Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Mikayıl Cabbarovun diqqətinə: Burada pul yığırlar...
Mikayıl Cabbarovun diqqətinə: Burada pul yığırlar...5-05-2015, 14:30 |
Məlumdur ki, bu gün Azərbaycanda təhsilin qabaqcıl dünya standartları səviyyəsinə çıxarılması məsələsinin müsbət həlli bir çox hallarda olduğu kimi, konkret müəssisə və təşkilatlara rəhbərlik edən kadrların həm şəxsi, həm də professional keyfiyyətləri ilə müəyyənləşir. Etiraf etmək lazımdır ki, məhz bu baxımdan respublikada fəaliyyət göstərən bir çox tədris müəssisələrinə rəhbərlik hələ də irəli sürülən tələblərə qətiyyən cavab verməyən kadrlar tərəfindən həyata keçirilir. Qəzetimizin ötən saylarında biz dəfələrlə bu problemə toxunaraq Bakıda və rayonlarda fəaliyyət göstərən bir çox peşə lisey və məktəblərində vəziyyətin son dərəcə arzuolunmaz bir duruma gəldiyindən söz açmışdıq. Bu xüsusda redaksiyamıza bir müddət əvvəl daxil olmuş şikayət məktublarında 18 saylı Bakı Peşə Liseyində yer almış neqativ hallar barədə çeşidli məlumatlar təqdim edilir. Həmin məlumatlara əsasən belə bir qənaətə də gəlmək olur ki, sözü gedən tədris müəssisəsi faktiki olaraq məktəbin direktoru Rəhim Ağamalıyev tərəfindən şəxsi kommersiya obyekti kimi istismar olunmaqdadır. Məlumatlarda qeyd olunur ki, məktəb direktoru onun tətbiq etdiyi iş üsullarına ümumiyyətlə heç kəsin müdaxilə etmək iqtidarında olmadığını bəyan edir. Belə ki, direktor özünü hətta Təhsil Nazirliyi üçün də kifayət qədər əlçatmaz hədəf hesab edir. Belə məlum olur ki, Rəhim Ağamalıyev daha yuxarı instansiyalarda əyləşmiş hansısa nüfuzlu himayədarlarına kifayət qədər arxayındır. Aldığımız məlumatlarda ilk növbəd vurğulanır ki, bu gün lisey üzrə dərslərə davamiyyət olduqca aşağı səviyyədədir. Digər tərəfdən isə məktəb jurnallarındakı qeydlər müəssisənin aktiv fəaliyyət göstərməsini, şagirdlərin burada zəngin biliklərə və peşə vərdişlərinə yiyələndiklərini israrla sübut edirlər. Mənbələr isə iddia edirlər ki, 18 saylı Bakı Peşə Liseyində bir çox şagirdlərin adları sinif jurnallarında qeyd olunsa da, əslində onlar dərslərdə iştirak etmirlər. Çünki burada təhsil alan şagirdlərin bir qismi müxtəlif səbəblər üzündən “aylığa” buraxılırlar. Bunun müqabilində isə həmin şagirdlər hər ay lisey direktorunamüəyyən məbləğdə ödəniş edirlər. Direktor isə göründüyü kimi bu vəziyyətdən xeyli məmnundur. Çünki ümumi hərc-mərclik fonunda onun tərəfindən həyata keçirilən bir çox konkret maxinasiyalar da diqqəti cəlb etməyə bilər. Bu maxinasiyalar isə ilk növbədə qeyri-qanuni şagird qəbulu, köhnə tarixlə arayış və sənədlərin verilməsi, saxta diplom təqdimatı və digər bu kimi korrupsiya əməllərində özlərini büruzə verirlər. Məsələn, liseyin binası bir neçə il öncə təmir edilsə də, şagirdlərdən demək olar ki, hər ay “təmir pulu” yığılır. Həmçinin qeyr etmək lazımdır ki, 18 saylı Bakı Peşə Liseyində yer almış neqativ hallar burada təhsil alan şagirdlərin valideynləri tərəfindən bir çox digər mətbu orqanlarına ünvanlanan şikayət məktublarında da öz əksini tapmaqdadır. Bütün bu müraciətlərdə isə birmənalı olaraq bildirilir ki, Rəhim Ağamalıyevin rəhbərlik etdiyi liseydə bu gün normal təhsildən əsər-əlamət belə yoxdur. Elə buna görə də liseyin məzunları ixtisaslarına uyğun işlə təmin olunmaq məqsədilə müraciət etdikləri müəssisə və şirkətlərdə qeyri-peşəkar kadrlar kimi qarşılanırlar. Yeni aldığımız daha bir məlumatda isə qeyd olunur ki, lisey direktoru şagirdlərə dövlət tərəfindən ayrılmış təqaüdlərə belə göz dikməkdən çəkinmir. Belə ki, liseydə davamiyyətin aşağı səviyyəsi direktora şagirdlərin təqaüd kartları vasitəsilə də maliyyə mənimsəmələri həyata keçirməyə geniş imkanlar yaradır. Məlumatı təqdim edən mənbə bildirir ki, bu kartları uzun müddət özündə saxlayan məktəb direktoru il ərzində şagirdlərə ayrılan təqaüd pullarının 60%-indən artıq hissəsini gözlərini belə qırpmadan mənimsəyir... DİA.AZ-dan: Nazir elə bu gün açıqlama verərək bildirmişdi ki, hansı təhsil ocağında qanunsuz pul yığırlarsa, onu xəbərdar edək. Biz də etdik. Geridə qalanı hörmətli gənc nazirimizin boynuna düşür... Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |