Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Azərbaycanda nədən kredit borcları bu həddə qədər şişir?

Azərbaycanda nədən kredit borcları bu həddə qədər şişir?


26-05-2015, 12:06
Azərbaycanda nədən kredit borcları bu həddə qədər şişir?
25 mayda qafqaznews.az saytında “Ölkədə bağlanılan bütün kredit müqavilələri qanunsuzdur – borclular üçün banklara qarşı növbəti ciddi arqument” başlıqlı məqalə dərc olunub.
Məqalənin müəllifi Əkrəm Həsənov qeyd edir ki, məlum olduğu kimi, banklar kredit müqavilələrində faizlərin ayda bir dəfə ödənilməsini təsbit edir. Halbuki, Mülki Məcəllənin (MM) 741-ci maddəsinə əsasən faizlər ildə bir dəfə ödənilməlidir. Bu müddəa Almaniya Mülki Qanunnaməsinin 488-ci maddəsi əsasında tərtib edilib.
Fərq yalnız ondan ibarətdir ki, almanlarda bu norma dispozitivdir, bizdə isə imperativ. Yəni onlarda müqavilə ilə başqa qaydanın müəyyən edilməsi imkanı verilir, bizdə isə verilmir. Buna baxmayaraq, banklarımız müqavilədə başqa qayda (faizlərin aylıq ödənilməsi) müəyyən edir və bununla da qanunu pozurlar.
Bu isə o deməkdir ki, borclular ən pis halda aylıq əsasda ödədikləri faizlərin əsas borcun ödənilməsi hesab edilməsini tələb edə bilər. Bu isə əsas borcun, yəni kredit yükünün azalmasına gətirəcək.
Ən yaxşı halda isə ümumiyyətlə kredit müqaviləsinin etibarsızlığı tələbini irəli sürmək olar. Belə ki, MM-in 337.1-ci maddəsinə əsasən MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Deməli, o cümlədən MM-in 741-ci maddəsində müəyyənləşdirilmiş imperativ hüquq normasını pozmaqla bağlanmış kredit müqaviləsi də etibarsızdır. (aztoday.az)

Biz dəqiqləşdirmək qərarına gəldik ki, həqiqətənmi, Mülki Məcəllənin (MM) 741-ci maddəsinə əsasən faizlər ildə bir dəfə ilin axırında ödənilməlidir..?
Bunun üçün Ədliyyə Nazirliyinin saytında yerləşdirilmiş Mülki Məcəllə ilə tanış olduq. ( e-qanun.az/code/8).
MM-nin 741-ci maddəsinə görə, “əgər müqavilə iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirilərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməlidir”.
İqtisadçı Sabit Bağırov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki: “ Bu qanunu pozan və aylıq faiz tələb edən banklar vətəndaşları aldadırlar”.
Biz Unibank ASC-nin öz müştərilərinə illik 28 faizlə kredit verdiyini öyrənə bildik.
Unibank ASC-nin əməkdaşı müxbirmizə bildirib ki: “ Bağladığımız müqavilələrə əsasən bizim müştərilər hər ay banka faiz ödəməldirlər”.
“Bank of Baku”nun əməkdaşı isə Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirdi ki, kredit üzrə faizlər hər ay ödənilir.
Məlumdur ki, bankların fəaliyyətinə Mərkəzi Bank nəzarət edir. Bankların MM-nin 741-ci maddəsini pozması Mərkəzi Banka məlumdurmu..?
Mərkəzi Bankın lisenziya şöbəsinin əməkdaşı ( adını və soyadını demədi ) Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirdi ki, kreditin qaytarılması bağlanmış müqaviləyə uyğun olaraq aparılır.
Müxbirimizin “ Bəs Azərbaycan MM-nin 741-ci maddəsinin tələbləri necə olur?” sualına Mərkəzi Bankın əməkdaşı “Bu barədə kommunikasiya şöbəsinə müraciət edin” cavabını verdi.
Çox təəssüf ki, kommunikasiya şöbəsi ilə əlaqə saxlamaq cəhdimiz alınmadı.

Geri qayıt