaq. Əla qiymət almaq istəyənlər isə 100 manat ödəməlidirlər. Daha sonra məlumatlarda qeyd olunur ki, Elxan Hüseynov artıq xaricdən tələbə transferləri məsələsini də tam olaraq “relsə” qoyub. Bir transferin qiyməti də 15 min manat məbləğində müəyyənləşdirilib.Hələ mövzuya dair ötən yazılarımızda biz bildirmişdik ki, Sumqayıt Dövlət Universitetində artıq adi hala çevrilmiş özbaşınalıqların sonu görünmür. İstər korrupsiya hallarına qarşı mübarizəni həyata keçirməyə məsul olan qurumlar, istərsə də Təhsil Nazirliyi SDU-nun rəhbərliyinə qarşı ölçü götürməkdə acizlik nümayiş etdirirlər. Təbii ki, bu acizlik heç də adı çəkilən qurumların fəaliyyətsizliyindən irəli gəlmir. Sadəcə olaraq bu ali təhsil müəssisəsində bütün işlər o dərəcədə qarışığa salınıb ki, onlardan baş açmaq son dərəcə çətindir. Bu gün isə universitetdə olan mənbələr bu ali təhsil müəssisəsində vəziyyətin daha da gərginləşdiyini xəbər verirlər.Xatırlayırsınızsa, hələ keçmiş rektorun vaxtında bu universitetdə korrupsiya halları elə bir görünməmiş vüsət almışdı ki, tələbələr artıq öz hüquqları uğrunda mübarizə aparmaq üçün “Rüşvətsiz Təhsil Hərakatı” adlandırdıqları təşkilat yaratmışdılar. Ötən saylarımızda biz Hərəkat üzvlərinin redaksiyamıza ünvanladıqları şikayət məktublarından bəzi çıxarışları da dərc etmişdik. Görünür bu təşkilatın da öz fəaliyyətini dayandırması üçün hələ çox tezdir...

Geri qayıt