Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Cibimizi soyanlar: Özəl klinikalar xəstələri necə aldadır

Cibimizi soyanlar: Özəl klinikalar xəstələri necə aldadır


28-11-2014, 15:50
Cibimizi soyanlar: Özəl klinikalar xəstələri necə aldadır
Azərbaycanda dövlət və özəl tibb mərkəzlərinin vətəndaşları aldatması, onların etimadından və düşdüyü çətin vəziyyətdən istifadə edərək, artıq maliyyə itkilərinə məruz qoyması ilə bağlı müzakirələr dəfələrlə gündəmə gəlsə də, hələ də bu sahədə olan problemlər öz həllini tapmır.

Editor.az-ın araşdırmaları bu sahədə dözülməz vəziyyətin hökm sürdüyünü, həkimlərin dərman firmaları və elə həkimlərin özü ilə separat danışıqlara gedərək, xəstələri dəfələrlə artıq xərcə salması faktını bir daha ortaya çıxarıb.

Məlum olub ki, sən demə, dövlət xəstəxanalarında işləyən həkimlər xəstələrə müayinə üçün öz işlədiyi müəssisələrdə deyil, özəl klinikalarda yoxlamadan keçməyi tövsiyyə edirlər.

Onlara öz adının əks olunduğu göndəriş vərəqələri təqdim olunur və özəl klinikada baha qiymətə müayinədən keçən xəstənin ödədiyi məbləğdən 10 faizi sonradan həmin həkimin özünə qayıdır.

Digər bir fırıldaq cərrahların fəaliyyəti ilə bağlıdır. Mövcud şəraitin olmasına baxmayaraq, cərrahların əksəriyyəti xəstələri öz çalışdığı müəssisədə deyil, digər özəl klinikada əməliyyat etməyə üstünlük verir. Bu zaman heç şübhəsiz qiymət qalxır və hər hansı özəl klinika ilə separat danışıqlara gedən cərrah bu zaman əldə olunan məbləğin yarısını öz cibinə qoyur.

Daha bir xidmət isə rayon həkimlərinin cərrahlarla işbirliyi ilə bağlıdır. Belə ki, rayon xəstəxanalarında çalışan həkimlər burada müasir şəraitin olmadığını deyib, onları Bakıdakı bahalı klinikalara yönəldirlər. Nəticədə isə xəstənin ödədiyi məbləğin 10-15 faizini klinakadan geri alırlar.

Həkimlərin dərman firmaları ilə gizli sövdələşməyə getməsi, geniş seçim arasından daha çox faiz verən dərman firmasını seçərək, xəstələri yükləməsi hər kəsə bəlli olduğundan bu barədə danışmaq istəmirik.

Digər bir problem isə özəl klinikalara işçi təyinatı ilə bağlıdır. Heyətə daha peşəkar və məsuliyyətli tibb bacısı və ya sanitar qatmağa borclu olan əksər klinikalar təyinatı rüşvətlə aparırlar və bu zaman tibb persoonalının xəstələrə xidmət səviyyəsi qətiyyən nəzərə alınmır.

Editor.az baş verən pozuntularla bağlı Səhiyyə Nazirliyi İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Anar Qədirli ilə əlaqə saxlamağa çalışsa da, nazirlik sözçüsü çoxsaylı zənglərimizə cavab verməyib.

Geri qayıt