Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Dövlət Torpaq Komitəsi özü özünü məhkəməyə verib

Dövlət Torpaq Komitəsi özü özünü məhkəməyə verib


14-11-2014, 14:33
Dövlət Torpaq Komitəsi özü özünü məhkəməyə verib
Ağcabədi şəhəri, Əli Talıbov küçəsi, ev-77-nin sakini, şəhid ailəsi Talıbova Xanım Muxtar qızı tərəfindən Baş Prokuror Zakir Qaralova, surəti “Təzadlar” qəzetinə ünvanlı şikayət məktubu daxil olub.
Redaksiya həmin şikayəti araşdırmaq və qarşı tərəfin mövqeyini öyrənmək üçün dəfələrlə cəhd etsə də, təəssüflər olsun ki, qarşı tərəf- DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev telefon zənglərimizə cavab vermədi. Onun da mövqeyini dərc etməyə hazır olduğumuzu bildirməklə, aşağıda şəhid ailəsinin Baş prokurora ünvanlı şikayətini ixtisarla təqdim edirik:
Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova!
Hörmətli cənab Baş Prokuror!
Bildirirəm ki, mən şəhid ailəsiyəm. Həyat yoldaşım Əli Talıbov Azərbaycanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Yaşadığımız küçə hazırda onun adını daşıyır. Buna görə dövlətimizə minnətdaram ki, şəhidin adını əbədiləşdiriblər. Ancaq çox təssüflər olsun ki, DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev tutduğu mövqedən və şəxsi əlaqələrindən istifadə edərək, şəhidin adını daşıyan küçədə, həmin şəhidin ailəsinə məxsus, həyat yoldaşımın şəhid olmazdan qabaq özünün bünövrəsini qoyduğu, həmçinin 29.10.1991-ci il tarixli Ağcabədi şəhər XDS İcraiyyə Komitəsinin sərancamı ilə Ağcabədi rayon Kooperativ Cəmiyyətinin balansında olan, yəni Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “AZƏRİTTİFAQ”-a məxsus olan və eyni zamanda bu günə qədər faktiki mənim istifadəmdə olmuş, bizim üçün daha çox mənəvi dəyəri olan mağazanın tikintisi üçün ayrılmış və həmin mağazanın altında yerləşən torpaq sahəsinə pul gücünə 07.08.2012-ci il tarixdə saxta kadastr planı (Torpaq sahəsinin plan və ölçüsü) alıb.
Qeyd etmək istəyirəm ki, mənim çoxsaylı müraciətlərim əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən araşdırma aparılaraq tam subut edib ki, həmin torpaq sahəsi heç zaman Ramiz Mehdiyevin qanuni istifadəsində və ya mülkiyyətində olmadığı halda həmin sənəd onun adına səhv olaraq hazırlanaraq verilib və həmin saxta “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin ləğv edilməsi üçün Komitə tərəfindən Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia da qaldırıb. Artıq bu qanunsuzluq faktı öz təsdiqini tapsa da, DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev öz qanunsuz əməlindən əl çəkmək istəmir, çünki cəzasızlığı onu inadından əl çəkməməyə vadar edir. Onun əməli qanunsuzluqdan çox, Şəhid ailəsinə, Şəhid ruhuna hörmətsizlikdir. Dəfələrlə DSMF-yə Ramiz Mehdiyevin qanunsuz əməlləri barədə müraciət etməyimə baxmayaraq onun barəsində heç bir araşdırma aparılmayıb. Görünür hansısa havadarına və ya nəyəsə görə ona “gözün üstə qaşın var” deyən tapılmır, ona görə də Ramiz Mehdiyev öz qanunsuz əməlindən əl çəkmək istəmir.
Hörmətli Zakir müəllim!
Mən bir şəhid ailəsi kimi Sizə mətbuat vasitəsi ilə müraciət edərək, Şəhid ailəsinin üzləşdiyi qanunsuzluğun, özbaşnalığın aradan qaldırılmasına və DSMF-nun Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev və ona bu qanunsuz əməldə dəstək verənlər barəsində qanuni tədbir görülməsinə, DSMF-nin Laçın rayon şöbəsində obyektiv və əsaslı yoxlamalar aparılmasına, həmçinin mənə yardım etmələrini acızanə şəkildə xahiş edirəm. İnanıram ki, tezliklə ailəmizə qarşı edilən haqsızlığın müəllifi cəzalandırılacaq, insan haqlarına hörmətin ifadəsi ortaya qoyulacaq.

Qarşı tərəf özünü nədə haqlı sayır?

Şikayət məktubunda qeyd olunan sərt ittihamlara (həmin ittihamlar hələki hüquqi müstəvidə sübut olunmadığı üçün mətndən çıxarılıb) cavab almaq üçün ittiham olunan tərəflə - Ramiz Mehdiyevlə əlaqə saxladıq. O, bu məsələdə haqlı saydı və qeyd olunan torpaq sahəsinin ona məxsus olması barədə bəzi arqumentlər səsləndirdi. Bizim də ona bir neçə sualımız oldu:
- Ramiz müəllim, borcumuz qarşı tərəfi dinləməkdir... Amma analoqu olmayan bir fakt ortadadır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi öz qərarını ləğv etdirmək üçün məhkəməyə müraciət edib Bu isə o demədir ki, həmin torpaq sahəsinin sizə məxsus olması barədə Komitədən verilmiş kadastr planı və digər xəritə sənədləri texniki səhvdir, ləğv edilməlidir. Bildiyimiz kimi, bu iş Şirvan İnzibati-İqtisad Məhkəməsində baxılır...
- Bli, bu iş məhkəmədə baxılır, amma mənim də əlimdə sənəd var...
***
Sonra belə qərara gəlindi ki, əməkdaşımız Ağcabədiyə və Laçın rayonuna (“Taxta körpü”) ezam olunsun, şikayətçini də dinləyərək faktı yerində araşdırsın... Növbəti yazıda bu barədə ətraflı məlumat veriləcək.
- Bəs Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Ramiz Mehdiyevə saxta sənədləri kim verib?
- Komitə sədri Qərib Məmmədovun bunlardan xəbəri olubmu?
- Böyük qalmaqala səbəb olmuş saxta sənədi verən komitə əməkdaşı niyə cəzalandırılmayıb?
(Davamı var)

Geri qayıt