Əsas Səhifə > Güney Press, Şou-biznes > “Biz sazı ayağımızın arasından keçirməmişik”
“Biz sazı ayağımızın arasından keçirməmişik”20-03-2015, 12:10 |
Biz tərəfin “barmağından qan daman” aşıqları kimi adamın anasını ağlatmır... Oxuyur, oynayır, uşaqlar üçün yazıbmış kimi sadə, şad-şalayın şeirlər deyir. Nağayırsın?! Onsuz da dərdimiz çoxdu. Aşığınkı odu ki, bir az bu dərdin üstündən ala, adamın kefini aça. Yoxsa Ədalət Nəsibova qulaq asandı elə bilirsən Məhşər qapının ağzını kəsdirib. Tüklərin biz-biz olur. Öz gün-güzəranımız bir yana yüz illərin o üzünün də dərd-ağrısını dartıb gətirir. Dəlidi o kişi! Tərs kimi Aşıq Əhlimanın iş otağında, Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasına da vurulub Ədlətin şəkli. Qucağında saz, sifətində əyub peyğəmbərin əzadı... Təkcə, Ədalət yox, çox sənətkarın iri foto və rəsmləri var burda. Qurbani, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Mirzə, Kamandar Əfəndiyev, Aşıq İsfəndiyar, Aşıq Şakir, Aşıq Pənah və başqaları... Amma ən çox diqqətimi çəkən Aşıq Əhlimanın geyim-kecimi idi. Kostyum, qalstuk... Aşıqdan başqa kimə desən oxşatmaq olardı. Arada xahiş elədim ki, sazı əlinə götür, bir foto çəkək, yoxsa adamlar aşıqla görüşdüyümə inanmazlar. - Sıxılmırsız bu geyimdə? - İşdə rəsmi geyinməlisən. Sıxılsan da, sıxılmasan da... Amma burdan kənarda belə gəzməyi xoşlamıram. Ən azı qalstuku çıxardıram. - Elə rəsmi opturubsuz, elə bil bələdiyyə sədrisiz, mən də torpaq almağa gəlmişəm... Aşıq hara, belə rəsmiyyətçilik, quruluq, vəzifə ədaları hara... - (Gülür) Ayə, mən sadə adamam, kiri! Tanımırsanmı məni? - Zarafatsız burda nə iş görürsüz? Sazı ya çalırlar, ya da yox. Bu piano deyil ki, notla öyrənəsən. - Sazın da öz sirləri var. Aşıq sənətindəki ustad-şəyird münasibətlərini modernləşdirmişik. Eyni şeylər öyrədilir. Artıq on beş ildir institutun nəzdində saz tədris olunur. 2008-ci ildən isə ayrıca kafedra yaradılıb. 6 müəllimimiz var. Hörmətli professorumuz Məhərrəm Qasımlı da dərs deyir burda. Saz sənətinin tarixi və nəzəriyyəsini öyrədir. İxtisasçılardan Fəzail müəllimdi, Altay müəllimdi, Nemət Qasımlıdı, Aşıq Samirədi... Məzunlarımız hazırda kolleclərdə, musiqi məktəblərində dərs deyirlər. Amma savadsızdırlar... - Niyə? - Elmdən uzaqdılar. Saz çalmaqda əjdahadırlar, kitab oxumaqda, şeir bilməkdə axsayırlar. - Müəllim kimi nə tədbir görürsüz? - Tədbir görürük, şeir yazdırırıq, əzbərlədirik, amma canlarında yoxdu. Ümid verən cavanlar azdır. - Burda Borçalı yolu tədris olunur? - Hamısı tədris olunur. - Amma ustadların arasında Aşıq Əmrah Gülməmmədovun şəklini görmədim. Halbuki sizin indi çaldığınız və tədris etdiyiniz sazı o təkmilləşdirib, havaları o sahmana salıb, köklər, simlər, pərdələr artırıb. Sazın Sadıqcanı deyirlər ona... - Aşıq Kamandar var, İmran var. - Kamandar da onun şəyirdidi. Bax, deyirəm, Zəlimxan Yaqub eşitsə yaxşı olmaz. - İnanın, bu şəkilləri öz gücümə tapmışam. Amma söz verirəm ki, Aşıq Əmrahı da əlavə edəcəm. Əlbəttə, böyük sənətkardır. - Əhliman müəllim, aşıqlar niyə bu qədər yaltaq olur? - Rəhmətlik Ələsgərin bir sözü var, deyir Aşığın sinəsi haq bazarıdı Dediyi sözləri ləl-mirvarıdı Alimin elmiynən, helmi yarıdı... İndi nə elm var, nə helm. Helm sözünü bəzi adamlar fırıldaq, kələk kimi başa düşür. Helm sözünün mənası qabiliyyət, bacarıq, öz bacarığını insanlar üçün tətbiq etməkdir. Elmlə helm birləşəndə qala üstdən qala yapmaq olur. - Bir yerliniz vardı... O vaxt Moskvada dekadada saz çala-çala Kremlin başına