Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Daha bir deputatın adı Fətullah Gülən cameəsi ilə əlaqədə

Daha bir deputatın adı Fətullah Gülən cameəsi ilə əlaqədə


17-06-2015, 15:14
Daha bir deputatın adı Fətullah Gülən cameəsi ilə əlaqədə
Milli Məclisin susqun deputatlarından biri də söz yox ki, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən seçilmiş Mahir Aslanovdur. Millət vəkilinin barəsində indiyə qədər müxtəlif xoşagəlməz fikirlər səsləndirilib, hətta o biznes fəaliyyəti ilə məşğul olmaqda ittiham edilib. Bundan başqa, bir müddət əvvəl deputat oğluna görə gündəmə gəlib. Belə ki, qadağan olunan səs siqnallarından istifadə edən, bununla da asayişi pozan 10 GV 888 dövlət nömrə nişanlı "Maseratti" markalı bahalı avtomobilin sürücüsü saxlanılıb.

Məlum olub ki, sürücü Famil Mahir oğlu Aslanovdur. Qaydanı pozan deputatın oğlu qanuna müvafiq şəkildə cəzalandırılıb. Millət vəkili isə oğlu haqda deyilənləri təkzib etməyə çalışıb: "O, orqan işçisidir. Onun qayda pozması və maşınının cərimə meydançasına aparılması inandırıcı deyil. Ancaq hər birimiz qanun qarşısında cavabdehik və bu baxımdan əgər yol hərəkət qaydalarını pozuruqsa, avtomobilimiz cərimə meydançasına aparıla bilər". Nəzərinizə çatdıraq ki, deputatın adı daha çox biznes fəaliyyətində hallandırılır. Ortaya atılan iddialara görə, Milli Məclis üzvünün Bakı ilə yanaşı, Goranboy və Naftalan rayonlarında çoxsaylı ticarət obyektləri və mülkləri var. Məlumatlı şəxsin bildirdiyinə əsasən deputatın əmisi oğlu Natiq Aslanov Naftalan şəhərinin icra başçısıdır və millət vəkili bundan istifadə edərək biznesinin əsasını məhz həmin rayonda qurub: "Rayon tamamilə bu şəxslərin nəzarəti altındadır. Ən bərk gedən istirahət mərkəzləri, kurort sahələri və ticarət obyektləri onlara məxsusdur. İcra başçısı ilə deputat bir-birinə arxa-dayaq duraraq maliyyə sərvətlərini artırmaq istiqamətində ciddi işlər görürlər. Məsələn, son vaxtlar başçı Naftalanın mərkəzi küçələrində bir çox obyektləri alaraq özünə şəxsi marketlər tikdirib. Naftalan Vannası sağlamlıq mərkəzinə gedən yolun üstündə icra başçısı, millət vəkili və Aslanovlara yaxın qohum olan başqa bir neçə nəfər böyük obyektlər ucaldıb. Başçı rayonun dövlət torpaqlarının bir hissəsini qeyri-qanuni olaraq öz nəzarətinə keçirib. Burda həm özünə, həm də əmisi oğluna şəxsi təsərrüfatlar yaradıb. Təsərrüfatların içərisində heyvandarlıqdan tutmuş balıqçılığa qədər bir çox sahə var. Naftalan və Goranboydakı ticarət mərkəzləri deputata hər il külli miqdarda qazanc gətirir. Həmin obyektlərin bir çoxunun vergidən yayındığına dair iddialar var. Deputat əlindəki imkanlardan yararlanmaqla nəzarətindəki obyektlərin vergi problemlərini asanlıqla yoluna qoymağı bacarır". Bizə çatan məlumatda bildirilir ki, başı əsasən biznes fəaliyyətinə qarışan millət vəkili seçicilərini demək olar ki, unudub: "O deputat seçilənə qədər Goranboy və Naftalan camaatına müxtəlif vədlər verir, onları narahat edən məsələləri ölkənin ali qanunverici orqanında qabardacağını bildirirdi. Amma bu adam mandat qazanandan sonra seçicilərinə verdiyi sözlərin heç birinə əməl etmədi. Mahir Aslanov seçicilərinin ona ünvanladığı müraciətləri araşdırmır və həmin problemlərin həllində vətəndaşlara köməklik göstərmir.

Daha bir deputatın adı Fətullah Gülən cameəsi ilə əlaqədə

Millət vəkili Goranboyda az-az görünür. Buna görə də seçiciləri onun fəaliyyətindən narazılıq edirlər. Artıq deputat özü də yaxşı başa düşür ki, bu dəfə namizədliyini irəli sürsə, vətəndaşlar ona səs verməyəcək, etimad göstərməyəcək. Çünki goranboylular bu vaxta kimi gördüklərini gördülər". Bu arada, onu da vurğulamaq istəyirik ki, bir müddət əvvəl deputatın adı "nurçu" qalmaqalında hallandırılıb. "Goranboy rayonunun Təhsil Şöbəsinin müdir vəzifəsini əvəz edən şəxs Fətullah Gülən hərəkatının üzvüdür". Bu barədə "Axar.az"a (http://axar.az/news/14938) bəzi mənbələrdən məlumat daxil olub. Mənbə Təhsil Şöbə müdiri vəzifəsini icra edən Anar Mayılovun hələ bundan öncə rayonda lisenziyasız fəaliyyət göstərən Araz kurslarının rəhbəri işlədiyini bildirib. Onun rəhbər olmaqla bərabər, Araz kurslarını da bu rayona gətirilən şəxslərdən biri olduğu söylənilir: "Qafqaz Universitetini bitirən Anar Mayılovun hərbi qulluq keçmədiyi də vurğulanır. Bilirsiniz ki, "nurçu" təriqətinə xidmət edənlər əsgərliyə getmirlər. A.Mayılov həm də Mahir Aslanovun qohumudur". Millət vəkilinin qudası, "Hafka" ləqəbli iş adamı Hafiz Məmmədovla şərikli biznes layihələri və "nurçular"la işbirliyi haqda da kifayət qədər maraqlı məlumatlar var. Həmin bilgilərin bir hissəsi ciddi araşdırma tələb etdiyi üçün bu barədə növbəti saylarımızda ətraflı danışacağıq.

Mövzu ilə bağlı millət vəkilinin də mövqeyini dərc edə bilərik.

«Gündəlik Bakı»

Geri qayıt