Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Saatlıda şıdırğı əlillik dərəcəsi alveri...

Saatlıda şıdırğı əlillik dərəcəsi alveri...


20-05-2015, 14:09
Saatlıda şıdırğı əlillik dərəcəsi alveri...
Redaksiyamıza yeni daxil olmuş məlumatda Saatlı Rayon Məhkəməsində 34 saylı Saatlı-İmişli Regional TSEK-in sədri Ərkinaz Məmmədovanın iddia ərizəsi əsasında ilkin məhkəmə iclasının keçirildiyi bildirilir. Ötən saylarımızdan birində dərc etdiyimiz materialda biz göstərmişdik ki, redaksiyamıza daxil olan məlumatlarda Ərkinaz Məmmədovanın yol verdiyi müxtəlif özbaşınalıqlar və ciddi qanun pozuntularına, onun rəhbərlik etdiyi qurumun fəaliyyətində yol verilən çeşidli korrupsiya hallarına dair müxtəlif açıqlamalar təqdim edilməkdədir. O cümlədən bu yaxınlarda Saatlı rayonundan aldığımız daha dörd şikayət ərizəsində Ərkinaz Məmmədovanın qanunsuz əməllərindən bəhs olunurdu. Belə ki, rayonun Nərimankənd kənd sakini Fizuli Məmmədov, Qarabucaq kənd sakini Vüqar Pəncəliyev, Musalı kənd sakinləri Vidadi Səfərov və Nəbi Mirzəyev mətbuat vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova etdikləri müraciətlərində Ərkinaz Məmmədovanın onlara qarşı irəli sürdüyü pul tələblərindən xəbər vermişdilər. Ərizələrdən məlum olur ki, bu vətəndaşların hər biri artıq uzun müddətdir ki, müxtəlif səbəblərdən əmək qabiliyyətlərini itiriblər. Eyni zamanda da onların hər birinə müxtəlif dövlət tibb müəssisələri tərəfindən müvafiq sənədlər verilmişdir. Lakin bu vətəndaşlar həmin sənədlərlə 34 saylı Saatlı-İmişli Regional Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etdikləri zaman, onlardan hər biri Ərkinaz Məmmədovadan eyni cavabı alıblar. Belə ki, bu məsələnin müəyyən xərc tələb etdiyini bildirən TSEK sədri, vətəndaşları Paşa adlı bir şəxsin yanına göndərmişdir. Bu zaman Ərkinaz xanım bildirmişdir ki, xərc ödəndikdən sonra Paşa ona xəbər verəcək və yalnız bundan sonra vətəndaşların təqaüd məsələsi də öz həllini tapacaq. Yeni aldığımız məlumata görə Ərkinaz Məmmədova ondan şikayətçi düşmüş vətəndaşlara qarşı rayon məhkəməsində iddia qaldırmışdır. Lakin dünən baş tutmuş hazırlıq iclasından sonra TSEK sədri şikayətçilərə qarşı əvvəldən sərgilədiyi sərt mövqeyini bir qədər “yumşaltmışdır”. Belə ki, mənbənin iddiasına görə Ərkinaz xanım cavabdeh qismində məhkəməyə cəlb etdiyi vətəndaşlara “barışıq” təklif edib. Bu barışığın şərtlərinə görə vətəndaşlar öz şikayətlərindən imtina etməlidirlər. Bunun müqabilində isə Ərkinaz Məmmədova həmin vətəndaşların pensiya məsələlərini təmannasız həll etməyi boyun olub.Qeyd edək ki, mətbuat səhifələrində 34 saylı TSEK-in sədri Ərkinaz Məmmədovanın qanunsuz əməllərindən bəhs edən tənqidi materiallar mütəmadi olaraq dərc olunur. Bildirilir ki, 34 saylı TSEK-də əlillik pensiyası almaq üçün tələb olunan hər bir sənədin öz qiyməti var. Mənbələrin iddiasına görə, bu məqsədlə kimisi kredit götürür, kimisi də mal-qarasını və ya ev əşyalarını satıb əlillik dərəcəsi alır. Bildirilir ki, bu gün xəstəlik və əlillik səbəbindən təqaüdə çıxa bilmək üçün 34 saylı TSEK-də qadınlar üçün 2500-3000, kişilər üçün isə 4000 manat qiymət təyin olunub. Həm də bu yeni qiymətlərin məhz Ərkinaz xanım tərəfindən müəyyənləşdirildiyi İmişli və Saatlı sakinləri tərəfindən təqdim olunan açıqlamalarda xüsusi olaraq vurğulanır.Təəssüflər olsun ki, bu gün bölgələrdə fəaliyyət göstərən bəzi Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz fəaliyyəti yerli sakinləri və təbii ki, ilk növbədə bu qurumların xidmətlərinə ehtiyacları olan əlil və xəstə vətəndaşları hələ də son dərəcə narahat etməkdədir. Buna görə də vətəndaşların kütləvi informasiya vasitələrinə ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlar və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair açıqlamalara tez-tez rast olunur...
\\ bizimdovr.az \\
Geri qayıt