Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Azərbaycandakı Fətullah Gülən camaatına aid şirkətlərə total hücum başlanılır

Azərbaycandakı Fətullah Gülən camaatına aid şirkətlərə total hücum başlanılır


15-10-2014, 15:37
Azərbaycandakı Fətullah Gülən camaatına aid şirkətlərə total hücum başlanılır
DİA.AZ: - Neçə müddətdir ki, Azərbaycanda fəaliyyət göstərən və Fətullah Gülənə yaxın olan şirkətlərə qarşı yeni təzyiq dalğasına start veriləcəyi haqda xəbərlər yayılırdı. Artıq bu yöndə ilkin hərəkətlənmələr var. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir. Xəbərdə bildirilir ki, Fətullah Gülən camaatına aid şirkətlərin Azərbaycanda sıxışdırılıb biznes mühitindən çıxarılması üçün konkret fəaliyyət proqramı hazırlanır.

Mənbənin DİA.AZ-a söylədikləri: “Hər halda illər ərzində Azərbaycanda müxtəlif biznes sahələrində təmsil olunan nurçu şirkətlərinə bir günün içində “əlvida” deyilməsi imkansızdır. Ona görə də bu proses tədricən həyata keçiriləcək”.

Mənbə dia-az.life-a eyni zamanda Azərbaycanda fəaliyyət göstərən və nurçularla əlaqəli olduğu iddia edilən şirkətlər və iqtisadi qurumlar barədə də bilgilər verib. Aydın olur ki, onlar ölkəmizdə əsasən iki təşkilatda birləşir.

1. TÜSİAB - Türkiyə Sənayeçi və İş adamları Birliyi

Nurçuların Azərbaycandakı əsas iqtisadi qurumu kimi təqdim edilir. 20 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərən qurumda 230-dan artıq türk şirkəti birləşir. Bu şirkətlərin bir çoxu Azərbaycan şirkətləri ilə şərikli fəaliyyət göstərsələr də, böyük əksəriyyəti Türkiyə şirkətləri olaraq ölkəmizdə qeydiyyatdan keçiblər. Bunlar əsasən sənaye və emal, telekomunikasiya, inşaat və təmir, mətbuat, tekstil, təhsil, səhiyyə, bank sektoru və sığorta, rabitə, avtomobil, neft sektorları kimi sahələri əhatə edir.

Bu şirkətlərin Azərbaycandakı sərmayəsi isə 3 milyard dollara yaxındır. Şirkətlərdə hazırda 30 mindən artıq işçi çalışır və bunların böyük əksəriyyəti, xüsusən də idarəetmə orqanlarında çalışanlar Türkiyə türklərdir.

2. ATİB - Azərbaycan Türkiyə İş adamları Birliyi

2002-ci ildə Türk İş Adamları Dərnəyi (TİAD) olaraq təsis olunub. TİAD-ın 17 aprel 2004-cü ildə keçirilmiş Ümumi Yığıncağında təşkilatın adı dəyişdirilib və ATİB adlandırılıb. Hazırda 100-ə yaxın üzvü var.

Əsasən qeyri-neft sektorunda fəaliyyət gösərirlər. Bu şirkətlərdə 50 min nəfərdən artıq insan çalışır. TÜSİAB-da olduğu kimi, burda da çalışanların böyük əksəriyyəti Türkiyədən gəlmədir.

ATİB üzvlərinin Azərbaycanda 3 milyarddan artıq sərmayəsi var.

İnşaat sektorundakı nurçu şirkətlər hansıdır?

“Gülən hərəkatı”na bağlı olduğu iddia edilən biznes şəbəkəsi Bakıda və digər bölgələrdə inşaat sektorunda çox güclü faliyyət göstərirlər. Bunlardan başda gələn “ARAL Group”dur.

Bu şirkət 1991-ci ildə Türkiyədə Əhməd Çətin tərəfindən təsis edilib. “ARAL Group” inşaat-podratçılıq və idxal-ixrac sahəsində xidmət göstərir. Şirkət yüksək mərtəbəli ofis, yaşayış və müxtəlif məqsədli binaların tikintisini həyata keçirir.

2004-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Ölkəmizin tikinti sektoruna 400 milyona yaxın sərmayə qoyub.

“ARAL Group” şirkətlər qrupuna “Falez MMC”, “İnkom MMC”, Elif MTK”, “Yusuf MTK”, “Esra Plaza”, “Babək MTK” kimi şirkətlər daxildir.

“OMİD” inşaat və tikinti materialları şirkəti də bu şəbəkədə önəmli şirkətlərdəndir.

FAB boyaları, həmçinin mərkəzi ofisi İzmirdə yerləşən «Cengiz Holdinq»ə aid «Cengiz İnşaat» Azərbaycanda ciddi layihələr həyata keçirir.

“Sıpat Beton”, o cümlədən Nəqliyyat Nazirliyinin böyük layihələrində yer alan “Polat Yol Yapı” şirkəti şəbəkəyə aid edilir.

Nurçular təhsil sektorunda

Nurçuların təhsil sektorunda fəaliyyətini xüsusi vurğulamağa ehtiyac yoxdur, çünki bu barədə media kifayət qədər məlumat verib. Artıq bu sahəyə rəsmən süpürgə çəkildiyindən “Qafqaz” Universitetini qeyd etməklə yetinmək olar

Qida sektoru


Qida sektorunda da nurçu şəbəkənin ciddi payları var. Paytaxtın ən məşhur və elit restoranı sayılan “MADO” şəbəkəsi də bu setə aid edilir.

Əzcaçılıq sektoru

Bakının ən məşhur apteklər şəbəkəsi olan “AVİS Apteklər” bu sahədə böyük dövriyyəyə malik qurumdur.

Onu da bildirək ki, təxmini hesablamalara görə, ölkəmizdə qeyri-neft sektoruna yatırım qoyan xarici şirkətlər sırasında nurçulara bağlı qurumların payı 10 milyard dollarla ölçülür.

DİA.AZ-a verilən məlumatda xüsusilə vurğulanır ki, iqtisadi sahələrə bu qədər nüfuz etmiş nurçuların siyasi vəzifələrdən sürətlə təmizlənməsi Azərbaycanda stabil iqtisadi vəziyyətə mənfi təsir edə bilər. Çünki şəbəkədə 100 mindən artıq işçi çalışır və sıravi işçilərin böyük əksəriyyəti azərbaycanlılardır.

Ona görə də nurçuların iqtisadi imperiyasının siyasi mahiyyətini önləmək üçün addımlar atılır və prosesin tədrici yolla həyata keçirilməsi planlaşdırılır.

Geri qayıt