Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Avtonəqliyyat Gömrük İdarəsində İsmayıl Hüseynov "standart"ı...
Avtonəqliyyat Gömrük İdarəsində İsmayıl Hüseynov "standart"ı...19-05-2015, 12:31 |
Əvvəllər ölkəmizə gətirilən avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə dövlət qeydiyyatının aparılması prosedurları müxtəlif ərazilərdə həyata keçirilir, bu da vətəndaşların müəyyən vaxt itkilərinə və əlavə vəsait xərcləmələrinə səbəb olurdu. Ölkə rəhbərliyi bu problemi aradan qaldırmaq məqsədilə Dövlət Gömrük Komitəsinin (DGK) Avtonəqliyyat Gömrük İdarəsi üçün bir neçə il əvvəl yeni inzibati bina tikib. Binada hər cür şərait yaradılıb. Qeyd edək ki, ölkəyə avtomobil idxalı "bir pəncərə" prinsipi əsasında eyni vaxtda həm gömrük rəsmiləşdirilməsi, həm də dövlət qeydiyyatının aparılması ilə həyata keçirilir. Amma mətbuatda yayılan məlumatlar, eləcə də aparılan araşdırmalar Avtonəqliyyat Gömrük İdarəsinin fəaliyyətinin bərbad vəziyyətdə olduğunu göstərir. Məlum olduğu kimi, son vaxtlar gömrük işçilərindən şikayət edənlərin sayı xeyli artıb. Avtonəqliyyat Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki İsmayıl Hüseynovla bağlı səsləndirilən şikayətlərin isə sayı-hesabı yoxdur. Özəl mənbələrdən aldığımız məlumatlara əsasən, rəis ölkəyə xaricdən avtomobil idxal edən şəxsləri heç bir səbəb olmadan incidir, qeyri-rəsmi rüsumların yığılmasına şərait yaradır və digər qanun pozuntularına imza atır: "Xaricdən avtomobil gətirən vətəndaşlar gömrükdə aldıqları maşının ikiqat dəyərində "rüsum" ödəyirlər. İşlənmiş maşın alanda sənəd işləri çox olduğundan çox pul alırlar, insanları haqsız yerə yorurlar. Onlar da məsələ tez bitsin deyə məcburiyyətdən birdəfəlik pulu verib qurtarırlar. Ancaq təzə maşın olanda "şirinliyin" miqdarı elə də çox olmur. Avtonəqliyyat Gömrük İdarəsində həqiqətən də, acınacaqlı durum yaşanır. Xaricdən gətirilən avtomobillərə görə tələb olunan "rüsum"ların həcmi bəzən o qədər böyük olur ki, maşın gətirən buna görə peşimanlıq hissi keçirir. İdarədə hara ayaq basırsansa, səndən nəysə tələb edirlər. Məsələn, bura girən kimi maşının sahibindən 20 manat alınır. Daha sonra isə sığorta və digər əməliyyatlar həyata keçirilir. Buna görə də vətəndaşlardan əlavə olaraq 100 manat ödəmələri tələb olunur. Həmin məbləği ödəməkdən imtina edənlərin işi əməlli-başlı düyünə düşür. Maşının markası və ili soruşulandan sonra qiymətləndirmə yox, başqa proseslər aparılır. Belə ki, vətəndaşa əvvəlcə yüksək bir qiymət deyilir. Bu məbləği ödəmək üçün kassaya yaxınlaşması xəbərdarlığı edilir. Sənədlərin də üzərinə sıra nömrəsi yazılır və ardından kassaya telefonla zəng edilərək məbləğ deyilir. Bu məbləğlə razılaşmadıqda vətəndaşla idarənin rəhbər işçiləri arasında başqa danışıqlar başlayır. Əgər qiymətdə razılıq əldə olunursa, o zaman sənədləşmə işi aparılır. Yox, idarə rəhbərliyinin dediyi "şərt"lər vətəndaşı qane etmirsə, onda süründürməçilik hallarına yol verilir. Avtomobil gətirən şəxslər bəzən həftələrlə get-gələ salınır. Bu zaman rəsmi dövlət rüsumu nəzərə alınmır". Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, bu vaxta qədər Avtonəqliyyat Gömrük İdarəsindən az sayda insan razı gedib. Əksəriyyət idarənin fəaliyyətindən və rəisin qanuna sığmayan əməllərindən şikayətçidir. Məsələn, yerli media orqanlarına müraciət edən Mirzə Nurullayev adlı vətəndaş bildirib ki, idarədə köhnə qaydalar dəyişməyib, əksinə, bir qədər də pisləşib: "Əvvəlkindən də betər olub. Köhnə gömrükdə 2 min dollar verirdiksə, burada 3-4 min istəyirlər. Milləti süründürürlər. Yüz hesablama aparır, yüz yerə göndərirlər. Axırda heç bilmirsən bu qədər rüsum haradan çıxdı. Maşını aldığın qiymətə, bir də mühərrikin gücünə görə qiymət qoyurlar". Gürcüstandan Azərbaycana tez-tez maşın gətirənlərdən biri isə deyir ki, Gürcüstanda rəsmi ödənişdən əlavə kimsədən əlavə ödəniş alınmır: "Burda kefləri necə istəyirsə, elə də hesablayırlar. Konkret demir ki, budur. Məndən 3600 istəyir, ondan 2500, o birindən 4000. Hansı ölkədə 4-5 minə aldığın maşın üçün gətirib 5000 də verirsən? Gedib deyirsən ki, niyə belə çox yazırsan pulu. Deyir, xoşuna gəlmir, çıx get. Burda da 3 gün, 72 saat vaxt qoyurlar. 