Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Daşkəsəndən Nəsimiyə gələ bilməsi üçün Nəqliyyat naziri ilə anlaşdı

Daşkəsəndən Nəsimiyə gələ bilməsi üçün Nəqliyyat naziri ilə anlaşdı


16-04-2015, 15:53
Daşkəsəndən Nəsimiyə gələ bilməsi üçün Nəqliyyat naziri ilə anlaşdı
Keçmiş millət vəkili, hazırda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Nəsimi rayonuna icra başçısı gəlməyə çalışır.

Bu barədə AzFakt.com-u məlumatlandıran mənbənin bildirdiyinə görə Əhəd Abıyev Nəsimi rayonuna başçı gəlmək üçün səylərini artırıb. Qeyd edək ki, uzun müddətdir ki, Əhəd Abıyevin Bakı rayonlarından birinə icra başçısı gəlmək istəməsi haqqında söz-söhbətlər gəzir. Bundan əvvəl Əhəd Abıyevin Suraxanı rayonuna icra başçısı gəlmək planları baş tutmayandan sonra bir müddətdir ki, Əhəd Abıyev yeni seçimini Nəsimi rayonuna edib.

Mənbə bildirir ki, Əhəd Abıyev Nəsimi rayonuna başçı gəlmək üçün uzun müddətdir ki, nəqliyyat naziri Ziya Məmmədovla (Nəsimi rayonu Ziya Məmmmədovun kurasiyasında olduğu üçün), danışıqlar aparıb və nəhayətdə Ziya Məmmədovu razı salmağa nail olub. Ziya Məmmədovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyevdən niyə vaz keçdiyi barədə isə mənbə məlumatlı olmadığını bildirib. Qeyd edək ki, Nəsib Məhəməliyev 9 ildir ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır və bir müddətdir ki, onun vəzifədən alınacağı barədə söz-söhbət dolaşır.

Mənbə Əhəd Abıyevin Ziya Məmmədovla anlaşa bilməsini onların arasında olan qohumluq telləri ilə əlaqələndirir. Xatırladaq ki, Əhəd Abıyevin qardaşı oğlu Ziya Məmmədovun qardaşı qızı ilə evlidir. Lakin bütün hallarda Bəylər Əyyubovun komandasında yer alan Əhəd Abıyevin Ziya Məmmədovun kurasiyasında olan rayona başçı gətirilməsini maraqlı hadisə kimi qiymətləndirilməlidir. Hələ ki, bu razılaşmaya Bəylər Əyyubovun necə reaksiya verəcəyi maraqla gözlənilməkdədir.

Həmçinin Əhəd Abıyevin Daşkəsən rayon İcra Hakimiyyəti postuna varis belə seçdiyi bildirilir. Belə ki, Əhəd Abıyev öz yerində keçmiş köməkçisi, hazırda Daşkəsən İcra Hakimiyyətində müavin vəzifəsində çalışan və faktiki olaraq Daşkəsəni Əhəd Abıyevin (Əhəd Abıyev Daşkəsəndə çox az olur), adından idarə edən Namiq Süleymanovu görmək istəyir və artıq bu niyyətini də gizlətmir.

Məlumatda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq...

Geri qayıt