dolanıb... - Yox, belə bir fakt eşitməmişəm. - Aşıq Pənah olub deyəsən... Amma səhv edə bilərəm... - Yox. Ola bilməz. Aşıq Şakir, Aşıq Pənah Kremldə çox çıxışlar ediblər, amma belə bir fakt eşitməmişəm. - Dadaloğlu deyirdi, fərman padşahındı, dağlar bizimdi. Amma indi harda bir imkanlı, vəzifəli adam var bizim əksər aşıqlar orda quyruq bulayır. - Hərə özünə cavabdehdi. Başqaları haqqında danışa bilmərəm, özüm haqda deyə bilərəm ki, mən heç vaxt bu yola qulluq eləməmişəm, şöhrət düşkünü olmamışam. - Bilirsiz, niyə deyirəm; sazı hörmətdən salan belə aşıqlardır. İndi, saat kimi meyli haqqa dolanan sənətkar tapmaq çətin məsələdir. Tamaşaçı da ayıqdı, onu aldatmaq olmur, görür bununku sənət deyil, ona-buna yarınıb irəli düşməkdir, o saat kanalı dəyişir. Saza da musiqi aləti kimi yox, çömçə kimi baxıb lağa qoyur. - Razıyam sizinlə. - Sazla meymunluq edənlərə münasibətiniz necədir? - Mənim heç bir münasibətim yoxdu onlara. Nə münasibətim olacaq? - Bu, bir mütəxəssis, Aşıq sənəti kafedrasının müdiri kimi həm də vəzifə borcunuzdur... - Yenə Aşıq Ələsgərdən bir misal gətirəcəm. Onun məşhur “Gərəkdi” qoşmasında belə bir misra var: Naməhrəmdən şərm eyləyə, utana... Şərm sözünün mənası bilirsiniz nədir? - Utanmaq. - Şərm sözü abır-həyanı gözləməkdi. İndi kimsə bunu gözləmirsə, mən nə edə bilərəm. - Bir səfeh dostum var, deyir, elə Aşıq Əhliman özü də efirdə oynayır, sazı atıb-tutur... - Mən sazı heç vaxt atıb-tutmamışam. Amma Ədalət Nəsibov kimi boynumun arxasına çalmışam. Biz neyləsək də, sazı ayağımızın arasından keçirməmişik. Bunları nə qədər tənqid elədilər, hətta təhqir edənlər oldu, xeyri yoxdu. - Amma tamaşaçı onlara baxır... - Savadsız tamaşaçı! Mənə bunnan bağlı o qədər irad bildirən tamaşaçılar olur ki... - Onların səmimiyyətinə inanmayın. Sizə belə deyirlər, amma gedib o meymunluq edənlərə baxırlar, toylara onları çağırırlar. - Bilirəm... Neyləyim... Mənim bir şeirim var, klip də çəkilib: “Oğul, qayıt kəndə gəl” Nə qədər adam buna görə qayıdıb Azərbaycana gəldi. Belə faktlar da var. - Ora kefə getməyiblər ki... Çörək dalınca gediblər. - Yox, çörək qazanmasınlar demirəm, amma öz vətənlərini də unutmasınlar. - Bax bu şəkildən şahanə görkəmlə baxan Aşıq Kamandarla da müsahibəm olub vaxtıyla. O, sizin Şirvan yolunu birmənalı olaraq qəbul eləmirdi. Deyirdi, yüngüllük edirlər, oynayırlar, saz çala bilmirlər, balabanın kölgəsində baş girələyirlər, ifaları saz yox, muğam-mahnı üstündədir və s. - Kamandar şübhəsiz ki, böyük ifaçı idi. Hərənin sənət haqqında öz fikri ola bilər. Hamı eyni cür düşünmür. Bir dəfə Aşıq Kamandar Kürdəmirdə Aşıq Şakirin qonağı idi. Şakir orda Qərb yolu ilə bir “Qəhrəmanı” oxudu, hamı heyran qaldı. Kamandar mənim də evimdə qonaq olub və bu həyatımın ən unudulmaz xatirələrindən biridir. - Düz deyir də, sizdə çalğı dominant deyil. Güllərin, xalların heç on faizini vurmursuz. - Aha, bax, gəldik əsl mətləb üstünə. Bizim bu kafedranın da məqsədi odu ki, Azərbaycan sazına aid bütün bilikləri bütün regiondan olan cavanlara öyrədək, universal olsunlar. Şirvan yolu da, Qərb yolu da ayrıca öyrədilir, eyni zamanda bunu öyrənənlər o, onu öyrənənlər bu məktəbi öyrənir. O ki qaldı, oynamağa, məncə, aşıq sənətində rəqs vacibdir, amma həddində! Bu sənətdə hər şey ağayana olmalıdır. - Novruzla aranız necədir? - Çox gözəl. - Harda olacaqsız? - Rayonda. Ucarda. - Bayramınızı təbrik edirəm. Yeni iliniz uğurlu olsun. - Mən də sizi və bütün oxucularınızı təbrik edirəm. Allah amanında. Geri qayıt |