Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Hadı Rəcəbli haqlıdır: O heç vaxt maaşından gileylənə bilməz, çünki maaşının miqdarını belə bilmir
Hadı Rəcəbli haqlıdır: O heç vaxt maaşından gileylənə bilməz, çünki maaşının miqdarını belə bilmir22-09-2014, 14:21 |
DİA.AZ: - Deputat Hadı Rəcəbli bir müddət əvvəl mətbuata açıqlamasında bildirdi ki, bəs, o da hamı kimi yaşayır və hətta maaşı ona çatmır. Sonra nə baş verdisə, möhtərəm deputatımız dediklərini təkzib etməli oldu. Və hətta israr da etdi, tələb etdi ki, onun fikirlərini, yəni giley-güzar dolu fikirlərini yayan KİV-lər təkzib versinlər. Təbii ki, biz nə onun fikrini vermişdik, nə də təkzibini yaymaq zorundayıq. Amma DİA.AZ olaraq bizə maraqlı olan məqamlar var. Onlara keçməzdən öncə Hadı Rəcəbli cənablarının son açıqlamasını diqqətinizə təqdim edək: «“Mən heç vaxt deməmişəm ki, maaşım mənə çatmır”. Millət vəkili mətbuatda onun adından ““İnsanlar çox zaman deyir ki, pensiyam mənə çatmır. Mən də sizə deyirəm ki, heç mənim maaşım mənə çatmır” ifadəsini təkzib edib: “Mən şükranlı adamam. Dövlətimdən, həyatımdan, taleyimdən, ailəmdən razı adamam. Əmək haqqım mənə bəs qədər çatır. Siz məni tanıyırsınız. Hadı müəllim belə bir fikir səsləndirə bilər? Sosial siyasətlə məşğul olan, insanların ən qayğılı qrupu ilə işləyən adam kimi bu sözü deyə bilərəm? Mən bir neçə dəfə belə konteksdən ayrılan fikirləri ortaya çıxaran təxribarlarla üzləşmişəm. Bu da növbəti təxribatdır. Bu fikirləri hər gün, hər saat səsləndirən mətbu orqanları niyə mənə zəng vurub soruşmur ki, Hadı müəllim siz belə bir fikir səsləndirmisiniz? Bunu “feysbuk”a qoyublar, saytlarda yerləşdiriblər. Amma bir jurnalist zəng vurub soruşmur ki, siz belə bir söz demisinizmi? Axı hamı bilir ki, mənim telefonum həmişə açıqdır. Mətbuata açıq adamam”. Hadı Rəcəbli bildirib ki, bu gün ona deyiblər ki, mətbuat onun haqqında belə bir fikir yazıb. “Kökündən yanlış olan bir təxribatdır. Bunu kimsə əvvəl bəlkə sensasiya, oxucu diqqəti cəlb etməyə uydurubsa, sonradan bu azğınlığa, mənə qarşı təxribata və hörmətsizliyə gətirib çıxarıb. Çox təəssüf. Mən bunu birmənalı olaraq təkzib edirəm. Belə bir fikir mənim dilimdən heç vaxt səslənməyib. Mən həmin yazan insandan soruşmaq istəyirəm ki, sən bunu hardan yazmısan? Niyə məndən soruşmamısan? Ona görə xahiş edirəm bu əsassız fikri səsləndirən KİV təkzib versinlər. Belə hallarla, informasiya ötürmələriylə bağlı müvafiq tədbirlər görülməsini xahiş edirəm”». Bəli, görünəni odur ki, Hadı müəllimi bu fikirlərindən dolayı çox sıxıblar. Yəni bir maaşla dolanmaq məsələsi baxımından. Biz də belə gözləyirdik. Amma bir məsələ var. Hadı müəllim əgər həqiqətən də maaşla dolana bilmədiyini deyibsə, haqlıdır. Çünki bu gün onun və onun kimi digər oliqarxlaşmış deputatların, məmurların yaşadıqları həyat o qədər bahalıdır ki, onların rəsmi maaşları xərclədikləri pulla tərs mütənasiblik təşkil edir. Sadəcə olaraq bir məsələ unudulur ki, nə Hadı Rəcəbli və nə də qeyd etdiyimiz kateqoriyadan olan digərləri heç bir vaxt quru maaşa ümidli olmayıblar ki, həmin maaşın da azlığından şikayət etsinlər. Ona görə biz də Hadı Rəcəbliyə haqq qazandırırıq. O, gileylənə bilməz. Çünki Hadı müəllimin bu gün Bakıda elektrotexnika biznesində kifayət qədər populyar olan bir şəbəkəsi var. Onun oğlu zamanında «Himayədar» adı altında QHT sektorunda da kifayət qədər ciddi pullar əldə edib. Bundan əlavə, Hadı Rəcəbli Cənub bölgəsindən olan deputatların şəbəkələşməsində açar isimlərdən biridir və onun Şeyxin yanında xüsusi mövqeyi var. Yəni istədiyi zaman istənilən məbləği ortaya qoya bilər. Davamını sayaqmı? Hər halda, yetərlidir… Təbii ki, əlavə faktlar tələb olunsa, təqdim edəcəyik. Amma bir şeyi yaxşı bilin ki, Hadı Rəcəbli heç vaxt maaşından gileylənə bilməz. Çünki onun kimiləri hətta maaşlarının dəqiq məbləğini belə bilmirlər… Yəni buna ehtiyacları olmayıb… Ona görə də, cənablar, gedin möhtərəm deputatımızın dediyi kimi edin… təkzib verin… Nazim - DİA.AZ Geri qayıt |