3 gün keçdisə, günü 50 manat cərimədir. Yenə də o pulu alırlar səndən". Məlumat üçün bildirək ki, ölkəyə gətirilən avtomobillərə görə vergilər və gömrük rüsumları, ölkədə ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı Nazirlər Kabinetinin 12 aprel 2001-ci il tarixli 80 saylı qərarı ilə tənzimlənir. Həmin qərara əsasən, ölkəyə gətirilən avtomobillərə görə aksiz vergisi, əlavə dəyər vergisi və idxal rüsumu tutulur. Bu vergilərin və idxal rüsumunun tutulması, onun dərəcəsi bir çox hallardan asılıdır. Belə ki, birinci növbədə maşının istehsal olunduğu il, mühərrikin həcmi nəzərə alınır və maşının gətirildiyi ölkədən alındığı qiymət nəzərə alınmaqla bu rüsumlar və vergilər hesablanır. Aksiz vergisinin hesablanmasında maşının mühərrikinin həcmi əhəmiyyət kəsb edir. Əgər mühərrikin həcmi 2000 kubmetrə qədərdirsə, bu zaman hər kub santimetr üçün 15 qəpik, 2000 kubmetrdən 3000 kubmetrədəkdirsə, 300 manat və hər kubsantimetr üçün 1 manat, 3000 kubmetrdən 4000 kubmetrə qədərdirsə, 1300 manat və hər kub santimetr üçün 2 manat, 4000 kub santimetrdən yuxarıdırsa, bu zaman 3300 manat və hər kubsantimetr üçün 4 manat aksiz vergisi tutulur. Əlavə dəyər vergisi isə maşının alındığı qiymətin 18 faizi həcmində hesablanır. İdxal rüsumuna gəlincə, bunda maşının istehsal-buraxılış tarixi və mühərrikinin həcmi əhəmiyyət kəsb edir. Əgər maşının istehsal buraxılış tarixindən 1 il ötməyibsə, bu zaman hər kubsantimetr üçün 40 qəpik, istehsal-buraxılış tarixindən 1 ildən artıq vaxt keçibsə, hər kub santimetr üçün 70 qəpik hesablanmaqla idxal rüsumu müəyyən olunur. Avtonəqliyyat Gömrük İdarəsinin rəhbərliyi isə Nazirlər Kabinetinin qərarına məhəl qoymur və özlərinə məxsus "qaydalarla" işləyirlər. Ki, bu da ölkəyə avtomobil idxal edən şəxslərə ciddi problemlər yaradır. Onu da qeyd edək ki, ölkənin gömrük-buraxılış məntəqələrində 2009-cu ildən "bir pəncərə" prinsipinin tətbiqinə başlanıb. Avtomobillərlə bağlı gömrük rəsmiləşdirilməsi isə 2011-ci ildən start götürüb. Təəssüf ki, "bir pəncərə" sisteminin tətbiqi də bu sahədə şəffaflığı təmin edə bilməyib. Dövlət qeydiyyatının, uçotun aparılması, dövlət qeydiyyatı haqqında şəhadətnamənin və dövlət nişanının verilməsinin, eləcə də digər prosedurların aparılması zamanı hələ də ciddi nöqsanlara yol verilir. Deyilənə görə, il ərzində sözügedən idarədə qeyri-rəsmi ödənişlər hesabına milyonlarla vəsait yığılır. Lakin həmin vəsaitlərin hamısının dövlətin büdcəsinə keçirilməsi sual altındadır. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları bu qurumun fəaliyyətini dərindən araşdırsalar, inanırıq ki, bir sıra qaranlıq məsələlərə aydınlıq gətirilə bilər. Mötəbər mənbələrin məlumatına görə, artıq neçə ildir ki, Avtonəqliyyat Gömrük İdarəsinə rəhbərlik edən İ.Hüseynov bu müddət ərzində maliyyə kapitalını artırmağı bacarıb: "Onun var-dövlətinin, mülklərinin sayı-hesabı yoxdur. Rəisin Bakıda bir neçə avtomobil salonu var. Özü isə bahalı maşın həvəskarıdır. Gündə bir maşın sürür. İdarə rəhbərinə məxsus salonlarda Almaniya və Gürcüstandan gətirilmiş maşınların satışı təşkil olunur". Avtonəqliyyat Gömrük İdarəsində hökm sürən digər problemlər, "Avro 4" standartına cavab verməyən avtomobillərin ölkəyə necə buraxılması, DGK sədri Aydın Əliyevin idarə rəisinin özbaşına əməllərinə niyə göz yumması və İsmayıl Hüseynovun müavinlərinin imza atdıqları qanunsuzluqlar barədə gələn saylarımızda şok faktları açıqlayacağıq. Bizi izləyin. \\ "Gündəlik Bakı" \\ Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. (Ardı var) Geri qayıt |