Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ziya Məmmədovun çoxmilyonluq mülkləri ilə bağlı maraqlı faktlar
Ziya Məmmədovun çoxmilyonluq mülkləri ilə bağlı maraqlı faktlar14-11-2014, 15:39 |
Ziya Məmmədovun rəhbəri olduğu Nəqliyyat Nazirliyi (NN) dövlət büdcəsindən ən çox pay alan strukturdur. Məsələn, 2014-cü il üçün NN-ə büdcədən 1,3 milyard manat vəsait ayrılıb. Mətbuat uzun müddətdir davamlı şəkildə yazır ki, hər il büdcədən böyük məbləğdə vəsaitlər almasına baxmayaraq, bu qurumun gördüyü işlər daha yarıtmaz və keyfiyyətsizdir. Ölkə boyu çəkilən yolların, dəmir yol xətlərinin durumu buna əyani sübutdur. İnsanların ən çox şikayət etdiyi problemlərdən biri də yolların yöndəmsiz inşa olunması, qısa müddətdə sıradan çıxması ilə bağlıdır. "Bahalı yollar" - korrupsiyanın nişanəsi Azərbaycanda "yol korrupsiyası"nın ən əsas nişanəsi yolların çəkilməsinin və təmirinin həddən artıq baha başa gəlməsidir. Bu məqsədlə çəkilən xərclərə göz gəzdirdikdə rəqəmlərin əksər dünya ölkələri ilə müqayisədə "göz qamaşdırdığını" görmək mümkündür. Üstəlik, kefiyyət məsələsi də yuxarıda vurğulandığı kimi, ciddi problemə çevrilib. Qeyd edək ki, hələ ötən il Ziya Məmmədov mediaya açıqlamasında Azərbaycanda yolların baha qiymətə tikilməsini öz aləmində təkzib etməyə çalışmışdı və mediada belə fikirlər səsləndirilir ki, Azərbaycanda yolların tikintisi baha başa gəlir. Guya Azərbaycanda yollar dünyada ən baha başa gələn yollardandır. Əslində bu belə deyil. Reallıqda ən ucuz yollar Azərbaycanda tikilir. Nazirin arqumentinə görə, qiymətlərin artması yol layihələri çərçivəsində həddindən artıq köçürmələrlə bağlıdır: "Yolların çəkilməsi üçün fərdi evlər, digər obyektlər, kommunikasiya xətləri köçürülür. Bunların da hamısı nəqliyyat layihəsinə daxil olduğu üçün bəzən ilk baxışda qiymət yüksək görünür. Ancaq araşdırdıqda görürsən ki, ümumilikdə sərf edilən vəsaitin daxilində yolun qiyməti çox münasib və ədalətli bir şəkildə öz təsvirini tapıb". Əgər sovet dövrü və ölkə təcrid olunmuş səviyyədə olsaydı nazirin fikirləri ilə razılaşmaq olardı. Ancaq indi internet əsridir və dünya iqtisadiyyatında gedən tendensiyalardan xəbər tutmaq üçün kompüter qarşısında bircə saat oturmaq kifayətdir ki, alternativ informasiya qaynaqlarına çıxış əldə edəsən və Z.Məmmədovun doğru danışmadığına heç bir şübhən qalmasın. Necə ki, yuxarıda biz kifayət qədər belə fakt sadaladıq (xarici ölkələrin təcrübəsindən!) və həmin faktlardan da aydın görünürdü ki, Azərbaycanda yol tikintisi hədsiz dərəcədə baha qiymətə başa gəlir, bu isə sonucda yolların təmir və tikintisini ciddi korrupsiya mənbəyinə çevirib. Əgər həmin faktlar kifayət deyilsə, iqtisadçıların başqa bir hesablamasını diqqətə çatdırmaqla yazıya nöqtə qoyaq. Bakı-Ələt avtomobil yolunun 2-4 km hissəsinin, yəni cəmi 2 kilometrinin (Bayıl qəsəbəsi, Dövlət Bayraq Meydanının yaxınlığı) əsaslı təmirinə dövlət büdcəsindən 65 milyon manat (82 milyon dollar) ayrılmışdı - bir kilometrə 32,5 milyon manat (42 milyon dollar). Halbuki 82 milyon dollara Qazaxıstanda 50, Finlandiyada 25 km yolu sıfır variantından