Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Abşeronda dərəbəylikdir - Zakir Fərəcov sahibkarlardan “haqq yığır”

Abşeronda dərəbəylikdir - Zakir Fərəcov sahibkarlardan “haqq yığır”


16-03-2015, 15:26
Abşeronda dərəbəylikdir -  Zakir Fərəcov sahibkarlardan “haqq yığır”
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Xırdalan şəhərində tikinti biznesi ilə məşğul olan sahibkarlardan “xərac yığır”.

Bununla bağlı informasiya Editor.az-a rayondakı mənbələrdən daxil olub.

Mənbəmizin sözlərinə görə, Xırdalan şəhəri hazırda ən çox bina inşa olunan rayonlar sırasında ilk yerdə gəlir:

“Demək olar ki, hər addımdan bir yeni tikiliyə rast gəlmək olur. Özü də bu tikintilərin əksəriyyəti yekunlaşmayıb. Daha dəqiq desək, tikilmə mərhələsindədir. Amma buna baxmayaraq, əksər evlər satılıb. Tikinti şirkətləri də bunu nəzərə alıb, inşa etdiyi binaları sürətlə təhvil verməyə çalışır. Lakin buna nail ola bilmir. Çünki müxtəlif süni əngəllərlə, təzyiqlərlə üz-üzə qalırıq. Belə təzyiqlərdən biri də Abşeron rayon İcra Hakimiyyəti tərəfindən edilir. Hər üç-beş aydan bir icra başçısının adından tikinti biznesi ilə məşğul olan sahibkarlardan “haqq yığılır”. Bu günlərdə Zakir Fərəcovun “qoçuları” yenidən tikinti biznesi ilə məşğul olan sahibkarlardan pul yığmağa başlayıb. Pul verməkdən boyun qaçıranları və bundan imtina edənləri hədələyir, işlərin yarımçıq qalması üçün binaya verilən elektrik enerjisini kəsirlər. Məsələ ilə bağlı icra başçısına etdiyimiz şikayətlər də cavabsız qalır. Tapşırıq Zakir Fərəcovun özündən gəldiyi üçün ona müraciət edən sakinləri heç yaxına da buraxmır”.

Editor.az daxil olan şikayətə Abşeron rayon İcra Hakimiyyətinin münasibətini öyrənmək istəsə də, İcra Hakimiyyətinin web-saytında yerləşdirilən telefonlara cavab verən olmayıb.

Qarşı tərəfin də mövqeyini dinləyə bilərik...

Geri qayıt