Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Saatlıdan nazirə şikayət ünvanlandı: Əlillik ala bilmirlər...

Saatlıdan nazirə şikayət ünvanlandı: Əlillik ala bilmirlər...


14-05-2015, 12:58
Saatlıdan nazirə şikayət ünvanlandı: Əlillik ala bilmirlər...
Bölgələrdə fəaliyyət göstərən bəzi Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz fəaliyyəti yerli sakinləri və təbii ki, ilk növbədə bu qurumların xidmətlərinə ehtiyacları olan əlil və xəstə vətəndaşları son dərəcə narahat edir. Bu vətəndaşların kütləvi informasiya vasitələrinə ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlar və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair ətraflı məlumatlar təqdim olunur. Redaksiyamıza daxil olan şikayət məktublarında, fəaliyyətində daha çox neqativ halların müşahidə olunduğu bu tip müəssisələrdən biri kimi də məhz 34 saylı Saatlı-İmişli Regional TSEK təqdim olunur. Bu günlərdə Saatlı rayonundan aldığımız daha dörd şikayət ərizəsində 34 saylı TSEK-in sədri Ərkinaz Məmmədovanın qanunsuz əməllərindən bəhs edilir. Rayonun Nərimankənd kənd sakini Fizuli Məmmədov, Qarabucaq kənd sakini Vüqar Pəncəliyev, Musalı kənd sakinləri Vidadi Səfərov və Nəbi Mirzəyev mətbuat vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova etdikləri müraciətlərində Ərkinaz Məmmədovanın onlara qarşı irəli sürdüyü pul tələblərindən xəbər verirlər. Ərizələrdən məlum olur ki, bu vətəndaşların hər biri artıq uzun müddətdir ki, müxtəlif səbəblərdən əmək qabiliyyətlərini itiriblər. Eyni zamanda da onların hər birinə müxtəlif dövlət tibb müəssisələri tərəfindən müvafiq sənədlər verilmişdir. Lakin bu vətəndaşlar həmin sənədlərlə 34 saylı Saatlı-İmişli Regional Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etdikləri zaman, onlardan hər biri Ərkinaz Məmmədovadan eyni cavabı alıblar. Belə ki, bu məsələnin müəyyən xərc tələb etdiyini bildirən TSEK sədri, vətəndaşları Paşa adlı bir şəxsin yanına göndərmişdir. Bu zaman Ərkinaz xanım bildirmişdir ki, xərc ödəndikdən sonra Paşa ona xəbər verəcək və yalnız bundan sonra vətəndaşların təqaüd məsələsi də öz həllini tapacaq.Qeyd edək ki, mətbuat səhifələrində 34 saylı TSEK-in sədri Ərkinaz Məmmədovanın qanunsuz əməllərindən bəhs edən tənqidi materiallar mütəmadi olaraq dərc olunur. Bildirilir ki, 34 saylı TSEK-də əlillik pensiyası almaq üçün tələb olunan hər bir sənədin öz qiyməti var. Mənbələrin iddiasına görə, bu məqsədlə kimisi kredit götürür, kimisi də mal-qarasını və ya ev əşyalarını satıb əlillik dərəcəsi alır. Bildirilir ki, bu gün xəstəlik və əlillik səbəbindən təqaüdə çıxa bilmək üçün 34 saylı TSEK-də qadınlar üçün 2500-3000, kişilər üçün isə 4000 manat qiymət təyin olunub. Həm də bu yeni qiymətlərin məhz Ərkinaz xanım tərəfindən müəyyənləşdirildiyi İmişli və Saatlı sakinləri tərəfindən təqdim olunan açıqlamalarda xüsusi olaraq vurğulanır: “Ərkinaz Məmmədova 34 saylı TSEK-ə rəhbərlik etdikdən sonra 2-ci qrup əlillik almaq üçün qiymət 1500-2000 manatdan 3500-4000 manata qədər qaldırıldı. 3-cü qrup əlillik təyin olunan şəxslərdən əvvəllər 500-1000 manat aralığında “şirinlik” alınırdısa, Ərkinaz Məmmədova bu məbləği 1500-2000 manata qaldırdı.” Lakin bütün bunlara baxmayaraq nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də digər aidiyyalı qurumlar tərəfindən Ərkinaz Məmmədovanın əməllərinə son qoyulması istiqamətində hələ də heç bir tədbir görülmür. Qeyd edək ki, bir müddət əvvəl nazirliyin aparatına ünvanlanan vətəndaş şikayətləri əsasında bir neçə Tibbi-Sosial Ekspert Komissiyalarının sədrləri, o cümlədən 34 saylı Saatlı-İmişli Regional Tibbi-Sosial Ekspert Komissiyasın keçmiş sədri M.İbrahimov da vəzifəsindən kənarlaşdırılmışdı. Lakin bölgədən aldığımız məlumatlardan belə məlum olur ki, sədr vəzifəsinə Ərkinaz Məmmədovanın təyin olunması 34 saylı TSEK-in fəaliyyətində heç bir müsbət dəyişikliyə səbəb olmayıb...

Geri qayıt