Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Hacı İbrahim Nehrəmli hədəf olmaqdan yayına bildimi?

Hacı İbrahim Nehrəmli hədəf olmaqdan yayına bildimi?


8-06-2015, 14:29
Hacı İbrahim Nehrəmli hədəf olmaqdan yayına bildimi?
"Avesta Konserni" MMC və onun rəhbəri Hacı İbrahim Nehrəmli süquta uğradı. İş adamının tamamilə çökdüyünü, biznesinin qürub çağını yaşadığını və həbsdən sonra susduğunu görmək olar.

TİA.AZ-a özəl qaynaqdan verilən məlumatda bildirilir ki, "Avesta Konserni" ən ağır günlərini yaşayır, işçilərin əmək haqlarını ala bilməməsi isə Hacı İbrahimin səltənətinin yıxıldığına işarədir.
O da deyilir ki, şirkətin mühasibatlığı yoxlanır, əmək müqavilələri və maaşların rəsmi və qeyri-rəsmi yazılması təftiş olunur. Həm maliyyə departamentində, həm baş ofisdə, həm də "Xəzər adaları"nda müxtəlif vəzifələrdə çalışan əməkdaşlar var ki, bu günə qədər də fevral, mart, aprel və may aylarının əmək haqlarını almayıblar. 13 may tarixində şirkət rəhbəri İbrahimov İbrahim Hüseyn oğlu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılmışdı və may ayı ərzində digər əməkdaşlar da işdən çıxmaqla bağlı ərizə yazıblar.
Mənbə bildirir ki, bu günə qədər də onların əmək haqqı ödənilməyib. Şirkət rəhbərliyi həbsdə olmasını əsas gətirir.
Mənbə bildirir ki, Hacı İbrahim çox ağır şərtləri olan kredit müqavilələrinə imza atmalı olub. Məlumatı verən mənbənin iddiasına görə, o, reallaşdırılmasını boynuna götürdüyü böyük proyektə kreditlər almaq üçün Beynəlxalq Bankla müqavilə bağlayıb. Sonradan isə müqavilə şərtləri bank rəhbərliyi tərəfindən qeyri-rəsmi olaraq dəyişdirilib. Hacı İbrahim Nehrəmliyə bildirilib ki, şərtləri qəbul etməyəcəyi təqdirdə ona maliyyə ayrılması dayandırılacaq. Qeyd edək ki, hazırda Hacı İbrahim Nehrəmli Beynəlxalq Bankdan götürdüyü krediti qaytarmaqla bağlı öhdəlik götürüb. Bir neçə gün əvvəl “Avesta”dan verilən məlumata görə, həmin kreditlərin qaytarılması üçün nəzərdə tutulan müddət 2019-cu ildə başa çatır.

Geri qayıt