Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İşçinin alın təri ilə qazandığı halal haqqına göz dikən var...

İşçinin alın təri ilə qazandığı halal haqqına göz dikən var...


6-05-2015, 13:04
İşçinin alın təri ilə qazandığı halal haqqına göz dikən var...
Bu gün ölkəmizdə aparılan inşaat və bərpa-abadlıq işlərinin bəzi əliəyri məmurlar və iş icraçıları üçün əlavə gəlir mənbəyi rolunu oynaması barədə söz-söhbətlər artıq heç kimi təəccübləndirmir. Vəsaitlərin silinməsi və nağdlaşdırlıması yönümündə həyata keçirilən müxtəlif maxinasiyaların sxem və mexanizmləri də çoxlarına məlumdur. Lakin bütün bunlarla yanaşı təəssüf doğuran daha bir hal da vardır ki, bu da təmir-tikinti işlərində çalışan fəhlələrin halal qazandıqları pulların kəsilməsi ilə bağlıdır. Belə məlum olur ki, dövlət vəsaitlərinin mənimsənilməsilə qane olmayan məmur və digər işbazlar, öz gəlirlərini həm də bu kasıb təbəqənin qəpik-quruşları hesabına artırmağa çalışırlar. Qəzetimizin ötən saylarında biz aldığımız məlumatlar əsasında bu mövzuda bir neçə tənqidi material dərc etmişdik.

Bu günlərdə isə redaksiyamıza daxil olmuş növbəti şikayət məktubunda yenidən oxşar bir problemdən bəhs olunur. Saatlı şəhəri, H.Əliyev prospekti ev 9 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan vətəndaş Əliyev Zamiq Akif oğlu öz məktubunda “Nazimoğlu” MMC-nin rəhbərliyi tərəfindən aldadıldığını iddia edir. Məktubda bildirilir ki, 2014-cü il yanvar ayının 24-də o, “Nazimoğlu” MMC-nin rəhbərlərindən olan Nazim və Elbrus adlı şəxslərlə şifahi razılığa gələrək, Müdafiə Nazirliyinin Hərbi Akademiyasının 36 saylı binasında (“Salyan kazarmaları”) təmir işlərinin icrasını öhdəsinə götürmüşdür. Bir neçə nəfərdən ibarət briqada ilə işlərə başlayan Zamiq Əliyev artıq bu ilin mart ayında işləri təhvil vermişdir. Məlumatda qeyd olunur ki, briqadanın gördüyü işlər əsasən rəngsaz işləri olmuşdur. Lakin işlərin tam təhvil verilməsindən sonra sifarişçilər tərəfindən ödəniş tam həyata keçirilməmişdir. Zamiq Əliyev bildirir ki, “Nazimoğlu” MMC-nin onlara qalan borcunun məbləği hazırda 3100 (üç min yüz) manat təşkil edir. Daha sonra şikayətçi bildirir ki, Nazim və Elbrus ilk müddət pulun məhz Müdafiə Nazirliyi tərəfindən gecikdirildiyini bəhanə gətirirdilər. Lakin sonrakı müraciətlər zamanı, MMC rəhbərləri Zamiqin briqadasının üzvlərinin əmək müqaviləsi imzalanmadan işlədiklərini bəhanə gətirərək, ümumiyyətlə onlara pul verməyəcəklərini bildiriblər...Məlum olduğu kimi ölkəmizdə hökm sürən sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Bu arada qeyd etmək lazımdır ki, 2013-cü ildə cənab Zakir Həsənovun ölkənin Müdafiə Naziri təyin olunmasından sonra Azərbaycanda bu sahədə həyata keçirilən mütərəqqi islahatlar bütün ictimaiyyətin rəğbətinə səbəb olmuşdur. Bununla belə, nəzərdən keçirdiyimiz haldan belə qənaətə gəlmək olar ki, nazirliyin strukturlarında hələ də tutduğu mövqeyin tələblərinə cavab verməyən kadrlara rast gəlinir. Əgər belə omasaydı, Müdafiə Nazirliyinin sifarişləri “Nazimoğlu” MMC-nin rəhbərləri kimi məsuliyyətsiz və əliəyri şəxslərə həvalə olunmazdı. Onların bu keyfiyyətləri isə həm fəhlələrin pulunu kəsməklərində, həm də sifariş aldıqları işi yerinə yetirmək üçün müvafiq bazaya malik olmamaqlarında özünü büruzə verir. Ümid edirik ki, Müdafiə Nazirliyinin rəhbərliyi bu məsələyə aydınlıq gətirilməsi və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün müvafiq tədbirlər görəcəkdir.

Qarşı tərəfi də dinləməyə hazırıq.
\\ bizimdovr.az \\
Geri qayıt