Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Arif Qaraşovun obyektindən narazılıq var...

Arif Qaraşovun obyektindən narazılıq var...


22-06-2015, 12:48
Arif Qaraşovun obyektindən narazılıq var...
Son zamanlar bəzi özəl klinikalardan şikayətlərin və etirazların artması bu sahədə özbaşınalıqların və qanunsuzluqların artması kimi dəyərləndirilə bilər. Onu da diqqətinizə çatdıraq ki, deyilənə görə, hazırda mövcud olan özəl klinikaların əksəriyyəti məmurlara aiddir. Məsələn deyilənə görə, paytaxtın məşhur klinikalarından biri olan "Medical Plaza" Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəhbəri Arif Qaraşovun nəzarəti altındadır.
Qeyd edək ki, bir müddət əvvəl Vergilər Nazirliyinin əməkdaşları tibb müəssisəsində külli miqdarda vergidən yayınma halı aşkarlayıb və araşdırmalara başlamışdılar. Həmin müddətdə klinikanın qapılarına kilid vurulmuşdu.

Lakin Arif Qaraşovun əlaqələrini işə salmasından sonra "Medical Plaza"nın fəaliyyəti bərpa edildi. Ümumiyyətlə, keçmiş məmurun nəzarətindəki iri şirkətlərin əksəriyyətində vergi ilə bağlı problemlər mövcuddur. Sabiq xidmət rəisinin Neftçilər prospektində, "Torqovıy"da və şəhərin digər yerlərində bir neçə böyük dükanının olduğu da yayılan məlumatlar arasındadır. Bundan başqa, Yasamal rayonunun ərazisində yerləşən "Ekspress Kafe", "Baza Pitseriya" kimi məşhur obyektlər də Qaraşovun biznes strukturunun tərkibinə daxildir. Bu günsə söhbət, konkret olaraq "Medical Plaza"dan gedir. Belə ki, yolu bu səhiyyə müəssisəsindən düşən hər kəs, burada qiymətlərin əl yandırdığından gileylənirlər. Sözügedən klinikaya vaxtaşırı xarici ölkələrdən həkimlər dəvət olunsa da, hər kəs həmin həkimlərin qəbuluna yazıla bilmir. Səbəb isə təbii ki, həkimin qəbuluna yazılmaq üçün qiymətlərin baha olmasıdır. Tutaq ki, həkim qəbuluna yazılmaq üçün vəsait əldə etdik və qəbula yazıldıq. Bundan sonrakı mərhələ daha acınacaqlıdır. Belə ki, klinikada aparatlardan keçmək analiz vermək üçün bir mənzilin pulu gərəkdir.

Arif Qaraşovun obyektindən narazılıq var...

Qiymətlərin baha olmasına baxmayaraq, burada vergi qaydalarına etinasızlıq halları olduqca yüksəkdir ki, hazırda da eyni axarla davam etdirilir. Həkimlərin maaşı, işçilərin sayı sənəd üzərində az göstərilir. Həmçinin xaricdən gətirilən həkimlərə də verilən məvacibin miqdarı az göstərilir. Bundan başqa, klinikada xəstələrə qoyulan diaqnozların da əksəriyyətinin yanlış qoyulduğu söyləntilər sırasındadır. Deyilənə görə, dəfələrlə olub ki, od qiymətinə "Medical Plaza"da analizlər verilib, müayinələrdən keçilib, lakin başqa klinikada da həmin analizlər verilən zaman məlum olub ki, qoyulan nəticə səhvdir. Bu isə klinikanın necə səmərəsiz fəaliyyət göstərməsinin nəticəsidir desək, yəqin ki, yanılmış olmarıq. Bu kimi özəl klinikaların əksəriyyəti sadəcə olaraq, varidat yığmaq, qazanc mənbəyi kimi görülür. Və təəssüflər olsun ki, ölkəmizdə bəzi məmurların var-dövlət yığmaq hərisliyi çox ciddi problemlərin yaranması ilə nəticələnir. Hazırda dövlət idarə və müəssisələrində vəzifə tutan məmurların əksəriyyətinin milyonluq mülkləri, biznes obyektləri və xarici banklarda hesabları var. Onlar vəzifədən çıxarıldıqdan sonra isə biznes fəaliyyətlərini daha aktiv şəkildə davam etdirirlər. Bu kimi hallar qanunsuzluq olsa da, çox təəssüflər olsun ki, gec aşkarlanır.

Geri qayıt