Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Beyləqanda məmur zülmü ərşə dirənib

Beyləqanda məmur zülmü ərşə dirənib


16-12-2014, 13:52
Beyləqanda məmur zülmü ərşə dirənib
Bölgələrdə məmur özbaşınalıqları səngimək bilmir. Bəzi rayonların icra başçıları, eləcə də idarə və müəssisə rəhbərləri dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəyərək özbaşınalığa yol verirlər. Qeyd etmək lazımdır ki, bu gün əksər bölgələrimizdə vətəndaşların yerli məmurlar tərəfindən incidilməsi hallarına tez-tez rast gəlinir. Bununla bağlı mətbuat səhifələrində nə qədər yazılsa da, xeyri yoxdur ki, yoxdur.

Adı daim qalmaqallı məsələlərdə hallandırılan məmurlardan biri də Beyləqan şəhərinin icra nümayəndəsi Azil Aslanovdur. Əldə etdiyimiz məlumatlara görə, rayonun icra başçısı Vaqif Abdullayev bəzi maliyyə əməliyyatlarını məhz Azil Aslanovun vasitəsilə həyata keçirir: "Beyləqanın daxili yolları və mərkəzi hissələri olduqca bərbad vəziyyətdədir. Ancaq şəhər mərkəzinə kosmetik asfalt vurublar, o da yağışdan sonra parça-parça olub tökülür. Mavi yanacaq kəndlərdə problemdir. Qaz xətləri ancaq rayon mərkəzinə çəkilib. O da hamıya yox, ancaq imkanı olanlara. Beyləqanda içməli su problemi də var. Camaat su maşınlarının öhdəsinə qalıb. Su maşınlarla daşınır və camaat vedrə ilə su alır. Beyləqan həm də ağır iqtisadi çətinlik qarşısındadır. Bütün bunlara rəğmən, icra nümayəndəsi Azil Aslanov işinə soyuq münasibət göstərir. İcra başçısı Beyləqan şəhərinin mərkəzindən keçən magistral küçəsində yerləşən, 200 nəfərdən çox insanın yaşadığı beşmərtəbəli binanın qarşısındakı istirahət və gəzinti yerlərini Azil Aslanovun vasitəsi ilə satıb və orada iri ticarət obyektlərinin tikilməsinə şərait yaradıb. Beləliklə, insanların bütün rahatlığı əlindən alınıb. 20 mindən çox əhalisi olan şəhər mərkəzində natəmizlik hökm sürür, kanalizasiya suları küçələrə axıdılır. Kanalizasiya sisteminin yenidən qurulması üçün ayrılan büdcə vəsaitləri müxtəlif şəxslər tərəfindən mənimsənilib. Beyləqanın mərkəzi ərazilərində qoyulan zibil qutuları həftələrlə təmizlənmir. Buna görə şəhərdə antisanitariya baş alıb gedir. Bunun səbəbkarı isə sözsüz ki, Azil Aslanovdur. O Beyləqan camaatının baş ağrısına çevrilib. Azil müəllim icra nümayəndəsi təyin olunana qədər Beyləqan rayon Kommunal Təssərrüfat İdarəsinin müdiri işləyirdi. Amma həmin vəzifədə də özünü doğrultmamışdı. İcra başçısı onu Beyləqan şəhərinin icra nümayəndəsi təyin etməklə vətəndaşların güzəranına mənfi təsir göstərdi. Ona görə ki, icra nümayəndəsi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bəzi qanunsuz işlər törədir". Məlumatda deyilir ki, adıçəkilən məmur yerli sahibkarları, idarə və müəssisə müdirlərini, hətta məktəb direktorlarını belə rayonun mərkəzində aparılan quruculuq-abadlıq işlərinə cəlb edir: "Halbuki, icra nümayəndəsinin buna haqqı çatmır. Çünki rayonun abadlaşması məqsədilə dövlət büdcəsindən kifayət qədər maliyyə vəsaiti ayrılır. Belə çıxır ki, həmin vəsaitlər kimlərinsə cibinə gedir və Azil Aslanov rayonun mərkəzini sahibkarların, idarə müdirlərinin, məktəb direktorlarının hesabına abadlaşdırır. Rayonun daxili büdcəsindən Beyləqan şəhər Ərazi İnzibati nümayəndəliyinin hesabına mütəmadi olaraq vəsait köçürülür. Görünən odur ki, bu vəsaitlər təyinatı üzrə xərclənmir. Azil Aslanov sənəd üzərində şişirtmə rəqəmlər yazır və bununla da büdcə vəsaitlərinin bir hissəsini şəxsi ciblərə yönəldir. Azil Aslanov bir müddət əvvəl Beyləqandakı bütün dükanların sahiblərinə obyektlərini alkopanla üzləməli olduqlarını tapşırdı. Şərt isə o idi ki, həmin dükanlarda bu işi Azil Aslanova məxsus olan şirkət həyata keçirməlidir. Dükan sahibləri isə sadəcə, hər kvadratmetr üçün icra nümayəndəsinə aid olduğu deyilən şirkətə 42 manat ödəməlidir. Heç bir dükanın sahibi buna etiraz etmədi. Daha doğrusu, edə bilmədi. Çünki icra nümayəndəsinə kim etiraz etsəydi, cəzalandırılacaqdı". Başqa bir məlumatda isə Azil Aslanovun diplomunun saxta olmasından söhbət açılır. Bildiyiniz kimi, artıq xeyli müddətdir ki, ölkəmizdə saxta diplomların aşkarlanması istiqamətində müəyyən işlər aparılır. Başqa sözlə desək, bir müddət əvvəl ali təhsili olmayan şəxslərin icra nümayəndəsi vəzifəsində çalışmasının mümkünsüz olduğu vurğulanmışdı. Həmçinin yuxarıların tapşırığına əsasən bir çox dövlət məmurlarının diplomunun saxta olub-olmaması yoxlanılır. Deyilənə görə, Beyləqanda aparılan yoxlama nəticəsində Azil Aslanova Gəncə Texnologiyalar Universitetindən 2009-cu ildə verilən diplomun saxta olduğu məlum olub. İcra nümayəndəsi isə mətbuata açıqlamasında bildirib ki, onun diplomunun saxta olması ilə bağlı yayılan söhbətlər şayiə xarakterlidir. İstənilən halda, belə bir iddia varsa, Təhsil Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri bunu araşdırmalıdır. Yalnız aparılan araşdırmalardan sonra icra nümayəndəsinin diplomunun saxta olub-olmaması dəqiq bilinər. O ki qaldı Azil Aslanovun Beyləqanda törətdiyi qanunsuzluqlara, bu əməllərlə bağlı icra başçısı Vaqif Abdullayev bir tədbir görməlidir. Əgər başçı icra nümayəndəsinin fəaliyyətindəki neqativ məqamlara göz yumursa, deməli, ortada başqa məsələlər var.

Mövzu ilə bağlı qarşı tərəfləri də dinləməyə hazırıq.
\\ gundelik-bakı.com \\
Geri qayıt