Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Sabirabadda baş həkim dərdə çarə etmir, baş kəsir...
Sabirabadda baş həkim dərdə çarə etmir, baş kəsir...22-04-2015, 14:56 |
Əvvəlcə onu qeyd edək ki, Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılovun korrupsiya əməlləri barədə mətbuatda kifayət qədər yazılıb. Amma çox təəssüf ki, əlaqədar təşkilatlar, ilk növbədə isə Səhiyyə Nazirliyi israrla problemə laqeydlik nümayiş etdirməkdə davam edirlər. Məhz elə bu da Əziz Mikayılova rayon sakinləri ilə istədiyi kimi rəftar etməyə, necə deyərlər, xəstəxanada bazar açmağa imkan verir. Baş həkimin “nazir mənim arxamda dayanıb, hara istəyirsiniz yazın, onsuz da heç nə edə bilməyəcəksiniz” hədələri də, bizcə, elə bu laqeydlikdən bəhrələnir. Nəticədə rayon sakinləri müxtəlif instansiyalara müraciət etmək zorunda qalıb. H.Ağayev küçəsi ev 10, mənzil 9-da yaşayan rayon sakini, II qrup əlil İsmət Əlvan oğlu Hüseynov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək ondan kömək istəmişdir. Rayon xəstəxanası üçün tipik hal olduğuna görə həmin məktubu burada olduğu kimi vermək qərarına gəldik. Məktubda deyilir: “Hörmətli Mehriban xanım, mən uzun müddətdir ki, bronxit və ağ ciyər xəstəsiyəm, maddi vəziyyətim olduqca ağırdır, ailəmizin gəliri mənim aldığım 50 manat pensiyadan ibarətdir. Dərman almaq məqsədi ilə dəfələrlə Sabirabad rayon Mərkəzi Xəstəxanasanın baş həkimi Əziz Mikayılovun qəbulunda olsam da, mənə heç bir köməklik göstərmir. Başa düşə bilmirəm dövlət büdcəsindən dərman preparatları almaq üçün ayrılan milyonlarla manat vəsait niyə Əziz Mikayılov tərəfindən mənimsənilməli, mənim kimi imkansızlar isə dava-dərmansızlıqdan ölməlidirlər? Dövlət qurumları niyə bu özbaşınalığa biganə yanaşırlar. Hörmətli Mehriban xanım, ötən dəfə Sizə ünvanladığım müracitə də rayonda biganə yanaşıldı. Mənə şifahi xəbər göndərdilər ki, xəstəxanaya gəlim. Mən də düz dörd gün gedib gəldim. Kabinetlərin birində qarşılaşdığım Məmmədağa Məmmədov bildirdi ki, səni ya baş həkim, ya da müavini Qalib qəbul edəcək. Amma məni heç kim qəbul etmədi. Qısası, Sabirabad xəstəxanasında əhaliyə pulsuz xidmət göstərmirlər, baş həkim Sabirabad səhiyyəsini idarə etməyi Rusiya bazarında nar satmaq kimi başa düşür. Yalnız ümidimiz Sizədir, Mehriban xanım”. Rayondan aldığımız digər məktublarda da bu və buna bənzər faktlar sadalanır. Məsələn, əldə etdiyimiz məlumata görə, dövlət tərəfindən müəyyən olunmuş dərman və ərzaq məhsullarının yalnız 25 faizi şöbələrə və kəndlərə verilir. Qış aylarında xəstəxanaların isidilməsi üçün ayrılmış neft məhsulları mənimsənilir. Baş həkim Əziz Mikayılov 2009-2012-ci illərdə qeyri-qanuni şəkildə iki yerdə işləyib və əmək haqqı alıb. Baş həkim olanda da VTEK-də işləməyini gizlədib. Bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi də təsdiqləyə bilər. Bizə çatan məlumata görə, baş həkimin qanunsuz əməllərindən rayon İH başçısının məlumatı var, amma nədənsə göz yumur. Səhiyyə Nazirliyində isə şöbə müdiri Gülmirzə Poladov onu himayə edir, yəni baş həkimin qeyri-qanuni əməllərini nazirdən gizlədir. Daha bir dəhşətli faktı qeyd edək. Rayonda ana və uşaq ölümləri çox ciddi şəkildə gizlədilir. Məsələn, 1983-cü il təvəllüdlü Təhminə Təvəkkül qızı Aslanlı 20.11.2013-cü il tarixdə Sabirabad Regional Perinatal Mərkəzində bir oğlan uşağı dünyaya gətirib, lakin düzgün aparılmayan əməliyyata görə 7 gündən sonra ana dünyasını dəyişib. Fakt gizlədilib. Bir çox hallarda başqa rayonlarda doğulan uşaqlara da Sabirabad Regional Perinatal Mərkəzində arayış verilmişdir. Məsələn, Sabirabad rayon Kürkənd sakini Vüsalə Haxverdi qızı Məmmədova 09.08.2008-ci ildə Qobustan Mərkəzi Xəstəxanasında bir qız uşağı dünyaya gətirib. Həmin uşağa 15.08.2008-ci ildə 0073465 saylı “Doğum haqqında tibbi şəhadətnamə” də verilib. Lakin beş ildən sonra Qeydiyyat şöbəsi yenidən 103 saylı forma istəyəndə Məmmədovlar Qobustana getməyə əriniblər. 27.04.2013-cü il tarixdə 103 saylı formanı elə Sabirabad Doğum Evindən əldə ediblər. Necə? Yəqin ki, bunu qanunsuz arayışı verənlər özləri bilirlər. Bir məsələni də qeyd edək. Sabirabad Perinatal Xəstəxanasından xəstələr çox vaxt Şirvan və Bakının özəl xəstəxanalarına göndərilir. İstər-istəməz sual doğulur, niyə? Bunu orada çox şeyləri ört-basdır etmək imkanları ilə izah edənlər də var. Bir sözlə, bu yazıda Sabirabad rayon Xəstəxanasında baş verənlərin yalnız xırda bir qismi ilə sizləri tanış etdik. Növbəti yazılarımızda daha ciddi faktlarla qarşılaşacaqsınız… Geri qayıt |