Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Dəmirbank”da müştəriləri necə aldadırlar?

“Dəmirbank”da müştəriləri necə aldadırlar?


18-11-2014, 14:21
“Dəmirbank”da müştəriləri necə aldadırlar?
Azərbaycanda əksər bankların müştəriləri aldatdığı, onların etimadından sui-istifadə etdiyi barədə məlumatlar vaxtaşırı olaraq gündəmə gəlsə də, hələ də bu sahədə vəziyyət dözülməz olar qalır.

Editor.az-ın əməkdaşı onda olan rus rublunu dəyişmək üçün “Dəmirbank”ın Xətai rayonu, “Bakı” kinoteatrının yaxınlığında yerləşən filialına üz tutub. 10 min rus rublunu dəyişib, əvəzində 160 AZN almalı olan əməkdaşımıza filialın kassiri bildirib ki, pul dəyişməyin müqabilində o, üç faiz “komision haqqı” ödəməlidir. Yəni 160 AZN məbləğdən 4 manat 80 qəpiyini banka “hədiyyə” etməlidir.

Bununla razılaşmayan əməkdaşımıza deyilib ki, bu bankın qoyduğu ümumi qaydadır və o, “komision haqqı” ödəmədən, pulunu dəyişdirə bilməyəcək.

Nəticədə bankı tərk edən əməkdaşımız baş verən qanunsuzluqla bağlı “Dəmirbank”ın mərkəzi ofisi ilə əlaqə yaratmağa çalışıb. Bankın 149 saylı telefon nömrəsinə çoxsaylı zənglərimizə cavab verən olmayıb. Bizi bankın operatoru ilə bağlamalı olan qarşı tərəfin dəfələrlə “Nəzərinizə çatdırırıq ki, xidmət səviyyəsini öyrənmək üçün danışıqlarınız qeydə alınır” mesajı həm də banka müraciət edənlərin, xüsusən şikayətçi olanların fikrini daşındırmaq məqsədi daşıdığı şübhə doğurmur.

Editor.az-ın əməkdaşı məsələ ilə bağlı bank mütəxəssislərindən birinin fikrini öyrənib.

Müəyyən səbəblərdən adını çəkmək istəməyən ekspert bildirib ki, bu gün banklarda vətəndaşların hüquqları addımbaşı pozulur: “Misal üçün vətəndaşa 1000 manat kredit verirlər. Bunun 50 manatı “komision haqqı” olaraq ondan alınır. Amma faizlər 1000 manatın üzərinə gəlir”.

Ekspert hesab edir ki, yaranmış vəziyyət banklara qarşı nəzarətin gücləndirilməsi zərurətini ortaya qoyur: “Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda banklar fantastik kredit faizləri tətbiq edir ki, dünyanın heş yerində belə şey yoxdur. Heç olmasa, baha kredit verirsinizsə, müştəriləri digər yollarla aldatmağa çalışmayın”.

Geri qayıt