Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Başçıdan narazılıq var: Beyləqanda vəziyyət uruscadır

Başçıdan narazılıq var: Beyləqanda vəziyyət uruscadır


23-04-2015, 15:00
Başçıdan narazılıq var: Beyləqanda vəziyyət uruscadır
Son zamanlar regionlarda məmur özbaşınalığı durmadan artır. Bu da rayon sakinlərinin narazılığına əsas yaradır. Məmur özbaşınalığının ən çox baş verdiyi regionlardan biri də Beyləqan rayonudur. Beyləqan rayon icra başçısıyla bağlı xoşagəlməz fikirlər səslənməkdədir. Rayondakı məmur özbaşınalığı dözülməz həddə çatıb.

Qeyd edək ki, Beyləqan rayonunun icra başçısı Vaqif Abdullayevdir. Bu şəxs 2012-ci ildən bəri rayona icra başçısı təyin olunub. Təyin olunduğu gündən rayonda bir sıra qanunsuz hərəkətlərə yol verib. Bu gün də həmin hallar yaşanmaqdadır. Abdullayev vəzifəyə təyin olunan gündən bu günə qədər büdcədən ayrılan irihəcmli vəsaitləri təyinatı üzrə xərcləməyib. Bu da rayon camaatının etirazına səbəb olub. Yerli sakinləri narahat edən əsas məsələlərdən biri isə pay torpaqlarının mənimsənilməsi və təyinatının qeyri-qanuni yolla dəyişdirilərək müxtəlif iş adamlarına satılmasıdır. Qeyd edək ki, Torpaq Məcəlləsinə əsasən, Azərbaycanda torpaqlar məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq müxtəlif kateqoriyalara bölünür. Onlardan biri də fermer təsərrüfatlarının istifadə etdiyi kənd təsərrüfatı təyinatlı torpaqlardır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə kənd təsərrüfatına yararlı torpaq sahələrinin həcmi 4,8 milyon hektardır. Kənd təsərrüfatı təyinatlı torpaqların 1,7 milyon hektarını əkin yerləri təşkil edir ki, bundan da 1,1 milyon hektarı suvarılandır. Qanunvericiliyə görə, torpaq xüsusi mülkiyyətə ölkə vətəndaşlarına və hüquqi şəxslərə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Bələdiyyə ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları, Azərbaycan vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar alqı-satqı müqavilələrinin predmeti ola bilər. Özəl mülkiyyətdə olan torpaq sahələri birbaşa, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri isə hərrac və müsabiqələr vasitəsilə satılır və ya icarəyə verilir. Məlum olduğu kimi, pay torpaqları torpaq islahatı dövründə qanunvericilik əsasında naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilib. Bu o deməkdir ki, pay torpağının hər hansı bir hissəsinin satılması üçün bütün ailə üzvlərinin razılığı tələb olunur. Bu baxımdan pay torpaqlarının satılması və ya icarəyə verilməsi ilə bağlı müqavilə notarial qaydada təsdiq olunması üçün torpağın məxsus olduğu ailənin bütün üzvlərinin iştirakı vacibdir. Etibarlı mənbənin sözlərinə görə isə, icra başçısı qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq pay torpaqlarının ayrı-ayrı iş adamlarına satılmasına şərait yaradır: "Beyləqanın əksər kəndlərində vətəndaşlara məxsus pay torpaqları ayrı-ayrı iş adamlarına villa tikmələri, istirahət-əyləncə mərkəzləri yaratmaları üçün qanunsuz olaraq satılıb. Bu zaman əsl torpaq sahiblərinin hüquqları tapdanıb. Sənədlə yerli əhaliyə məxsus olan pay torpaqlarının bir hissəsində ayrı-ayrı imkanlı şəxslər özlərinə ya villa ucaldıblar, ya da istirahət mərkəzi, obyekt filan tikdiriblər.

Bundan başqa rayonun əksər kəndlərində müxtəlif problemlər yaşanır. Əhali normal şəkildə qaz, su və işıqla təmin olunmur. Kəndlərdə yollar bərbad durumdadır. Son günlər ölkə üzrə baytarlıq apteklərində aparılan yoxlamalar bir çoxları üçün gəlir mənbəyinə çevrilib. Artıq rayonlarda bu yoxlama məsələsi bir çoxlarına qazanc yeri olub. Elə bu səbəbdəndir ki, Beyləqanda artıq ilk "məzənnə" də qoyulub.

Həmin məlumatda qeyd olunur ki, Beyləqan rayonunda fəaliyyət göstərən bir neçə baytarlıq apteki bağlanılıb. Onların açılması üçün isə 50 min dollar pul istəyirlər.

Rayonda problem bununla da bitməyə bilər. Bildirilir ki, Beyləqanın icra başçısı Vaqif Abdullayevin baytarlıqdan başqa, digər aptektlərin də bu şəkildə "bağlanılıb", "açılması" barədə tapşırıq verəcəyi gözlənilir. Məqsədin isə daha çox pul qazanmaq həvəsi olması danılmazdı.
\\ GünBakı \\
Geri qayıt