Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bakıda İŞİD-ə biət edənlərin sıraları genişlənir?

Bakıda İŞİD-ə biət edənlərin sıraları genişlənir?


14-02-2015, 10:30
Bakıda İŞİD-ə biət edənlərin sıraları genişlənir?
Ölkəmizdə qara çarşaba və niqaba bürünənlər, yəni yalnız gözləri görünən qadınlarla yəqin hər birimiz ictimai nəqliyyatda, küçədə rastlaşırıq. İnsanlar bu geyim formasında olanlara qəribə baxır, hətta onları təhlükəli adamlar da hesab edirlər. Bu geyim əsasən radikal islamçı ərəb ölkələrində qəbul edilən olsa da, Azərbaycan cəmiyyətində heç də birmənalı qarşılanmır. Xüsusilə son vaxtlar İŞİD terror təşkilatının dövlətlərlə hakimiyyət uğrunda müharibə aparmasından sonra, sanki bu geyimdə olanlar təhlükəli təsir bağışlayır. Hətta belə bir fikirlər də var ki, Azərbaycanda qara çarşaba və niqaba bürünənlər əslində İŞİD ideologiyasının tərəfdarları və təbliatçılarıdır. Ümumiyyətlə, qara çarşablılar cəmiyyətimiz üçün təhlükəli ola bilərmi? Onu da nəzərə almaq lazımdır ki, belə geyimli qadınların sayı sürətlə artmaqdadır.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc deyir ki, yüz illər boyu bu məsələ ətrafında fərqli baxışlar olub. Z. Oruc bildirdi ki, bütün hallarda müxtəlif kriminal hadisələr o örtüklərin arxasında baş verir. Onun sözlərinə görə, cihadçı kütlələr İslamın ən fundamentalist və xalis variantına istinad edən insanlar məhz o çarşablar üzərindən özlərinin məkrli əməllərini həyata keçirirlər: “Sanki bu cəhalətin, radikalizmin bir simvoluna çevrilir və onun alt qatında hər cür mücahid yetişdirə bilirlər. Halbuki müxtəlif müsəlman ölkələrində çarşabdan milyonlarla insan istifadə edir. Bu onların mental xüsusiyyətlərinin, cəmiyyətdəki ənənələrinin ayrılmaz bir hissəsinə çevrildiyindən heç kəs özünü o rəngdən, o geyimdən, o libasdan qorumağı düşünmür.”

Z. Oruc vurğuladı ki, söhbət geyim formasından deyil, o insanların nə düşündüklərindən gedir: “Biz qətiyyən geyim forması ilə mübarizə aparmalı deyilik. İlk növbədə elə addım atılmalıdır ki, insanların təfəkküründə dəyişikliklər baş versin. Onların məhz daxili idealları, həyat baxışları sivil və aparıcı bir sistemlə olacaqsa, bu halda onlar bürünməyəcəklər və özlərini belə libaslarla cəmiyyətdən kənarda qoymayacaqlar. Əgər həqiqətən də sırf cəhalət təbliğatı üstünlük təşkil edəcəksə, onlar körpə yaşlarından belə təsirin altına düşəcəklər və artıq 15-20 yaşına çatandan sonra onların beynində keçilməz sədlər yaranacaq, cəmiyyətlə aralarında da problem yaşanacaq. Ona görə də çarşablı insanları cəmiyyət üçün təhlükə saymasam da, onların düşüncələri bizim üçün çox önəmlidir. Onlar necə və hansı formada yaşamaq istəyirlər? Bu məsələ önəmlidir. Dini qurumlarımız, ruhanilərimiz və ziyalılarımız bu məsələ ilə bağlı fəal mövqelərini ortalığa qoyduqca inanıram ki, bu proses kütləviləşməyəcək və təhlükələr də özünü göstərməyəcək.”

İlahiyyatçı Əkrəm Həsənov qara geyinən və niqab örtən bu qadınlara təhlükə mənbəyi kimi baxmağı düzgün hesab etmir: “Bu yaxınlarda bir marşrutda qara geyinən, qara hicab taxan, üzərindən niqab bağlayan bir qadın gördüm. Sərnişinlər bütün diqqəti ona vermişdilər. Hətta onunla qarşı-qarşıya oturan bir uşaq da ona baxırdı. Amma cəmiyyətdə belə təsəvvürlər var ki, onlar qorxuludurlar, təhlükəlidirlər, onlar hicab altından başqa şəbəkələrə qoşulub başqa işlərlə məşğul olurlar. Bəlkə də həqiqətən də belə hicab bağlayan, üzünü örtən hansısa qadın hansısa şəbəkədən olsun. Amma bütün qara geyinən, qara hicab bağlayan, üzlərinə niqab örtən bu qadınlara qarşı belə düşüncədə olmaq kökündən yanlışdır. Çünki, belə geyinən qadınlar ola bilər Allah Rəsulundan gələn hədislərə əməl etməyə çalışırlar.”
İlahiyyatçı deyir ki, bəzən adət-ənənələr də nəzərə alınmalıdır. Belə ki, xalqımızın geyim tərzi İslamı qəbul edəndən sonra adətlərimizlə uyğunlaşdırılıb: “Ölkəmizin, xalqımızın qəbul etdiyi geyim formaları, baş örtüklərimiz var ki, belə örtüklərdə cəmiyyətdə narazılıqlar olmur. Amma qeyd etdiyimiz kimi qara geyimli, niqablı qadın gördükdə bəzi insanlarda ikrah hissi formalaşır. Belə hallarda müsəlman qadınlar öz ölkələrinin adət-ənənələrini nəzərə almalıdırlar. Belə olmayanda bu məsələ artıq müzakirələrə və mübahisələrə səbəb olan mövzuya çevrilir. Yaxşı olardı ki, bu sahədə olan məsələləri cəmiyyətin aparıcı qüvvələri müzakirə etsinlər. Amma nəzərə alınsın ki, hər kəsin din azadlığı və geyim azadlığı var.”

Geri qayıt