Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Vətəndaşların evlərini başına uçuran məmurlar nə düşünür?

Vətəndaşların evlərini başına uçuran məmurlar nə düşünür?


24-11-2014, 14:51
Vətəndaşların evlərini başına uçuran məmurlar nə düşünür?
Binayi-qədimdən ev tikənin köməyinə yetişmək müstəcəb insanlar üçün ən vacib və savab işlərdən sayılırdı. İndi bu savabın quruca adı qalıb. Çətin durumda olana əl tutmaq, özünə koma qaralayanın dadına çatmaq çoxlarının yadına belə düşmür. Bu da bir yana, ev uçurmaq, yerlə-yeksan eləmək kimi haram işləri çox yerlərdə dəbə mindiriblər. Baxmayaraq ki, dövlətimizin Şəhərsalma və Tikinti Məcəlləsi daxil heç bir qanununda bu özbaşınalığa qətiyyən icazə verilmir. Xocasən qəsəbəsində son zamanlar qarşılaşdığımız evyıxmalar isə tamam başqa mətləbləri ortaya qoyub.

Rayon icra aparatının Xocasəndə tikinti məsələləri üzrə faktiki səlahiyyətlisi kimi ad çıxarmış, bu yerlərdə "qoçu" kimi tanınan Mirpaşa yanındakı cingözlə birlikdə istədiyi evi, yaxud tikilini məhkəməsiz-filansız xarabaya çevirmək iqtidarında olduğunu sübuta yetirməkdədir. Gücünü görün kimlərə göstərir Mirpaşa müəllim başsız qadına, əlil və imkansız vətəndaşa! İnanmırsınızsa, gedin Ruslan Allahverdiyev küçəsində, bu şəxsin əlindən bir çətən külfətilə zülm içində konteynerdə yaşayan Ağabəyim xanımdan soruşun görək Mirpaşa müəllim ona evinin uçurulmaması üçün hansı tələblər irəli sürüb, nə istəyib. Buna insanlıq demək mümkündürmü? Xislətində şeytan oturmuş bir adamın bədxah əməllərindən özünün də zövq aldığını deyirlər. Elə isə ağla gələn ilk sual budur ki, Mirpaşa müəllimi Xocasənin özbaşına rəhbərinə çevirən kimdir, onun vətəndaşların şəxsi əmlakına etdiyi təcavüz hansı zərurətdən irəli gəlir, əgər buna zərurət demək mümkünsə?..

Qeyd edək ki, evi yerlə-yeksan edilmiş çoxsaylı vətəndaşlarımızdan biri I qrup əlil İntiqam Kələntərov həmin sualla dövlət rəhbərliyinə, eləcə də hüquq-mühafizə orqanlarını müraciət ünvanlayıb. Lakin müraciətin qarşılığında daha bir qanunsuzluqla üzləşib. Əməlinə qanun fonu vermək məqsədilə ona evi uçurulduqdan düz bir ay sonra 30 iyul tarixli məhkəmə bildirişini gətirib təqdim etmək istəyiblər. Təbii ki, İntiqam Kələntərov həmin bildirişi qəbul etməyib. Məsləhət görüb ki, belə saxta sənədi qaynadıb suyunu Mirpaşa müəllimə içirsələr yaxşıdır, bəlkə bəd əməllərindən əl çəkə. Düzünü deyim ki, bilmirik, məhkəmə bildirişini qaynadıb suyunu tikililərin qəniminə içirdilər, ya yox. Amma güman edirik ki, Binəqədi rayon məhkəməsinin hakimi (adını hələlik açıqlamırıq) tərəfindən edilmiş belə bir saxtakarlıq kimlərinsə diqqətini mütləq cəlb edəcək. Ev uçuranlar əməllərinə məhkəmə vasitəsilə qanuni don geyindirə bilirsə bunun da ha ağır cəzası var. İntiqam Kələntərov bizimlə söhbət zamanı bu məsələ ilə bağlı yaxın gələcəkdə Ədliyyə Nazirliyinə müraciət edəcəyini bildirərək evini yerlə-yeksan edən Mirpaşa müəllimin cəzalandırılması və dəyən maddi ziyanın ödənilməsi üçün axıradək qətiyyətlə mübarizə aparacağını söylədi. Lakin hələ ki, şikayət-filanı qulaqardına vurub gündəlik "obxoda" cingözlə çıxan Mirpaşa müəllimdir söz sahibi. Hər halda, inanmırıq ki, bir belə biabırçılıqlara qol qoyan bir adamı Binəqədi icra hakimiyyətinin rəhbərliyi cəzasız qoyacaq. Əldə etdiyimiz ən son məlumata görə, Mirpaşa müəllimin işi "fırıqdır". Çünki məsələ ilə bağlı artıq rayon prokurorluğunda araşdırma aparılır.
\\ gundelik-baku.com \\
Geri qayıt