Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Saatlı rayonunda bir kəndin sakinlərinin həyatı təhlükə altındadır

Saatlı rayonunda bir kəndin sakinlərinin həyatı təhlükə altındadır


24-09-2014, 13:50
Saatlı rayonunda bir kəndin sakinlərinin həyatı təhlükə altındadır
DİA.AZ: - Azərbaycan Prezidenti cənab İlham Əliyev vətəndaşların ərizə və şikayətlərinə, müraciətlərinə vaxtında baxılması və yaranmış problemlərin dərhal aradn qaldırılması ilə əlaqədar nazirlərə və komitə sədrlərinə vətəndaşları bölgələrdə qəbul etmək barədə göstəriş verib. İnsafən, bu iş uğurla aparılır və vətəndaşlar qarşılaşdıqları problemlərin aradan qaldırılması ilə əlaqədar daha mərkəzə-Bakıya üz tutmurlar.

DİA.AZ bildirir ki, nazirliklərdə və komitələrdə vətəndaşların müraciətlərinə operativ cavab vermək üçün yaradılmış qaynar xətlər də bu baxımdan çox yüksək qiymətə layiqdir. Təəssüf ki, bəzi nazirliklərin qaynar xətləri daim”dolu” olur və vətəndaşlar öz müraciətlərini qaynar xətlər vasitəsi ilə çatdıra bilmirlər. Həmin qaynar xətlərin yalnız bir cavabı var: “Bu istiqamətdə xətlər doludur”. Belə “dolu” qaynar xətlərdən biri də “Azərenerji” ASC-yə məxsusdur. Saatlı rayonunun Genişkənd kənd sakinləri düz bir aya yaxındır ki, nə qədər cəhd etsələr də, “Azərenerji” ASC-nin qaynar xəttinə düşə bilmirlər.

Saatlı rayonunun Genişkənd kəndində bir aya yaxındır ki, elektrik dirəyi aşıb və qorxulu vəziyyət yaranıb. Daha 5 elektrik dirəyi də aşmaq üzrədir. Kənd sakinləri bu barədə Saatlı rayon elektrik idarəsinin rəisi Əfqan müəllimə də məlumat veriblər. Əfqan müəllim deyib ki, mən hələ təzəyəm. Yəni bu vəzifəyə təzə təyin olunmuşam. Qoyun bir az köhnəlim, sonra baxarıq.

Kənd sakinlərinin təkidli müraciətlərindən sonra nəhayət, təzə müdir ərazi sahəsinə, Sarıcalarda yerləşən sahə rəisinə qəzanın aradan qaldırılması ilə əlaqədar göstəriş verib. Uzun sürən telefon zənglərindən sonra axır ki, Sarıcalardakı sahə rəisi - özünü Kərbalayi Heydər kimi təqdim edən bir şəxs gəlib və o da deyib ki, vallah müdir mənə heç bir material verməyib. Gəlin köməkləşək daha dəqiqi elektrik dirəkləri məndən, qaldırıcı kran sizdən. Əgər kran tapa bilməsəniz, pulunu yığın verin, biz tapaq. Ondan soruşanda ki, bu alverdən Əfqan müəllimin xəbəri varmı? Kərbəlayi Heydər də deyib ki, Əfqan müəllim Əfqanıstandan gəlməyib ki. Hər şeydən xəbəri var.

Kənd sakinləri bu alverlə razılaşmadıqdan sonra Kərbalayi Heydər də sakitcə çıxıb gedib. Genişkənd sakinləri isə yenə də qorxu içərisində yaşayırlar. Görəsən sabah elektrik dirəkləri aşsa və hər hansı bir qəza baş versə, görəsən məsuliyyət kimin üzərinə düşəçək?

Kənd sakinləri vəziyyətin son dərəcə gərginləşdiyini görüb Saatlı Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Hətta, rayon icra hakimiyyətinin rəhbərliyi də Saatlı Rayon Elektrik İdarəsinin rəisinə mürciət edib ki, kənddə yaranmış ağır vəziyyəti təcili aradan qaldırsınlar. Bu tapşırıqdan 20 gün keçsə də hələlik heç bir tədbir görülməyib.

İndi Saatlı rayonunun Genişkənd kənd sakinləri gözləyirlər ki, görəsən Saatlı Rayon Elektrik İdarəsinin rəisi nə vaxt “köhnələcək” və “Azərenerji” ASC-nin qaynar xəttinin boişalan vaxtı olacaqmı? Bəlkə ondan sonra kənddə yaranmış gərgin vəziyyət aradn qaldırıla.

Elxan Cəfərli,
Saatlı rayonu

Geri qayıt