Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bu ticarət mərkəzində sahibkarların haqqı yeyilir...
Bu ticarət mərkəzində sahibkarların haqqı yeyilir...10-06-2015, 14:20 |
Paytaxtın ən iri ticarət mərkəzlərindən sayılan "Laçın"da böhran şəraiti davam edir. Xatırladaq ki, bir neçə ay əvvəl ticarət mərkəzinin qapılarına qıfıl vurulmuş və bazar fəaliyyətini bir həftəyə yaxın dayandırmışdı. Səbəb olaraq isə işıq puluna görə yaranmış borc göstərilirdi. Başqa bir iddiaya əsasən, ticarət mərkəzinin 3 milyon manata qədər vergi borcu olub, bu səbəbdən bağlanıb. Yayılan məlumatlara əsasən mərkəzin sahibi, tanınmış iş adamı Maqsud adlı şəxsin vergi borcunun bir hissəsini ödəməsindən sonra "Laçın"ın fəaliyyəti bərpa edilib. Ticarət mərkəzində işləyən şəxslərdən aldığımız məlumatlara görə, məlum məsələdən sonra "Laçın"da alver xeyli zəifləyib: "Bazarın bir həftəyə yaxın bağlı qalması işimizə əməlli-başlı təsir göstərib. Əvvəl gündəlik 500 manatlıq alver olurdusa, hazırda 200 manat qazana bilmirik. Buna görə də aylıq icarə haqqını toplayıb verməkdə çətinlik çəkirik. Üstəlik, banklardan götürdüyümüz kreditlərin faizi bizi çökdürüb. Alverin zəif olması səbəbindən bəzi dükanların sahibləri təhvil verib çıxıblar. Birinci mərtəbədəki paltar dükanlarının bir neçəsi boşaldılıb. İstədiyiniz vaxt gəlib baxa bilərsiniz. Həmin dükanlarda aylıq icarə haqqı çox baha idi. Alver zəiflədi, dükan sahibləri müflis oldu. Belə bir vaxtda ticarət mərkəzinin rəhbərliyi icarə haqlarını artırmaq barədə fikirləşir. Hələ ki, bunu açıq şəkildə sahibkarlara deyə bilmirlər. Belə ki, ticarət mərkəzi bağlananda bütün dükanların sahiblərindən vergi borcunu ödəmək üçün pul yığdılar. İndi üzləri gəlmir bizə desinlər ki, yer pulunu artırırıq. Belə görürük ki, gələn aydan icarə haqları qaldırılacaq. Bu da bizə heç cür sərf etmir. Borcun içində üzürük, yer pulları qalxsa, lap pis olacaq". Məlumatda o da bildirilir ki, "Laçın" ticarət mərkəzini tərk edən sahibkarların bir çoxu "Binə" bazarına üz tutub: "Binə"də yer pulları bura ilə müqayisədə nisbətən ucuzdur. Buna görə də "Laçın"da dükanlarını təhvil verən şəxslər orda yer götürüb işləyirlər. Dediklərinə görə, həm gündəlik qazancları çıxır, həm də yer pullarını rahat ödəyə bilirlər. Düzdür, orda da sahibkarları incidirlər, amma insanlar bir tikə çörəyin dərdindən bütün haqsızlıqlara baş əyməli olurlar. Şəxsən mən üçüncü aydır ki, icarə haqqını bankdan kredit götürüb verirəm. Alver yox dərəcəsindədir. Bəzən günlərlə siftə etmirəm. Camaatda da pul yoxdur. Məsələn, müştəri gəlib soruşur ki, filan ayaqqabı neçəyədir, deyirsən 50 manat. Məbləği eşidən kimi dükanı tərk edirlər. İnsanlar ucuz mal axtarır. Yer pulu baha olduğundan biz məcburuq ki, mayası 45 manata başa gələn malı heç olmasa üstünə 4-5 manat qoyub sataq. Bizim də qazancımız burdan çıxır. Alıcılıq qabiliyyəti olduqca aşağıdır. Vaxt var idi "Laçın"da müştəri əlindən tərpənmək mümkün olmurdu. Şəhərin mərkəzi hissələrində yaşayan insanlar belə burdan alış-veriş edirdilər. Bu gün həmin dövrdən əsər-əlamət qalmayıb. Bazarın yiyəsi Maqsud müəllim üçün sahibkarların alver edib-edə bilməməsi o qədər də maraqlı deyil. O Bakıda az-az görünür. Vaxtının çox hissəsini Türkiyədəki mülkündə keçirir. Mənim bildiyimə görə, iş adamının İstanbulda geyim dükanları və restoranları fəaliyyət göstərir". Araşdırmalar nəticəsində öyrəndik ki, əslən Laçın rayonundan olan iş adamı ticarət mərkəzinin fəaliyyəti ilə bağlı yaranmış sonuncu problemdə yüksək rütbəli şəxslərdən birinin adını hallandırıb. Etibarlı mənbənin bildirdiyinə əsasən, bu addımına görə onu bərk danlayaraq ciddi xəbərdarlıq ediblər: "Əslində, bazar sahibinin adını çəkdiyi həmin nüfuzlu şəxslə yaxınlıq əlaqəsi yoxdur. Sadəcə onun adından istifadə edərək yaranan bəzi problemləri yoluna qoyacağını düşünür. İş adamının sonuncu cəhdi uğursuz alınıb. Onun həmçinin azərbaycanlı milyarder, "AST Telman" kimi tanınan biznesmen Telman İsmayılovla əlaqələrinin olduğu haqda da məlumatlar var. Hətta "Laçın"ın sahibi ad günündə milyarderə bahalı hədiyyə bağışlayıb". \\ Gündəlik Bakı qəzeti \\ Geri qayıt |