Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Zakir Fərəcovun torpaq biznesi bu kənddə çiçəklənən dövrünü yaşayır...
Zakir Fərəcovun torpaq biznesi bu kənddə çiçəklənən dövrünü yaşayır...3-03-2015, 18:49 |
Etiraf etmək lazımdır ki, bu gün yerli özünüidarə qurumlarının, yəni bələdiyyələrin bir çoxunun fəaliyyəti vətəndaşlar tərəfindən razılıqla qarşılanmır. Başqa sözlə desək, bələdiyyələr daha çox fəaliyyətsiz qurum kimi təsir bağışlayırlar. Əksər hallarda üzərinə düşən işləri lazımi səviyyədə yerinə yetirə bilməyən bələdiyyə sədrləri əsaslı olaraq ittiham hədəfinə çevrilirlər. Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinin fəaliyyətində də müxtəlif boşluqlar və neqativ hallar mövcuddur. Mötəbər mənbələrdən əldə etdiyimiz məlumatlara görə, 1999-cu ildən bələdiyyəyə sədrlik edən Bəyağa Abbasov qəsəbənin abadlaşması, küçələrin təmiz saxlanması, eləcə də səlahiyyətinə aid olan digər işlərin yerinə yetirilməsi üçün heç bir addım atmır: "Aşağı Güzdək qəsəbəsi 1990-cı ilə qədər Abşeron rayonu Ceyranbatan qəsəbə soveti Güzdək stansiyası və ya Güzdək Nalivnoy adlandırılıb. Hazırda qəsəbədə bir orta məktəb, həkim ambulatoriyası, uşaq bağçası, poçt fəaliyyət göstərir. Qəsəbənin ərazisində bir quşçuluq müəssisəsi və 5 kərpic zavodu fəaliyyət göstərir. Qəsəbə əhalisi əvvəllərdən indiyə kimi heyvandarlıqla məşğul olur. Qəsəbənin yaxınlığında dəmiryol yanacaqdoldurma stansiyası fəaliyyət göstərir. Aşağı Güzdəkdə 11 ticarət mağazası və köşkü əhaliyə xidmət edir. Qəsəbədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin tabeliyində olan Yemçilik, Çəmənçilik və otlaqlar İnstitutu fəaliyyət göstərir. Bələdiyyə sədri Bəyağa Abbasov əslən Hacıqabul rayonunun Atbulaq kəndindəndir. Sakinlər onun fəaliyyətindən razı deyil. Çünki Bəyağa müəllim sədr kimi fəaliyyət göstərdiyi 16 il ərzində Aşağı Güzdək qəsəbəsinin gözəlləşməsi istiqamətində təqdirəlayiq iş görməyib. Yəni özünü doğrultmağı bacarmayıb. O ancaq qeyri-qanuni şəkildə torpaq satışı ilə məşğuldur. Baxmayaraq ki, bir neçə il əvvəl torpaq sahələrinin hərrac yolu ilə satılması haqda qərar qəbul edilib, amma Bəyağa müəllim torpaqları hələ də köhnə qayda ilə satır. Bu isə açıq-aşkar şəkildə qanun pozuntusu deməkdir. Qəsəbə ərazisində boş torpaq sahələri sürətlə tükənməkdədir. Sədrin "şərtləri" ilə razılaşan şəxslər asanlıqla torpaq sahibi ola bilirlər. Sırf qanunun tələb etdiyi formada torpaq sahibi olmaq istəyən vətəndaşlara isə süni problemlər yaradılır". Mənbənin dediyinə görə, sakinlərin şikayəti əsasən qəsəbənin yollarının bərbad olması, su və işığın verilməməsi ilə bağlıdır: "Aşağı Güzdək qəsəbəsində həyat bələdiyyə sədrinin evinə qədərdir. Bələdiyyə sədrinin evinə qədər yol çəkilib. Su və kanalizasiya xətləri, işıq dirəkləri də onun evinə qədərdir. Bu nə qədər ədalətlidir? Bərbad yollar qış aylarında daha da acınacaqlı vəziyyətə düşür. Kəndin o başına maşın getmir. Dəfələrlə bələdiyyə sədri Bəyağa Abbasova müraciət etmişik, lakin heç bir nəticəsi olmayıb. Bələdiyyə sədri deyir ki, gedin kimə şikayət edirsinizsə edin". Növbəti saylarımızda 1999-cu ildən indiyə kimi Aşağı Güzdək bələdiyyəsinə dövlət tərəfindən ayrılan dotasiyanın, bələdiyyənin büdcəsinə yığılan vəsaitlərin xərclənməsində yol verilən qanun pozuntuları və qanunsuz torpaq satışı, habelə Bəyağa Abbasovun varidatı haqda şok faktları açıqlayacağıq. Sonda Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyindən bələdiyyədə hökm sürən problemlərə münasibət bildirmələrini xahiş edirik. \\ GünBakı \\ Geri qayıt |