Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bu uşaq bağçasında hər bir uşağa bar verən ağac kimi baxırlar...
Bu uşaq bağçasında hər bir uşağa bar verən ağac kimi baxırlar...16-04-2015, 14:59 |
Azərbaycanda uşaq bağçaları və digər bu tip uşaq məktəbəqədər müəssiələrinin icra hakimiyyəti orqanlarının kurasiyasına verilməsindən sonra keçən müddət ərzində, bu sahədə mövcud problemlərin həlli istiqamətində bir sıra mühüm addımlar atılıb. Görülən tədbirlərin ümumiyyətlə heç bir müsbət nəticə vermədiyini söyləmək ən azından ədalətsizlik olardı. Müəyyən nəticələr var və onları pozitiv adlandırmaq olar. Lakin dövlətimizin və xüsusən də şəxsən ölkə prezidentinin bu sahəyə ayırdığı xüsusi diqqət və qayğının müqabilində, bu istiqamətdə əldə olunmuş nəticələrin gözlənildiyindən xeyli az olması da bir həqiqətdir. Başqa sözlə desək, uşaq müəssisələri sahəsində islahatlar gedir, lakin çox ləng gedir. Diqqətəlayiq haldır ki, bir müddət bundan əvvəl ölkə prezidenti cənab İlham Əliyev də öz çıxışlarının birində bu sahədə mövcud problemlərin təcili həllinin zəruriliyini xüsusi qeyd etmişdi. Bəzi uşaq müəssisələrində ərzaq təminatı məsələləri ilə bağlı hələ də neqativ halların mövcudluğuna münasibət bildirən dövlət başçısı demişdi: “Bu, dözülməz haldır. İndi bu məsələlər paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib və çox ciddi göstərişlər verilib ki, yemək məsələləri birinci planda olmalıdır.” Bütün bunlar ölkə rəhbərliyi tərəfindən, qeyd olunan məsələlərin həllinə görə məsul vəzifəli şəxslərə qarşı ciddi tələblərin irəli sürüldüyünə bir daha dəlalət edir. Bununla belə araşdırmalar göstərir ki, bu sahədə çalışan bəzi məmurlar vərdiş etdikləri köhnə qaydaları hələ də bir kənara qoymağa hazır deyillər. Xüsusilə bu gün paytaxtda fəaliyyət göstərən bir çox uşaq bağçalarında mövcud neqativ halların aradan qaldırılması üçün hələ də müvafiq tədbirlər görülmür. Bu xüsusda redaksiamıza daxil olan növbəti məlumatlarda Bakının Nərimanov rayonu ərazisində, B.Dadaşov küçəsi, 19 ünvanında yerləşən 49 №-li körpələr evi-uşaq bağçasının rəhbərliyi tərəfindən də bu müəssisədə çeşidli qanun pozuntularına yol verildiyi bildirilir. İlk növbədə mənbələr bildirirlər ki, müəssisəyə rəhbərlik edən Elvira İslamova bağçaya uşaq qəbulunu yalnız ödəniş əsasında həyata keçirir. Bir uşağın qəbulu üçün nəzərdə tutulmuş məbləğ isə 300-500 manat hüdudunda “oynayır”. Daha sonra məlumatlarda bildirilir ki, 49 №-li körpələr evi-uşaq bağçasında həyata keçirilən pul yığımları da intensivliyi ilə diqqəti cəlb edir. Açıqlamalara görə uşağı bağçaya yerləşdirdikdən sonra hər bir valideyndən bir uşağa görə 20 manat məbləğində aylıq ödəniş tələb olunur. Həm də bu ödənişin təyinatı belə valideynlərə açıqlanmır. Məsələ bundadır ki, bağçada aylıq ödənişdən başqa mütəmadi olaraq müxtəlif “məsrəflər” üçün nəzərdə tutulmuş pul yığımları da həyata keçirilir. O cümlədən bayram tədbirlərinin keçirilməsi, uşaqların gəzintiyə aparılması, təsərrüfat xərcləri, tərbiyyəçilərin mükafatlandırılması, ad günlərinin qeyd olunması da hər dəfə valideynlərə müəyyən məbləğə başa gəlir. Həmçinin mənbələr vurğulayırlar ki, məhz Elvira İslamovanın ad günü bağçada xüsusi təm-təraqla qeyd olunur. Amma bütün bunlara rəğmən 49 №-li körpələr evi-uşaq bağçasının fəaliyyətində valideynləri daha çox narahat edən məqam yenə də məhz uşaqların qidalanmaları ilə bağlıdır. Bu xüsusda aldığımız məlumatda bildirilir ki, bağça müdirəsi tərəfindən uşaqların qidalanma rejimi və istifadə olunan qida rasionu barədə valideynlərə dürüst məlumat verilmir. Bu isə bağçada ərzaq təchizatı ilə bağlı müxtəlif maxinasiyaların yer aldığına dair müxtəlif söz-söhbətlərin və haqlı şübhələrin yaranmasına əsas verir... \\ bizimdovr.az \\ Geri qayıt |