tikib təhvil vermək olardı. Bakı-Astara yolunun 4-7 kilometrliyində (Bibiheybət məscidi ilə Bayıl bazarı arasında olan hissə) yolun genişləndirilməsi üçün dövlət büdcəsindən 85 milyon manat (109 milyon dollar) pul xərclənib. Yəqin ki, izafi şərhə ehtiyac yoxdur - 1 kilometrə 37 milyon dollar. Və yaxud da uzunluğu 21 km olan Bakı dairəvi yolunun tikintisinə 114 milyon manat (146 milyon dollar) xərclənib - 1 kilometrə 7 milyon dollar. Şərhə ehtiyac qalmır. "Yol korrupsiyası"nın rəsmi təsdiqi Ziya Məmmədovun nazirliyinin yol infrastrukturunun yenilənməsi və yaxşılaşdırılması üçün aldığı milyardlarla manat büdcə pulunun korrupsiya predmetinə çevrildiyini yalnız mətbuat və müstəqil ekspertlər iddia etmir. Elə zaman-zaman rəsmi qurumlardan da həmin iddiaları dolayısı ilə təsdiqləyən məlumatlar yayılır. Məsələn, bu ilin may ayında Hesablama Palatası NN-in yol verdiyi korrupsiya faktları barədə açıqlama vermişdi. Qurumun auditi zamanı bir sıra avtomobil yollarının üzərində tikilən körpülərin tikintisində ciddi qanun pozuntuları aşkarlanmışdı. Belə ki, Saatlı-Musalı-Məzrəli avtomobil yolunda Araz çayı üzərində yerləşən və qəzalı vəziyyətdə olan metal körpünün yenidən qurulmasına, habelə Siyəzən və Qusar yol istismar idarələrinə ayrılan vəsaitin auditi aparılmış, bildirilmişdi ki, həmin körpünün təmirinə 4 milyon manat investisiya nəzərdə tutulubmuş. Yoxlamalar zamanı görüləcək işlərin siyahısı tutulmadan podratçı şirkətlərə pul ayrıldığı üzə çıxmış, bununla da dövlət büdcəsinə dəyən zərərin 120 min manata yaxın olduğu müəyyənləşmişdi. Siyəzən 4 saylı Yol İstismar İdarəsinə və Qusar 7 saylı Yol İstismar İdarəsinə avtomobil yollarının cari təmiri üçün nəzərdə tutulan 32,8 min manat vəsaitin mənimsənildiyi açıqlanmışdı. Bundan başqa, Ziya Məmmədovun nazirliyinin tabeliyindəki "Azərbaycan Dəmir Yolları" QSC-nin icrasını həyata keçirdiyi Saloğlu-Poylu mənzilinin 73-cü kilometrliyində Kür çayı üzərində II dəmir yolu körpüsünün tikintisi, Biləcəri stansiyası ərazisindən suötürücü qurğuların rekonstruksiyası və lokomotivlərin təmiri, dəmir yolunun Sarvan-Çarxı mənzilində Vəlvələ çayı üzərindəki qəza vəziyyətində olan körpüdə əsaslı təmir işləri üçün ayrılan vəsaitlərin istifadəsinin auditi aparılmış, məlum olmuşdu ki, layihələr üzə tender keçirilməyib, layihə-smeta sənədləri qanunsuz olaraq podratçı təşkilatlar tərəfindən hazırlanıb və layihənin dəyəri şişirdilib. Əslində bunlar nə birinci, nə sonuncu faktlardır; obyektiv araşdırmalar ölkədəki "yol korrupsiyası"nın miqyasının təsəvvür edildiyindən qat-qat böyük olduğunu ortaya çıxara bilər. Teymur Əliyev küçəsinə yatırılan büdcə milyonları Əslində Bakının Nərimanov rayonu ərazisində yerləşən bu mərkəzi küçəsinin geniş təqdimata bir o qədər də ehtiyacı yoxdur. Buranı "varlılar məhəlləsi" adlandırırlar və orada ölkənin bir çox zənginlərinin dəyəri milyonlarla manatla ölçülən dəbdəbəli villaları mövcuddur. Elə nəqliyyat naziri Ziya Məmmədov da bu sırada istisna deyil. Belə ki, onun bu küçədə kifayət qədər təmtəraqlı villaları var. "Varlılar məhəlləsi"ndə torpağın "qara bazar" qiyməti ilə bir sotunun 300-400 min manata olduğu bildirilir. Nəqliyyat nazirinin gözqamaşdıran imarətlərinin isə torpaq sahəsi ilə birlikdə dəyərinin təxminən 20 milyon manat civarında olduğu dəqiqdir. Bir neçə il əvvəl Məmmədovun oradakı iqamətinin həyətinə qiyməti 15 min manat olan palma ağacları gətirdiyi barədə məlumatlar yayılmışdı. 