Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Kristal - AA” MTK-dan “oyunbazlıq”

“Kristal - AA” MTK-dan “oyunbazlıq”


13-03-2015, 13:21
“Kristal - AA” MTK-dan “oyunbazlıq”
Etiraf etmək lazımdır ki, son illər ölkə ərazisində, xüsusən də paytaxt Bakıda fəaliyyət göstərən bir çox inşaat şirkətlərinin fəaliyyətində müşahidə olunan neqativ hallar, həmin şirkətlərin potensial alıcılar arasında nüfuzunun düşməsinə səbəb olmuşdur. Bu proses şirkət rəhbərləri tərəfindən törədilən çoxsaylı maxinasiyaların və fırıldaqçılıq əməllərinin məntiqi nəticəsi kimi baş verir. Əlbəttə ki, müəyyən istisnalar da yox deyil. Lakin, müştərilərin inamla üz tutaraq öz pullarını etibar edə biləcəkləri şirkət və kampaniyaların sayı olduqca məhduddur. Son vaxtlar kütləvi informasiya vasitələrində bu və ya digər tikinti şirkəti tərəfindən müştərilərin aldadılması, alınmış pulların müqabilində mənzilin təqdim olunmaması, eyni bir mənzilin alqı-satqısı üzrə müqavilənin bir neçə vətəndaşla bağlanması faktlarınin müzakirəsinin intensivləşməsi də MTK-ların fəaliyyətlərində neqativ halların artdığını göstərir.Bu günlərdə redaksiyamıza müraciət etmiş Bakı şəhəri, Binəqədi rayon sakini, vətəndaş Mürsəl Nəsirov da “Kristal - AA” MTK-nın rəhbərliyi ilə münasibətlərində oxşar problemin yaşadığını bildirib. Daha dəqiq desək, Mürsəl Nəsirov şirkət rəhbərliyi tərəfindən onun pulunun mənimsənildiyini iddia edir. Baş verənlər barədə açıqlama verməzdən əvvəl belə bir məqamı qeyd etmək istəyirik ki, Mürsəl Nəsirov “Kristal - AA” MTK ilə hüquqi münasibətlərini öz həyat yoldaşı ilə şirkət arasında bağlanmış müqavilə əsasında qurmuşdur və hal-hazırda ailəsinin maraqlarını etibarnamə əsasında təmsil edir. Beləliklə, təqdim etdiyi sənədlərə əsasən 26 avqust 2010-cu il tarixində “Kristal - AA” MTK ilə vətəndaş arasında payçılıq hüququnun verilməsinə dair müqavilə bağlanmışdır. Müqavilədə nəzərdə tutulub ki, Bakı şəhəri İcra Hakimiyyətinin 579 saylı, 22.11.2007-ci il tarixli sərəncamı ilə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsində xüsusi olaraq bu məqsədlə ayrılmış torpaq sahəsində inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisi payçıların vəsaitləri hesabına həyata keçirilir və bina tam hazır olduqdan sonra hər bir payçı bu binada, MTK-ya ödədiyi məbləğin həcminə uyğun mənzillə təmin olunacaq. Daha sonra müqavilənin müvafiq bəndlərində belə bir məqam da qeyd olunur ki, əgər payçı hər hansı bir səbəbdən həyata keçirməli olduğu ödənişləri gecikdirərsə (daandırarsa), yaxud da payçılıqdan imtina edərsə, bu zaman MTK mənzilin tam dəyərinin payçı tərəfindən ödənilmiş hissəsini mənzil satıldıqdan sonra ona qaytarır. İlk baxışdan hər şey ədalətli və sadədir. Lakin reallıqda şirkətin rəhbərliyi tam fərqli mövqeylərdən çıxış edir. Mürsəl Nəsirovun təqdim etdiyi sənədlərdən də məlum olur ki, “Kristal - AA” MTK tərəfindən müqaviləni imzalayan səlahiyyətli şəxs MTK-nın sədri Ramiz Süleymanov olub. Müqavilə bağlandıqdan sonra vətəndaş MTK-nın hesabına ümumilikdə 24670 manat məbləğində pul ödəyib. Bundan sonra müəyyən səbəblərdən Mürsəl Nəsirov nəzərdə tutulan mənzili almaqdan imtina etmək qərarına gəlib və bu barədə şirkət rəhbərliyinə məlumat verib. Qarşılıqlı razılaşma əsasında qərara alınıb ki, müqavilədə qeyd olunduğu kimi, şirkətə ödənilmiş məbləğ mənzil satıldıqdan sonra vətəndaşa qaytarılacaq. Lakin aradan bir müddət keçdikdən sonra, Mürsəl Nəsirov mənzilin artıq satıldığı barədə kənar mənbələrdən məlumat alıb. Şirkət rəhbərliyi isə vətəndaş özü onlara müraciət edənə qədər bu barədə ona xəbər verməyi lazım bilməyib. Amma bu da bir o qədər önəmli deyil. Müəyyən danışıqlardan sonra, şirkət rəhbərliyi Mürsəl Nəsirov tərəfindən ödənilmiş 24670 manat məbləğin 20170 manatını keçmiş payçıya qaytarıb. Razılığa gəlinib ki, qalan 4500 manatı da Mürsəl Nəsirov bir müddət sonra geri alacaq. Lakin bu müddət hələ də bitmək bilmir. Şikayətçinin sözlərinə görə, Ramiz Süleymanov növbəti görüşlərinin birində ona deyib ki, şirkətin sahibi olan Aydın Cəfərov keçmiş payçıdan “inciyib” və buna görə də pulun qalan hissəsini qaytarmamaq niyyətindədir. Aradan daha bir müddət keçdikdən sonra isə Ramiz Süleymanov MTK-nın sədrliyindən çıxıb. Bundan sonra artıq birbaşa Aydın Cəfərovla görüşən Mürsəl Nəsirov bu dəfə də öz məqsədinə nail ola bilməyib. Hər dəfə müxtəlif bəhanələr gətirən şirkət sahibi son görüşlərində ona deyib ki, pulun qaytarılması üçün Ramiz Süleymanovun razılığı lazımdır. MTK-nın keçmiş sədri isə şirkətdən tamamilə uzaqlaşdığını və artıq heç bir məsələyə müdaxilə etmədiyini bəyan edib. Bir sözlə, Aydın Cəfərovla Ramiz Süleymanov vətəndaşı əsil “ötür-ötür” oyununa salıblar. İndi bu oyunlardan xəbər tutan digər vətəndaşlar “Kristal - AA” MTK-ya nə əsasla etbar edib, güvənə bilərlər?..

Mövzuya yenidən qayıdacağıq və adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.


Geri qayıt