Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “AENT-E" şirkətinin rəhbəri vətəndaşa külli miqdarda ziyan vurub

“AENT-E" şirkətinin rəhbəri vətəndaşa külli miqdarda ziyan vurub


11-03-2015, 12:46
“AENT-E" şirkətinin rəhbəri vətəndaşa külli miqdarda ziyan vurub
Bakı şəhəri, Xətai rayonu Naximov küçəsi ev 144 A-da yaşayan Qəmbərov İsa Cəmaləddin oğlu şikayət ərizəsi ilə redaksiyamıza müraciət edib. Vətəndaş "AENT-E" MMC-nin direktoru Əkbər Cəfərovun qanunsuz əməllərindən şikayətçidir. O deyir ki, 2014-cü ilin iyul ayında min bir əzab-əziyyətlə yığdığı pulla şirkətin Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında tikdiyi hündürmərtəbəli binadan ümumi sahəsi 79.11 kvadratmetr olan mənzil alıb: "Hələ tikilməkdə olan, mənzil forması almayan yarımçıq tikili almaq məqsədilə şirkətə 17 150 ABŞ dolları ödədim. Amma mənə əvvəlcə tavan hissəsi bağlanmaqda olan mənzil göstərilmişdi. Sonradan isə bəlli oldu ki, mənim mənzilim o deyil, bağlanmaqda olan tavanın üst hissəsində hələ tikilməyən mənzil olacaqmış. Mənzilin pulunun yerdə qalan hissəsini MMC-nin direktoru Əkbər Cəfərovun razılığı əsasında hissə-hissə ödəməyə qərara aldım. Cəmiyyət direktoru mənzili maksimum 2 aya tikib mənə təhvil verəcəyinə söz verdiyi halda, artıq 9 ay keçməsinə baxmayaraq, heç bir iş görülməyib və mənzildən əsər-əlamət yoxdur. 16 iyul 2014-cü ildən bu günə kimi binada heç bir tikinti işləri aparılmayıb. Mən isə mənzilimin qapısının belə haradan olacağını bilmirəm.

Yəni şirkət rəhbəri məni bu gün, sabah deyə-deyə aldadır. Nə evimi ala bilirəm, nə də ödədiyim pulu. Əkbər müəllimlə dəfələrlə telefon vasitəsilə əlaqə saxlamışam, üzbəüz görüşmüşəm. Hər dəfə başımın altına yastıq qoyur. Və deyir ki, ürəyini sıxma hər şey yaxşı olacaq. Amma yaxşılığa doğru heç nə görmürəm. Çünki bu adam mənimlə yanaşı, onlarla insana qarşı bu cür özbaşınalıq edib. Şirkət rəhbəri bir mənzili saxta sənədlərlə bir neçə şəxsə satıb. Buna görə də hazırda acınacaqlı vəziyyət yaranıb. 17 150 dolları yığana kimi nə əziyyətlər çəkmişəm bunu bircə Allah bilir. Əkbər Cəfərovdan fərqli olaraq mənim maddi imkanım elə də yüksək səviyyədə deyil. Halal zəhmətlə pul qazanan adamam. Sizin vasitənizlə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyindən və digər dövlət qurumlarının rəsmilərindən xahiş edirəm ki, mənə öz yardım əllərini uzatsınlar və MMC-nin direktoru barədə lazımi tədbirlər görsünlər". Vətəndaşın şikayəti əsasında apardığımız araşdırma nəticəsində öyrəndik ki, mənzil fırıldağında ittiham olunan "AENT-E" MMC-nin direktoru Əkbər Cəfərov bu ilin yanvar ayında həbs olunub. Belə ki, "AENT-E" MMC-nin direktorunun qanunsuz əməlləri barədə Xətai Rayon Məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətinın yaydığı məlumata görə, araşdırmalar zamanı cəmiyyətin direktoru Əkbər Cəfərovun qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb. Əldə etdiyimiz məlumatlara görə, şirkət rəhbəri bir neçə gün həbsdə yatdıqdan sonra nəyinsə müqabilində sərbəst buraxılıb. Onun pul atdığı şəxslər isə hələ də əlacsız vəziyyətdə qalıblar. Onu da bildirək ki, qeyd olunan ünvanda yerləşən binanın tikintisini əvvəllər müğənni Aygün Kazımovanın qardaşı Kazımov Kazım Ələsgər oğlu həyata keçirib. Lakin Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurduğuna görə 2012-ci ildə həbs edilib.

Onun bir mənzili bir neçə nəfərə sataraq dələduzluq əməlləri törətdiyi bildirilir. İstintaqdan boyun qaçırdığı üçün məhkəmə onun barəsində axtarış elan edib. Xətai Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili A.Süleymanovun rəhbərlik etdiyi əməliyyat qrupu onu tutaraq istintaqa təhvil verib. K.Kazımovun barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra binanın tikintisi "AENT-E" MMC-yə həvalə edilib. Göründüyü kimi, başı bəlalı binadan mənzil alan İsa Qəmbərov və digər vətəndaşlar MMC direktorundan nə pullarını, nə də mənzillərini ala bilirlər. Bu qədər qanunsuzluğa imza atmasına baxmayaraq, Əkbər Cəfərov hələ də azadlıqda gəzir. Növbəti saylarımızda şirkət rəhbərinin Qaraçuxur və Hövsan qəsəbələrində həyata keçirdiyi tikinti işləri, vergidən yayınması və 10-HD-002 dövlət nömrə nişanlı qara rəngli "Toyoto Land Cruiser"i haqda ətraflı məlumat verəcəyik. Bizi izləyin.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt