Əsas Səhifə > Güney Press, Araşdırma > Beyləqan rayonunda yerli məmurların ilginc maxinasiyaları
Beyləqan rayonunda yerli məmurların ilginc maxinasiyaları8-01-2015, 15:30 |
Beyləqanda icra başçısı Vaqif Abdullayevlə Beyləqan şəhər ərazi nümayəndəsi Azil Aslanov arasında uzun sürən işgüzar sıcaq əməkdaşlıq artıq yerli əhali üçün öz "bəhrəsini" verib.Yadınızdadırsa, Beyləqan şəhərində 0,25 hektar əraziyə malik, 200 nəfərlik istirahət guşəsinin böyük məbləğdə pula satılması camaat arasında ciddi narazılığa səbəb olmuşdu. Beyləqan şəhəri üzrə icra nümayəndəsi Azil Aslanov isə heç nə olmayıbmış kimi yenə də öz "işindədir", başçı Vaqif Abdullayevin yaxın dəstəyi ilə ötənilki abadlıq "fəaliyyətini" davam etdirməyə hazırlaşır. Daha doğrusu, büdcədən yerli vəsaitin intizarını çəkir. Bu vəsaitin xərclənəcəyi konturlar deyəsən, çoxdan cızılıb. Beyləqan şəhərində abadlıq işlərinin genişələndirilməsi, yaxud ola bilsin bəzi köhnə yarımçıq işlərin təmiri və tamamlanması nəzərdə tutula bilər. Bütün bunlar çox böyük xeyirxahlıq adlandırılmağa layiqdir, bircə şərtlə ki, dövlətimizin ayırdığı büdcə vəsaiti qəpiyinəcən təyinatı üzrə xərclənsəydi. Düzünü desək, bu barədə narahatlıq sərgiləməyə müəyyən əsaslar var. Hələ 2012-ci ildə rayon icra başçısı Vaqif Abdullayev Beyləqan şəhər icra nümayəndəsi Azil müəllimlə birlikdə yerli infrastruktur layihələri gerçəkləşdiriblər. Görsəniz, necə! Büdcədən ayrılmış vəsait hesabına tikinti- abadlaşdırma işləri aparmaq üçün "İlkin-İM" şirkətini seçiblər. Baxmayaraq ki, bu şirkətin tender müqaviləsini yetərli şəkildə bütün şərtləri ilə gerçəkləşdirəcək gücdə olmayıb. Halbuki, elə Beyləqanın özündə tikinti işlərini yüksək səviyyədə apara biləcək şirkətlər az deyil. Onlardan bəziləri kənar bölgələrdə tikinti-abadlıq işləri aparır. Məlumat üçün bildirək ki, İlkin-İM" MMC İmişlinin Aranlı kənd sakini Atamoğlan adlı şəxsin adına qeydiyyata alınmış məhdud məsuliyyətli cəmiyyətdir. 2012-ci ildə Beyləqan rayon icra hakimiyyətinin inzibatı binasının təmiri üçün bu firmanın hesabına 300 min manat vəsait köçürülüb. Deyilənə görə, Vaqif müəllim bu seçiminə dəstək verən Azil Aslanov da müvafiq olaraq Beyləqan şəhər icra nümayəndəliyi adından bu firmanın hesabına abadlıq işləri üçün daha 180 min manatdan artıq vəsait köçürüb. Beləliklə, İlkin-İM" şirkətinin hesabına ən azı 480 min manat vəsait daxil olub. Bu məsələdə gözəgörünməz maxinasiyaların olub-olmadığı araşdırmalardan sonra üzə çıxacaq. Amma tam israfçılıq halları demək olar ki, göz qabağındadı. Belə ki, fikrimizcə ayrılmış vəsait tam şəkildə abadlıq işlərinə xərclənsəydi, bu hesabla gərək Beyləqan az qala ölkənin ən abad şəhərlərindən biri olmalıydı. Bu hələ harasıdı? Beyləqan Rayon İcra Hakimiyyətinin sifarişi ilə rayonda 2012-ci ildə tikilmiş 2 məktəb binasının tikinti işlərini aparan şirkət lap nağıllarda olduğu kimi, sanki bircə anın içində milyonçuya çevrilib. İndi də gəlin Vaqif Abdullayev cənabından soruşaq görək, Gəncə şəhərində, Aqrar Akademiyanın yataqxanasında yerləşən, Məhərrəm adlı şəxsin adına qeydiyyatdan keçirilmiş, nizamnamə fondu vur-tut 2 manat olan "Perlit" MMC Beyləqan Rayon İcra Hakimiyyətinin sifarişlərini necə və hansı yüksək ixtisaslaşma reytinqi ilə yerinə yetirib. "Perlit"in tikinti sahəsində vulkanik yüksəlişi nəyin hesabınadır? Beyləqanın Dünyamalılar və Sarısu kəndlərində 180 yerlik 2 məktəb binası tikib MMC-nin 2012-ci ildə Beyləqan RİH rəhbərliyi ilə 3 milyon manatlıq işbirliyi görən necə baş tutub? Maraqlıdır ki, 2013-2014-cü illərdə də ənənsinə sadiq olan tərəfdaşlar Vaqif Abdullayevlə Azil Aslanov bu dəfə tender müsabiqəsindən qalib çıxardıqları şirkətləri dəyişiblər.Buna jarqon leksikonda iz azdırmaq da deyirlər. İzi kim azdırır, bilirsiniz. 2013-cü ildə 500 minlik tenderi "Orion-E" MMC-yə uddurublar. Azil Aslanovu irəli salan layihələrdən həmin il ərzində "Təmir-tikinti LTD"-yə də az da olsa pay düşüb. Lakin bu azdırmalardan deyəsən, "İnşaatçı" MMC də qazanıb. Beyləqan şəhərində şəhər daxili yolların asfalt beton qarışığı, çınqıl materialı ilə düz yarım milyon manatlıq əsaslı təmir işlərinin görülməsini isə Azil müəllim başçının xeyir-duası ilə Bakının Binəqədi rayonunda təsis edilmiş VETEKS MMC-yə həvalə edib. Bununla yanaşı, Azil müəllimin xırda-xuruş layihələrini gerçəkləşdirən yaxın dostu Əhlimanın şərəfinə yaradılmış "Əh-liman" MMC-dir. Beyləqan şəhərində gerçəkləşdirilən abadlaşdırma işlərinə aid təxminən 200 minlik layihəyə "Murad Elmir" MMC-ni də cəlb ediblər. Ən cəlbedici məqam odur ki. Vaqif Abdullayev yaxın tərəfdaşı Azil Aslanovdan gözlədiyi sürprizləri vaxtında alır... Hər halda, daha geniş məlumatlar əldə etmək imkanı olan Hesablama Palatası üçün də bu cür faktların araşdırılması ümumi işin xeyrinə gərəkli olardı. Geri qayıt |