Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Gəncədə əslində nə baş verib: Kəlbəcərlilər döyüldüyü deyilən icra başçısının ortaya çıxmasını tələb etdilər
Gəncədə əslində nə baş verib: Kəlbəcərlilər döyüldüyü deyilən icra başçısının ortaya çıxmasını tələb etdilər11-12-2014, 14:45 |
DİA.AZ: - Az əvvəl belə bir məlumat yayıldı ki, Gəncədə icra başçısına xəsarət yetirilib. Rəsmi məlumata görə, dekabrın 10-da saat 11.30 radələrində Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı və orada olan rayon İcra Hakimiyyətinin başçısı və müavini xəsarət alıb, habelə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb. Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxş, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Faktla əlaqədar Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanıb. Lakin vəziyyətin bu rəsmi məlumatda göstərildiyi kimi olmadığı faktdır. Bununla bağlı moderator.az saytı də xəbər yayaraq bildirmişdi ki, dünən Gəncənin Gülüstan qəsəbəsində məskunlaşmış kəlbəcərli ailələrlə şəhərin Nizami rayonun icra strukturları və polisi arasında insident yaşanıb. Xəbərdə bildirlirdi ki, xədarət alanlar var və bir nəfər kəlbəcərli ağır vəziyyətdə Gəncə şəhər 3 saylı xəstəxanaya yerləşdirlib. Daha spnra sözügedən saytın xəbərində deyilirdi: “Bu gün Gəncədəki mənbələrimizdən aldığımız məlumata görə yaranmış vəziyyətdən narahatlıq keçirən rəsmilər guya kəlbəcərlilərin hakimiyyət təmsilçilərinə qarşı zor tətbiq etdiklərini, avtomobilin şüşəsinin sındırılmasını rəsmiləşdirərək cinayət işi qaldırıblar, beləliklə, diqqəti əsas məsələdən yayındırmağa çalışıblar. Kəlbəcərlilər deyir ki, ağır vəziyyətdə olan Ceyhun Səmədovu dünən gecə ikən xəstəxanadan çıxarıb naməlum istiqamətə aparıblar. Bəzi məlumatlara görə C. Səmədovu polisə aparıblar. Kəlbəcərlilər hadisədən bərk qəzəbləniblər və onlara qarşı şəhərin icra strukturlarının atdığı bu addıma görə ölkə başçısından məsələyə müdaxilə etməsini xahiş edirlər. Onların bildirdiyinə görə, məcburi köçkünlərə qarşı zor tətbiq edənlər cəzalandırılmasa Prezident Administrasiyaslına üz tutacaqlar”. Bununla bağlı DİA.AZ-a danışan Gəncədəki mənbələr də təsdiqləyir ki, əslində döyülməsi rəsmən iddia olunan Gəncə şəhər Nizami rayon icra hakimiyyətinin başçısı Nizami Hacıyev özü şəxsən narazı kəlbəcərlilərin qarşısına çıxıb və onlara qarşı zor tətbiq edib: “İcra başçısının bu əməli orda olanların, hətta polis işçilərinin də gözləri qarşısında baş verib. Hər halda camaat bir icra başçısına qarşı əl qaldırmağın nə olduğunu yaxşı bilir. Kimdə belə cəsarət var ki? İndi onlar işin tərsə dönəcəyini bildiklərindən qabaqcadan gəlmişlik edirlər. Guya başçını və müavini döyüblər. Gah deyirlər ki, xəsarət alan icra başçısı evə buraxılıb, gah da deyirlər ki, həkim nəzarəti altındadır. Çıxsın ortaya, bir xəsarət yerini göstərsin”... Onu da bildirək ki, Gəncədəki əməkdaşımız olayla bağlı araşdırma aparır. Daha dolğun bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləyin... Geri qayıt |