Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sumqayıt Texnologiyalar Parkında "ailə podratı"

Sumqayıt Texnologiyalar Parkında "ailə podratı"


11-06-2015, 13:25
Sumqayıt Texnologiyalar Parkında "ailə podratı"
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri, Sumqayıt Texnologiyalar Parkının və "Azenco" şirkətinin qeyri-rəsmi sahibi kimi göstərilən Etibar Pirverdiyevin adı ölkə mediasının gündəmindən düşmək bilmir. Son vaxtlar onun vəzifədən çıxarılacağı və barəsində cinayət işinin açılacağı haqda xəbərlər intensivləşib. Vurğulayaq ki, səlahiyyətlərinin böyük hissəsini itirəndən sonra ASC rəhbəri daha çox mətbuatın diqqət mərkəzinə düşməyə başlayıb.

Xatırlayırsınızsa, bir müddət əvvəl Sumqayıt Texnologiyalar Parkında (STP) çalışan işçilərdən biri redaksiyamıza müəssisədə baş verən neqativ hallarla bağlı maraqlı məlumatlar açıqlamışdı. Həmin şəxs bildirmişdi ki, əksər hallarda əmrlə ümumi zavodu işə cəlb edirlər, amma əlavə iş saatına görə heç bir ödəniş olunmur: "Hər insanın xeyir, şər işi düşə bilər. Belə məsələlər üçün icazə alanda aylıq maaşımızdan tuturlar. Əlavə təqdimat yazıb işə çağıranda yalnız oklad (maaş) hissəsindən pul ödəyirlər. Oklad isə 500-600 manat civarındadır. Maaş sistemi düzgün qurulmayıb. Bir işçinin əməkhaqqı okladı 200-300 manat olduğu halda, ona 700-800, hətta 1000 manat "paket" verirlər. Digər işçilərə isə 200 manat "paket" təqdim edirlər. Bir şöbədə eyni işi görən adamlar fərqli-fərqli əməkhaqqı alır. Bunu necə başa düşmək olar? Bu, açıq-aşkar ayrı-seçkilikdir. Axı hər ikisi eyni işi görür, nəyə görə onların arasında fərq qoyulmalıdır? Müəssisə rəhbərliyi işçilərin əməyinə düzgün qiymət vermir, ədalət prinsipləri pozulur. İcraçı direktor Sahib Musayev STP-nin fəaliyyətini bərbad hala salıb. Sumqayıt Texnologiyalar Parkında yaxşı vəzifələrdə işləyən şəxslərin əksəriyyəti Etibar müəllimin, eləcə də icraçı direktorun yaxın adamlarıdır. Onlar maaşlarını artıqlaması ilə alır. Adamı, arxası olmayan fəhlələr isə maaşı gecikmə ilə, yaxud əskik alır. Mövcud qanunlara əməl olunmur. Kim texnopark rəhbərliyinə birbaşa və dolayısı yolla yaxındırsa, onun maaşını qaldırırlar. Burda rəhbər işlərdə çalışan şəxslərin bir çoxunun savadı və iş təcrübəsi yoxdur. Sadəcə, adamı olduğu üçün rəis təyin olunub. Belə ədalətsizliyə son qoymaq lazımdır". Bu günlərdə texnoparkın daha bir işçisi mətbuata üz tutub. O bildirib ki, xoşagəlməz idarəetmə və kadr siyasəti, qeyri-normal əməkhaqqı, eyni zamanda qanunların saya salınmaması fəhlələrin səbr kasasını daşırmaq üzrədir: "Əməkhaqqı "paket" sistemi ilə verilir. Kimə nə qədər istəyirlər "paket" verirlər. Bəzən təzə işə qəbul olan, heç bir is təcrübəsi olmayan isçilər uzunmüddətli əmək stajı və təcrübəsi olan isçilərdən iki dəfə cox əməkhaqqı alır. Bəzi vəzifəli şəxslərə (söbə müdirləri, direktorlara) isə "paket" yox, "diplomat" verilir".

