Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bakıda "Araz Ti" MMC-nin qoçularından sakinlərə qarşı şok özbaşınalıq
Bakıda "Araz Ti" MMC-nin qoçularından sakinlərə qarşı şok özbaşınalıq25-12-2014, 14:48 |
Bu hadisə imamın qırxı günü, yəni dekabrın 13-də Bakının ən prestijli ərazilərindən birində - Cavid prospektində baş verib. Cavid prospekti 148 ünvanda yerləşən məhəllənin sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, bir anda məhəllənin hasara alındığını görüblər. İşçilər tənəkə lövhələrlə məhəlləni çəpərləyərək sakinlərin Cavid prospektinə çıxışını bağlamağa başlayıblar. Ağsaqqallar, ağbirçəklər onlara yaxınlaşaraq “A bala, nə baş verir?” deyə sual veriblər. Bu zaman özünü “Araz Tİ” MMC-nin təmsilçisi kimi təqdim edən Kamal adlı birisi sakinlərə yaxınlaşaraq deyib: “Evlərinizi bizə satmalısınız. Şirkət sizi məhkəməyə verib. Sənədi olanlara kvadratmetrə görə 1500 manat verəcəyik, sənədləri olmayan ərazilərə isə heç nə. Razılaşın. Yoxsa evləriniz söküləcək, əşyalarınızı isə bizim fəhlələr tərəfindən xüsusi anbara daşınacaq. Bu yer Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 2005-ci ildən bizə ayrılıb. Şirkət sizin köçürülməyiniz üçün Yasamal rayon məhkəməsinə müraciət edib”. Sakinlər ciddi narahat olublar. Çünki Kamal adlı şəxsin təsvir etdiyi əhvalatı Qabbar Sinkh kimi cinayətkarlardan bəhs edən hind filmlərindən çox görüblər. Türkiyənin məşhur Şabanı, yəni mərhum aktyor Kamal Sunal da öz filmlərində xalqı evindən bu cür zorla köçürən, məhkəmələri satın alın cinayət qruplaşmalarından çox bəhs edib. Sakinlərin dediyinə görə, Cavid prospektinin həmin hissəsinə yaxın ərazilərdə, konkret olaraq Zahid Xəlilov küçəsində oxşar hadisələr baş verdiyinə görə camaat qorxur. Sakinlərin dediyinə həmin məhəllədə evini satmaq istəməyən bir kişinin evini məcburən məhkəmə qərarı ilə söküblər və nəticədə kişinin ürəyi partlayıb ölüb. Evini satmaq istəməyən başqa bir sakin - rus milliyyətindən olan yataq xəstəsinin evi isə sirli şəkildə yanıb. Təbii ki yataq xəstəsi olan kişi də dünyasını dəyişib. Bu kimi əhvalatlar məhəllə sakinlərini çox qorxudub və onlar dərhal Fövqəladə Hallar Nazirliyinə (FHN) zəng ediblər. Bu zəngdən məhəllənin yolunu bağlayanlar da xəbər tutublar və dərhal hasarlar qarışıq bütün avadanlıqlarını götürərək aradan çıxıblar. FHN-in təmsilçiləri gələn zaman onlardan yalnız Yasamal rayon məhkəməsinə etdikləri müraciətin surəti qalıb. Müraciətdə qeyd edilir ki, məhz sakinlərinin evini satmaq istəməməsi üzündən “Araz Tİ” MMC müflis olmaq ərəfəsindədir. Çünki MMC bankdan kredit götürüb ki, bina tiksin. İndi də ərazini ala bilmədiyinə görə, ev tikə bilmədiyinə görə MMC ziyana düşür. Yəni tam bir absurdlar dünyasına məxsus ittihamlardır. Belə ittihamlara hətta Alisanın əyri güzgülər ölkəsinin məhkəməsində belə rast gəlmək olmur. Buna görə də hüquqşünaslar bu məhkəmə ərizəsinin heç bir şansı olmadığını bildirirlər. Hüquqşünas Zaur Səmədovun fikrincə, heç bir məhkəmə bu ərizənə təmin edə bilməz. “Bizdə Konstitusiyaya görə, heç bir məhkəmə əhalinin mülkiyyət hüququnu poza bilməz. Sadəcə, şirkətlər camaatın savadsızlığından istifadə edərək, bu cür vasitələrlə hədə-qorxu gəlirlər. Onların təklif etdiyi 1500 manat vəsaitin də biznes layihələrə heç bir dəxli yoxdur. Evlər məhkəmə yolu ilə yalnız dövlət əhəmiyyətli layihələr zamanı - yol tikintisi, infrastruktur layihələri zamanı sökülə bilər, müəyyən konkret qiymət də həmin zaman kəsilə bilər, amma bu, bazara uyğun ədalətli qiymət olmalıdır. Bina tikintisi isə konkret kommersiya layihəsidir və bazar iqtisadiyyatı qanunları ilə tənzimlənməlidir”,- deyə Zaur Səmədov ANS PRESS-ə bildirib. Bütün bunlar öz yerində, amma məhəllə sakinlərini qorxudan başqa bir səbəb də var. Hazırda ayrı-ayrı adamlar məhəlləyə gələrək burada bünövrəsi qoyulmuş evdən mənzil aldıqlarını söyləyirlər. Hər gün 5-10 adam gəlir. Belə görünür ki, şirkət hələ bünövrəsi qoyulmamış binanın mənzillərini çoxdan satıb və yəni boğazını üzən borclular çoxdur. Belə vəziyyətə düşmüş “iş adamları” isə hər cür cinayətə gedə bilərlər. Geri qayıt |