2012-ci ildə isə nəqliyyat nazirinin həmin dəbdəbəli mülkü ilə bağlı mətbuatda yer alan məlumatda oxuyuruq: "Ziya Məmmədovun imarəti tikiləndən sonra həyətində yeraltı bunker də inşa olunub. Sakinlər bunkerin təyinatı barədə dəqiq bir söz söyləmədilər". Bir sözlə, "yol korrupsiyası"nın qurbanı olan büdcə vəsaitlərinin bir hissəsini məhz Teymur Əliyev küçəsində - nazirin buradakı imarətlərində axtarmaq lazımdır. Göyçayda 3-4 milyon manatlıq villa Nəqliyyat nazirinin imarətləri yalnız paytaxt Bakı ilə yekunlaşmır. Hələ ötən il KİV-də belə məlumat yayılmışdı (sonradan isə nə təsdiq, nə də təkzib edilmişdi) Göyçayda - Höngütlü kəndində Ziya Məmmədov üçün dəyəri milyon manatlarla ölçülən təmtəraqlı villa tikilib. Bildirilirdi ki, Ziya Məmmədov həmin ərazidə 50 hektarlıq süni göl yaradıb və gölün ortasında dəyəri 4-5 milyon manat olan villa tikdirib. Tikintini Mənsur Məmmədova yaxın olan "ATF" şirkəti həyata keçirib. Nazirin Qəçreşdəki villası Ziya Məmmədovun kurasiyasında olan Quba rayonunun səfalı yerlərinin bir çoxunda da nəqliyyat nazirinin villasının olduğu uzun müddətdən bəridir deyilir, yazılır. Hələ bir neçə il əvvəl bildirilirdi ki, Qəçreşdə yuva salan oliqarxlardan ən təmtəraqlı villa vzop Ziya Məmmədova məxsus olub. Nazirin villasının yaxınlığında nazirliyin daha bir neçə "dişli sima"sının villaları olsa da, onlar Ziya müəllimin iqamətgahının kölgəsində qalıblar. Amma 2009-cu ilin yayında vəziyyət dəyişib. "Azərenerji" prezidenti Etibar Pirverdiyev inşasına 1 il əvvəldən başladığı və böyük bir inşaat briqadasını cəlb etdiyi villasının tikintisini tamamlayıb. Həmin villa Ziya Məmmmədovun iqamətgahını da "vurub-keçib". Artıq o vaxtdan bəri Qəçreşdə nazirlər bir-biri ilə ən böyük villa yarışına giriblər. Hazırda burada mövcud olan məmur villalarından ən dəbdəbəlisinin yenə məhz nəqliyyat nazirinə məxsus olduğu məlumdur. Qubanın mənzərəli, istirahət baxımından cəlbedici digər bir neçə ünvanında da nazirin imarətlərinin olduğu bildirilir. Bundan başqa, Ziya Məmmədovun Şamaxının füsunkar yerlərindən birində də özünə villa tikdirdiyinə dair iddialar var. Sonda: Göründüyü kimi, zaman-zaman KİV-də yer alan, amma nə təsdiq, nə də təkzib edilməyən məlumatlar Ziya Məmmədovun çoxsaylı mülklərinin olduğunu düşünmək üçün ciddi əsaslar yaradır. Həmin mülklərin üst-üstə dəyərinin isə sadə vətəndaş və hətta ortabab iş adamı üçün fantastik rəqəmlərlə müşaiyət olunması da şübhəsizdir. Belədə, Azərbaycan büdcəsindən hər il yol infrastrukturunun yenilənməsi, müasirləşdirilməsi istiqamətində ayrılan pulların əsl təyinatının hara olduğunu bilmək, təxmin etmək də çətin deyil. Ayrılan büdcə milyonlarından bizə qısa vaxtda dağılan yollar, nazirə isə gözqamaşdıran villalar qalır. Geri qayıt |