Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Heydər Əsədovun Baytarlıq idarələrində baş verənlərdən xəbəri yoxdurmu?
Heydər Əsədovun Baytarlıq idarələrində baş verənlərdən xəbəri yoxdurmu?15-01-2015, 17:11 |
Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Dövlət Baytarlıq Xidmətinin paytaxtın 8-ci mikrorayon ərazisində yerləşən Respublika Baytarlıq Laboratoriyasının fəaliyyətinə dair ciddi etirazlar öz əksini tapmaqdadır. Ətraf ərazilərdə yaşayan sakinlərdən, həmçinin laboratoriyada olan bəzi mənbələrdən bu xüsusda aldığımız məlumatlarda laboratoriyanın rəhbəri Fizuli Quliyevin qeyri-qanuni əməlləri nəticəsində qurumun öz funksiyalarını icra edə bilməyəcək bir vəziyyətə gətirildiyi qeyd olunur. Xatırladaq ki, bu mövzuya dair tənqidi materiallar qəzetimizin ötən saylarında da bir neçə dəfə dərc olunmuşdu. Həmin materiallarda biz artıq qeyd etmişdik ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti qanunla təsbit edilmiş vəzifə və hüquqlara malik olmaqla heyvandarlığın inkişafına, sağlam məhsul bolluğunun yaradılmasına və insanların təmiz qida ilə təchiz edilməsinə yönəldilmiş tədbirlər görməlidir. Məhz bu tədbirlərin həyata keçirilməsi üçün Xidmətin tabeliyində digər struktur bölmələri ilə yanaşı Respublika Baytarlıq Laboratoriyası da fəaliyyət göstərir. Lakin qeyd olunduğu kimi, mənbələr laboratoriyanın son vaxtlar daha çox müxtəlif maliyyə maxinasiyalarına cəlb olunduğunu iddia edirlər. Aldığımız məlumatlarda isə bu kimi iddiaları əsaslandıran bəzi faktlar təqdim olunur. Bildirilir ki, təkcə 2014-cü ildə cari təmir işlərinə görə “Ultratex-Ə” MMC-nin hesabına köçürülmüş 43999 manat, avadanlıq alınması üçün “Azsantexlab” MMC-nin hesabına köçürülmüş 17000 manat və bir çox digər vəsaitlər də əslində nağdlaşdırılaraq laboratoriyanın rəhbərliyi tərəfindən mənimsənilmişdir. Qeyd olunduğu kimi hazırda Respublika Baytarlıq Laboratoriyasına rəhbərlik edən Fizuli Quliyev bir müddət bundan əvvəl elə həmin laboratoriyanın şöbələrindən birinin rəisi olub. Məhz buna görə də laboratoriyanın kollektivi Fizuli müəllimin bu təyinatından sonra onun qurumun fəaliyyət səmərəliliyinin artırılması və mövcud problemlərin həlli istiqamətində bir sıra mühüm addımlar atacağını gözləyirdilər. Lakin redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, bu gün Respublika Baytarlıq Laboratoriyasının fəaliyyəti daha çox müxtəlif neqativ hallarla diqqəti cəlb edir. Həm də məlumatları təqdim edən mənbə öz iddialarını konkret misallarla isbatlayır. Məsələn, məlumatda bildirilir ki, əvvəllər ölkəyə idxal olunan hər hansı ərzaq məhsulunu laborator müayinədən keçirmək üçün məhsulun bütün həcmi təqdim olunmalı idi. Laboratoriyanın əməkdaşları isə öz seçimlərinə əsasən, həmin məhsuldan müəyyən olunmuş qədərini analiz üçün götürürdülər. Bu gün isə bu prosedur Fizuli müəllim tərəfindən xeyli “sadələşdirilib”. Belə ki, ölkəyə məhsulu idxal edən şəxs həmin məhsuldan (bəlkə də heç həmin məhsuldan deyil) müəyyən qədər laboratoriyaya təqdim etməklə, idxalın bütün həcminə laboratoriyanın rəyini ala bilər. Təbii ki, bu zaman Fizuli Quliyevin “hörməti” xüsusi olunmalıdır. Digər tərəfdən də Fizuli Quliyevin laboratoriyanın həyətində əsil quşçuluq və heyvandarlıq təsərrüfatlı açması yeni problemlər yaradır. Bu xüsusda məlumatda bildirilir ki, bu təsərrüfatda saxlanılan 200-dən artıq toyuqdan alınan yumurta və toyuq əti ətraf ərazidəki dükanlarda satılır. Bütün bunlar isə Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovanın tabeliyində olan strukturlardan bəziləri üzərində nəzarəti itirməsinə dair iddiaların ortaya gəlməsinə əsas verir... Geri qayıt |