İşçiyə verilən "paket"dən dövlətə vergi, pensiya fonduna köçürmələr adı ilə pul tutulur. Təbii ki, bu vəsaitlərin də izi itirilir. Məzuniyyət, bülleten, əlavə iş saatları oklad maaşına görə ödənilir, "paket"ə daxil edilmir. Amma işə gəlməyəndə ümumi maaşımızdan pul tuturlar, "paket"i də azaldırlar, özlərinə götürürlər. İşlədiyimiz ayın maaşını 3-cü ayda alırıq. Yəni 2 ayın pulu həmişə onlarda qalır, pullarımızı banklarda fırladırlar". Mətbuatda yayılan məlumatlara görə, ASC sədrinə yaxın olan şəxslər STP-də əsas söz sahiblərinə çevriliblər və qanunsuz işlərə imza atmaqdan çəkinmirlər: "Texnoparkın yerləşdiyi ərazidə özbaşınalıq pik həddə çatıb. Adi bir misal gətirmək istəyirəm. Parkı əhatə edən sahə bütünlüklə betonlanıb, amma ayrılan vəsaitlərin bir hissəsi küləyə sovrulduğu üçün iş keyfiyyətsiz görülüb. Bu səbəbdən hazırda beton örtük çat verib. İndi isə çat vermiş hissələri təmir etmək adı altında əlavə sərfiyyata yol verirlər. Etibar Pirverdiyevə yaxın olan şəxslərə xidməti maşın təsis edilib. Bu məqsədlə ayda külli miqdarda dövlət vasaiti yanacağa silinir. Bəzi maşınlar STP-nin balansında olsa da, burdan yanacaqla təmin edilsə də, məmurun villalarında və obyektlərində islədilir. Bunların hamısı faktdır, sadəcə araşdıran yoxdur". Redaksiyamıza daxil olan digər məlumatda isə qeyd olunur ki, cəmiyyət sədrinin ailə üzvlərindən bir neçəsi texnoparkda mühüm vəzifə tutsalar da, işə getmirlər: "Məsələn, onun qızı Dünya xanım STP-də söbə müdiridir. Ona ayda filan qədər maaş yazılır, ancaq buna baxmayaraq, işə gəlmir. Biznesin inkisafı idarəsinin rəisi Cəmil Qasımov Etibar Pirverdiyevin qızının tələbə yoldaşı olub. İxtisasca hüquqşünasdır. Ona vəzifə verməkdən ötrü xüsusi idarə yaradıblar. O hazırda Biznesin İnkişafi İdarəsinə rəhbərlik edir. Bundan başqa, Ağır Maşınqayırma Zavodunun gənc direktoru Rzabəy Məmmədov da ASC sədrinin yaxın adamı hesab olunur. Bu şəxslər Sumqayıt Texnologiyalar Parkında özlərini çox yüksəkdən aparır, sıravi işçilərə yuxarıdan aşağı baxırlar. Belə insanların məsuliyyətli vəzifələrə qoyulması texnoparkın fəaliyyətində problemlərin əmələ gəlməsinə səbəb olub. Texnoparkın icraçı direktoru Sahib müəllim ASC sədrinin özbaşına işlərə imza atan adamlarına heç bir irad tuta bilmir. Belə olan təqdirdə çanaq yenə də işçilərin başında çatlayır. Bu insanların qanundan kənar əməllərindən əziyyət çəkən işçilərdir". Məlumatlı mənbələrin bildirdiyinə əsasən STP-yə xaricdən alınan avadanlıqların qiyməti şişirdilərək baha sənədləşdirilir. Bunun nəticəsində büdcə vəsaitlərinin mühüm hissəsi bir qrup şəxsin cibinə səmtləndirilir: "Texnoparkın lazımlı maliyyə sənədlərinin çoxu məhv edilib. Törəmə şirkətlər vasitəsilə büdcə vəsaitləri yoxa çıxarılır. Aidiyyəti dövlət qurumları burda araşdırma aparsalar, o qədər qanunsuzluq üzə çıxar ki. Sadəcə, Etibar Pirverdiyev buna imkan vermir. Hesablama Palatası və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsmiləri STP-də dəfələrlə yoxlama aparıb qanun pozuntularını aşkara çıxarıblar. Lakin STP rəhbərliyi sonradan onları ələ almağı bacarıb. Beləliklə, adı çəkilən qurumların nümayəndələri üzə çıxardıqları nöqsanları ört-basdır ediblər". Növbəti saylarımızda ASC sədrinin texnoparkda çalışan digər qohumları, 2 milyonluq villanın aqibəti və texnoparkın icraçı direktoru Sahib Musayevin sərvəti haqda maraqlı faktları diqqətinizə çatdıracağıq.
\\ gundelik-baku.com \\
Geri qayıt